“İndi sülh anını təsəvvür etmək çox çətindir” - Prezident

   “İndi sülh anını təsəvvür etmək çox çətindir” -    Prezident
  07 Oktyabr 2020    Oxunub:1893
Rusiyanın “Pervıy Kanal” televiziyasının müxbiri Azərbaycan Prezidenti İlham Əliyevə belə bir sual verib: “Bütün müharibələr, hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz?”.
Azvision.az xəbər verir ki, telekanala müsahibəsində bu barədə danışmağın çətin olduğunu bildirən dövlətimizin başçısı deyib: “Bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur. Son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəs olub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməli olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başa düşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir”.
Fon der Leyen Prezidentimizi təbrik edib

Azərbaycan Prezidenti qeyd edib ki, sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onu genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqli ola biləcəyini istisna etmirəm.

Minsk qrupunun 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradıldığını qeyd edən dövlətimizin başçısı deyib: “O dövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımız mövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti