Ermənistan: Qazanılmış investisiya çatışmazlığı sindromu

 Ermənistan:  Qazanılmış investisiya çatışmazlığı sindromu
  20 Oktyabr 2020    Oxunub:2323
Azərbaycanın beynəlxalq hüquqi müstəvidə tanınmış ərazisi olan Dağlıq Qarabağda sentyabrın 27-də başlayan müharibənin zəif və dayanıqsız resurs bazasına malik Ermənistan iqtisadiyyatına dağıdıcı təsirləri qaçılmazdır. Artıq ötən 23 gün ərzində müharibə Ermənistan iqtisadiyyatının qısa və uzun müddətli inkişaf gözləntilərinə mənfi təsir edib, pandemiya səbəbindən hazırda mövcud olan resessiyanı daha da genişləndirmiş və dərinləşdirib.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhini təqdim edir.

Müharibəyə qədər olan dövrün göstəriciləri artıq bu ölkənin iqtisadiyyatının tamamilə çökmüş vəziyyətdə olduğunu əks etdirir. 2020-ci ikinci rübündə ötən ilin eyni dövrünə nisbətən iqtisadi azalma 13,7 faiz, işsizlik təqribən 20 faiz təşkil edib, dövlət büdcəsində kəsir xarici borc hesabına maliyyələşdirilib, tədiyə balansının cari və maliyyə hesablarında kəsirlər qeydə alınıb.

Müharibə yaranmış bu böhranlı vəziyyəti daha da dərinləşdirərək Ermənistan iqtisadiyyatının bütün zaman çərçivələrində perspektivlərini darmadağın edəcək. Artıq beynəlxalq kredit reytinq agentliyi “Fitch Raintings” Ermənistanın uzunmüddətli kredit reytinqini “B+” səviyyəsinə endirib. Bu göstərici ölkənin kredit reytinqinin kafidən əhəmiyyətli dərəcədə aşağı, maliyyə vəziyyətinin isə əhəmiyyətli dərəcədə dəyişkən olduğunu göstərir. Bu fakt artıq beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın iqtisadi perspektivlərinin yenidən qiymətləndirildiyini sübut edir.

Müharibənin dərhal təsir edəcəyi və dərin böhranın lokomotivi olacaq əsas faktor isə məcmu tələbin böhranlara ən həssas komponenti olan investisya qoyuluşları olacaq. İnvestisiyanın müharibə dövründə kəskin azalması və ölkədən kütləvi şəkildə çıxması dərin makroiqtisadi qeyri-stabillik, işsizliyin kəskin artımı, kapitalın köhnəlməsi, məhsuldarlığın azalması və beləliklə potensial inkişaf ümidlərini heçə endirərək iqtisadi dayanıqsızlıq vəziyyəti yaradacaq.

Milli yığımın minimal səviyyəsi və dövlətin xarici borc cəlbetmə imkanlarının məhdudluğu (zəif “Fiscal Space”) daxili investisya imkanlarını məhdudlaşdırıb. Ölkə sabit dövrlərdə belə əhəmiyyətli həcmdə Birbaşa Xarici İnvestisya (BXİ) cəlb edə bilməyib. “Dünya investisiya hesabatı 2020”nin məlumatına əsasən, son 6 il ərzində Ermənistana cəmi 1,6 milyard ABŞ dolları həcmində BXİ yatırılıb (müqayisə üçün Azərbaycana 19 milyard dollar). 2019-cu ilədək ölkəyə daxil olan BXİ həcmi isə cəmi 5,9 milyard dollar olub (bu göstərici Azərbaycanda 32 milyard dollardır).

Müharibənin yaratdığı kəskin mənfi gözləntilər isə BXİ nəinki ölkə iqtisadiyyatına cəlb edilməsinin qarşısını alacaq, hətta Ermənistandan sürətli birtərəfli axınını tətikləyəcək.

BXİ-nin Ermənistan iqtisadiyyatından sürətli çıxışı iqtisadi aktivlikdə fəlakət ssenarisi deməkdir. Əlavə olaraq, tədiyə balansının maliyyə hesabında kəsirinin artması valyuta bazarında mövcud olan təzyiqi daha da gücləndirəcək. Müharibənin panik effekti də əlavə edildikdə Ermənistanın milli valyutası - dramın kəskin ucuzlaşması qaçılmaz olacaq. Bu isə sürətli inflyasiyaya səbəb olmaqla əhalinin sosial rifahına daha ciddi zərbə vuracaq. Bundan əlavə kapitalın köhnəlməsi, bilik və texnologiyanın ölkə iqtisadiyyatına transferinin olmaması ölkə iqtisadiyyatının inkişaf perspektivinin birdəfəlik itirilməsinə səbəb olacaq.

Qeyd edilənlər onu deməyə imkan verir ki, Ermənistan iqtisadiyyatına BXİ-nin cəlb edilməsini şərtləndirəcək amillər demək olar ki yoxdur:

- siyasi qeyri-sabitlik və müharibə fonunda investorların təhlükəsizliyi təmin edilmir

- mövcud makroiqtisadi instabilliyin məzənnənin ucuzlaşması, sürətli inflyasiya, xarici borc dayanıqsızlığı, bank-maliyyə sektorunda dərin böhranla dərinləşməsi gözləntiləri mövcuddur

- daxili bazarın region ölkələrindən çox kiçik və yoxsul olması ilə yanaşı, əlverişsiz coğrafi mövqe və blokada şəraiti səbəbindən xarici bazar potensialı demək olar ki yoxdur.

- enerji təminatı, nəqliyyat və digər fiziki infrastrukturun bərbad vəziyyətdə olması səbəbindən istehsal və nəqliyyat xərcləri yüksəkdir

- mövcud bank-kredit sistemi, kredit faizləri, maliyyələşdirmə müddəti, girov şərtləri maliyyə əlçatanlığının əlverişsiz olduğunu göstərir

- dövlət orqanı səviyyəsində ciddi korrupsiya və müdaxilə halları mövcuddur

- səriştəli işçi qüvvəsinin olmaması ilə yanaşı, ölkənin əmək bazarı kəskin emiqrasiyaya məruz qalıb

- zəif olan biznes və investisiya mühitinin müharibə şəraiti ilə daha da çökmə ehtimalı yüksəkdir.

Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, yaxın və uzaq perspektivdə Ermənistan iqtisadiyyatında daxili investisiya qoyuluşlarının aşağı düşməsi fonunda xarici investisiyanın ölkədən birtərəfli hərəkəti davam edəcək. Nəticə etibarilə ölkədə iqtisadi kiçilmənin davam etməsi, yoxsulluğun artımı ilə bərabər uzunmüddətli dövrdə bütövlükdə inkişaf edən regionda yoxsulluq anklavına çevriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti