Azərbaycan Rusiyadakı təlimlərdən niyə imtina etdi?

Azərbaycan Rusiyadakı təlimlərdən niyə imtina etdi?
  07 Sentyabr 2020    Oxunub:10416
Bu ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək. Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Azvision.az -a şərhində bildirib ki, əgər həmin təlimlərdə işğalçı Ermənistan iştirak edəcəksə, Azərbaycanın “Qafqaz-2020”yə qatılması düzgün sayılmır.

Onun sözlərinə görə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində və yaxud digər tərkibdə Ermənistanın iştirakı ilə keçirilən təlimlərdə heç vaxt iştirak etməyib.



"Biz Rusiyada keçirilən beynəlxalq yarışlarda iştirak edirik. Bunun məqsədi həmin yarışlarda Azərbaycan Ordusunun inkişafını, potensialını göstərməkdir. Bizim peşəkar heyətimiz yarışlarda nəyə qadir olduğunu göstərir. Birgə təlimlər isə belədir ki, burada birgə məqsədlər, hədəflər olur. Təbii ki, bizim Ermənistanla birgə hədəflərimiz ola bilməz. İşğalçı, düşmən dövlətlə bizim hədəflərimiz ayrı-ayrıdır. Azərbaycan bu təlimlərə dəvətdən imtina edib və bu, onun haqqıdır. Düşünürəm ki, belə də olmalıdır. Azərbaycan bir daha göstərdi ki, müstəqildir. Azərbaycan Silahlı Qüvvələrinin inkişafı özünəməxsus yolla davam edir. Biz MDB çərçivəsində hansısa tədibirlərə, müşavirlərə qatılırıq. İşğalçı dövlətin olduğu təlimlərə isə Azərbaycan qatılmayacaq. Bu da Azərbaycanın mövqeyidir. Bilirik ki, Rusiya Dağlıq Qarabağ məsələsində hansı mövqeyi tutur. Həmçinin, Rusiya Minsk Qrupunun üzvüdür. Bunlara baxmayaraq, Rusiya özünün təsir imkanlarından istifadə etmir və beynəlxalq normalar çərçivəsində Minsk Qrupunun qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində lazımi addımlar atmır. Sadəcə öz mövqeyindən çıxış edir. Münaqişəni gələcəkdə öz siyasi hədəflərinə nail olmaq üçün bu formada saxlayır. Bu gün hər kəs bilir ki, Dağlıq Qarabağ məsələsinin bu vəziyyətdə qalmasının əsas səbəbkarı Rusiyadır", - deyə Ş.Ramaldanov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Azərbaycan   Rusiya   Təlim   Ordu  





Xəbər lenti