“Sadə qaydalara əməl edilməsi həyati əhəmiyyət daşıyır” - Baş infeksionist

  “Sadə qaydalara əməl edilməsi həyati əhəmiyyət daşıyır” -    Baş infeksionist
  23 Noyabr 2020    Oxunub:2167
Son günlər yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında artımın baş verməsi epidemioloq, infeksionist, virusoloq və digər mütəxəssisləri ciddi narahat edir və onlar bunu müxtəlif səbəblərlə izah edirlər.
Azvision.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun yanaşması da bu barədədir:

“Açığını deyim ki, bu gün mütəxəssisləri vətəndaşların COVID-19-la əlaqədar qoruyucu tədbirlərə riayətetmə səviyyəsi qane etmir. Qapalı məkanlarda virusun yayılması üçün münbit şərait daha çoxdur, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta bir qədər ucadan danışanda da virus hissəcikləri ətrafa yayılır. Lakin bununla yanaşı onu da müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət edilməsi bir o qədər də kütləvi xarakter daşımır. Halbuki dəfələrlə xəbərdarlıq edildiyi kimi, yoluxmaqdan qorunmaq üçün sadə qaydalara əməl edilməsi həyati əhəmiyyət daşıyır. Hazırda hava soyuq olduğundan otaqlar qızdırıcı sistemlərlə isidilir və havalandırma aparılmır. Təbii ki, havalandırma getmədiyindən və təmaslar yaxın olduqca yoluxma ehtimalı yüksəlir”.

Baş infeksionist daha sonra bunları deyib: “Virusun hissəcikləri kiçik olduğundan onlar daha uzun məsafə qət edirlər, yəni həmin hissəciklər daha uzun müddət havada qalaraq, nisbətən aralıda olanları da yoluxdura bilər. Ona görə də otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olanların da sayını azaltmaq, minimuma endirmək lazımdır. Bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah da nəinki dövlət sektorunda, hətta özəl müəssisələrdə də işçilərin sayının 30 faizədək azaldılmasını tövsiyə edib”.

Azvision.az


Teqlər: Başinfeksionist  





Xəbər lenti