Qarabağın 28 ildən sonra azad olunan incisi

Qarabağın 28 ildən sonra azad olunan incisi
  08 Noyabr 2020    Oxunub:3681
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalçılarından azad edilib. Bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib.
Azvision.az Azərbaycanın incisi olan qədim Şuşa ilə bağlı məlumatları oxuculara təqdim edir:

Şuşa şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırıblar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulağı olub.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayıb, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilib.



XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.



Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talamış və məhv edib. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.

28 illik işğaldan sonra bu gün Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Hazırda Şuşa şəhərinin mərkəzində üçrəngli şanlı Azərbaycan bayrağı dalğlanır.

Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti