Makron necə ermənipərəst oldu? - Politoloq rəyi

 Makron necə ermənipərəst oldu? -  Politoloq rəyi
  03 Oktyabr 2020    Oxunub:2901
"Prezident Emmanuel Makronun səsləndirdiyi fikirlər ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan Fransanın tutmalı olduğu neytral mövqeyə ziddir".
Bunu Azvision.az -a politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, əslində Fransa Minsk qrupunun həmsədr ölkəsi olaraq əvvəllər də Qarabağ məsələsində neytral mövqe sərgiləməyib, daim ermənipərəst siyasətin şahidi olmuşuq:

"Hazırda Qarabağ problemi ətrafında baş verən proseslərə və son hadisələrə dünya güclərinin göstərdiyi mövqeyə bir qədər geniş şəkildə yanaşmaq lazımdır. Konkret olaraq Fransanın əl-ayağa düşməsinə gəldikdə isə bu ölkənin hazırda Azərbaycana dəstəyini əsirgəməyən Türkiyə ilə münasibətləri də çox gərgin olub. Fransız siyasətçilər hətta yüz il əvvəl indiki Türkiyə ərazisində baş verən hadisələri Parlamentə soyqırımı kimi daşıyıblar. Yəni Fransa Türkiyə ilə Azərbaycana dair mühüm hadisələrdə hər zaman birtərəfli mövqe göstərib. Amma Makronun hakimiyyətə gəlişindən sonra bu cür qərəzli mövqelər daha qabarıq şəkildə nümayiş etdirilir”.



Politoloq deyib ki, görünür bu məsələdə yenə də Fransanın erməni lobbisi, erməni əsilli zəngin insanlar öz sözünü deyir: “Onlar nəinki ölkədaxili, xarici siyasətə də öz təsirlərini göstərirlər. Əlbəttə ki, Makronun hazırkı sarı mətbuata əsaslanan anormal bəyanatları Azərbaycanda dərin təəssüf hissi doğurmalıdır. Çünki bu ölkə sıradan bir dövlət deyil, BMT Təhlükəsizlik Şurasının üzvüdür, ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Təbii ki, belə bir ölkənin və münaqişənin nizamlanmasında əsas rol oynayan dövlətin indiki həssas məqamda neytral mövqe sərgiləməməsi bizim üçün qəbulolunmazdır. Düşünürəm ki, biz bu cür hadisələr zamanı öz sözümüzü demişik və deməliyik də! Yəni qəti şəkildə prinsipiallıq göstərmək zamanıdır. Artıq Fransa ilə aramızda olan pərdə də birdəfəlik aradan qaldırılıb”.

Azərbaycanın Fransa ilə hər zaman yaxşı münasibələrin qalmasında maraqlı olduğunu deyən Fikrət Sadıxov Makron iqtidarının sərt mövqeyə keçməsinin xoş heç nə vəd etmədiyini bildirib: “Görünür, Fransanın indiki rəhbərliyi nazilən ipi bir dəfəlik kəsmək qərarı verir. Əgər Makron bu cür nümayişkaranə şəkildə saxta bəyanatlar verəcəksə, işğalçının yanında durduğunu göstərəcəksə, o zaman Fransanın həmsədr ölkə olmağa nə ixtiyarı, nə də əsası qalır. Əgər bugünkü Fransa hökuməti cəbhədə baş verən proseslərə obyektiv yanaşmasa, yaxın gələcəkdə Qarabağ məsələsinin nizamlanmasında iştirak etmək hüququnu itirə bilər. Məncə, Makron Ermənistan rəhbərliyini dəstəkləməkdə davam edəcək. Əgər işğalçı ordunu silahlandırmaq istəsələr, qoy bunu da etsinlər! Biz də aşkar bilək və dünyaya göstərək ki, həmsədr olan Avropa dövləti Ermənistanın yaxın müttəfiqidir, müharibədə işğalçıya aşkar dəstək oldu”.

Politoloq Fransanın tarixən müsəlman ölkələrinə fərqli mövqe sərgiləməsi amilinə də toxunub. O qeyd edib ki, bəzi ərəb ölkələri susqun mövqe sərgiləyirlər: “Təəssüflər olsun ki, Fransaya yaxınlığı ilə seçilən bir sıra ərəb ölkələri daim ermənipərəst mövqeləri ilə seçiliblər. Halbuki özləri də zaman-zaman məhz fransız işğalından, soyqırımlarından əziyyət çəkiblər. Amma indiki proseslərdə Makronun ortaya belə radikal mövqe qoymasında əsas səbəb Türkiyəfobiya sayılmalıdır. Türkiyə ilə son 30 ildə kifayət qədər gərginlik yaşamış Fransa indi rəsmi Ankaranın Azərbaycana dəstək bəyanatları verməsindən qıcıq olur, terrorçuların, işğalçı ordunun yanında olduğunu göstərir. Halbuki vaxtilə ASALA kimi terror təşkilatı Fransa cəmiyyəti üçün təhlükə yaradıb. Onlar Parisdə və digər şəhərlərdə xeyli sayda türk diplomatlarını öldürüblər. Qısası, Fransa prezidenti Makron daha sərt və açıq şəkildə ermənipərəst siyasətinin reallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirmək qərarı verib. Kim bilir bəlkə də o məhz erməni lobbisinin, milyonçularının gücü hesabına seçkiləri uda bilib. Bu mənada hazırda erməni lobbisi Makron hökumətindən geniş şəkildə dəsəkləməsinin hesabını soruşurlar. Həm siyasi, həm də maliyyə baxımından olan dəstəyin nəticəsidir ki, indi Fransa kimi böyük dövlətin rəhbərinə yanaşmayacağı şəkildə naşı bəyanatların, fake xəbərlərə əsaslanan fikirlərin şahidi oluruq. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Fransanın, onun erməni lobbisinin tarixən Türkiyəni, türk siyasətini qəbul etməməsi indi Azərbaycan üçün təkrarlanır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   ATƏT   DağlıqQarabağ  





Xəbər lenti