“Bizim problemimiz Qarabağın erməni icması deyil” - İtaliyadakı səfirimiz

“Bizim problemimiz Qarabağın erməni icması deyil” -  İtaliyadakı səfirimiz
  17 Noyabr 2020    Oxunub:2225
İtaliyanın nüfuzlu “Rai 1” Televiziya kanalının xəbərlər proqramının “EstOvest” rubrikasında erməni mənşəli italyan yazıçısı Antonia Arslanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dini münaqişə zəminində təqdim etməsi və son hərbi əməliyyatları ermənilərə qarşı “soyqırım” adlandırması kimi iddialarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin proqramda açıqlaması yer alıb.
Azərbaycanın İtaliyadakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi dini münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn ərazi münaqişəsidir: “Ermənistan 30 ildir ki, Dağlıq Qarabağ və ətraf 7 rayondan ibarət olan Azərbaycan ərazisinin 20%-ni işğal edib, orada bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bu gün mənim ölkəmdə bir milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə səfir vurğulayıb.

Ermənistanın Qərb ölkələrində ictimaiyyəti öz xeyrinə həssaslaşdırmaq məqsədilə bilərəkdən bu münaqişəyə dini don geyindirdiyini deyən diplomat Azərbaycanın multikultural bir ölkə olduğunu, Azərbaycanda Dağlıq Qarabağdan kənarda da minlərlə erməni mənşəli şəxslərin yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin olduğunu deyib.

“Bizim problemimiz Dağlıq Qarabağın erməni icması deyil, problemimiz Ermənistanın işğalçı ordusudur”, - deyə səfir fikirlərini tamamlayıb.

Müsahibəyə keçid link vasitəsilə mümkündür.

Azvision.az



Teqlər: İtaliya   Azərbaycan  





Xəbər lenti