“Dağılmış evlərin hamısı yenidən tikiləcək” - Nazir

“Dağılmış evlərin hamısı yenidən tikiləcək”  -  Nazir
  17 Oktyabr 2020    Oxunub:2372
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə növbəti raket zərbəsi endirilib. Şəhərin iki məntəqəsində dinc əhaliyə qarşı endirilən raket zərbəsi nəticəsində çoxlu sayda insan xəsarət alıb.
Azvision.az xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə hadisə yerinə baxış keçirərkən deyib. Onun sözlərinə görə, əraziyə təkrar baxış keçirilir, axtarışlar davam edir.

"Ölənlərin sayı 10-dan yuxarıdır, çoxlu yaralı var. Nə qədər evə ziyan dəyməsi müəyyənləşdirilir. Atılan raketin qalıqları ilə ANAMA məşğuldur. Raket zərbəsinin düşdüyü yerlərdən çox-çox aralıda olan 5 mərtəbəli binalara da ziyan dəyib. Vətəndaşlar çox mətindir, özlərini qətiyyətli aparırlar. Heç bir panika yoxdur. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür”.

FHN naziri bildirib ki, təkcə Gəncə şəhəri deyil, digər yaşayış məntəqələrimizə də raket zərbələri endirilir.

“Bunun nəticəsində mülki insanlar ziyan çəkir. Burada heç bir hərbi obyekt yoxdur. Raket zərbələri endirilən yerlər əhalinin sıx yaşadığı yerlərdir və məqsədləri azərbaycanlılara qarşı vəhşilik, vandalizm və təxribatlar törətmək olub. Onlar öz dərslərini alırlar. Azərbaycan Ordusu öz qətiyyətli irəliləyişlərini edir. Azərbaycan xalqı Ali Baş Komandanını dəstəkləyir, bu sahədə apardıqları işləri yüksək qiymətləndirir. Ali Baş Komandan tarix yazır və biz də xoşbəxt adamlarıq ki, o tarixi birgə yaşayırıq. Allah şəhidlərimizə rəhmət etsin”.

K.Heydərov qeyd edib ki, Gəncədə dağıdılan binaların hamısı dövlət tərəfindən bərpa ediləcək, yeni evlər tikiləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: FHN   Gəncə   Terror  





Xəbər lenti