Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq

 Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq
  24 Noyabr 2020    Oxunub:2046
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələri 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsini böyük zəfərlə başa vurdu və işğala son qoyuldu.
Postkonflikt quruculuğunun əsas istiqamətləri barədə suallara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı cavab verib.

Azvision.az V.Qasımlının müsahibəsini təqdim edir.

- Postkonflikt quruculuğunda konseptual çərçivəni necə qiymətləndirmək olar?

- Əslində Prezident İlham Əliyev postkonflikt quruculuğunun konseptual çərçivəsini müəyyənləşdirib. Azərbaycanın postkonflikt dövründə işğaldan azad olunmuş ərazilərinin inkişafı, o cümlədən institutsional həllər, beynəlxalq inkişaf partnyorları və investorların da cəlb edilməsi ilə bərpa-quruculuq və humanitar fəaliyyət, dövlət-özəl partnyorluğu, məcburi köçkünlərin geri qaytarılması və sosial kapitalın inkişafı dövlətin xüsusi proqram-əsaslı yanaşması ilə həllini tapa bilər.

Postkonflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək. BMT-nin qəbul etdiyi davamlı inkişaf məqsədləri və 4-cü sənaye inqilabı prinsiplərinə uyğun olaraq, postkonflikt əraziləri yerli xüsusiyyətlər, resurslar və perspektivlər nəzərə alınmaqla inkişaf etdiriləcək. Beynəlxalq ekspertlər də cəlb olunmaqla Ermənistanın Azərbaycana vurduğu ziyan, o cümlədən torpaq, su, meşə resurslarına, faydalı qazıntılara, əmlaka və mədəni sərvətlərə, ən əsası mülki insanlara dəyən ziyan hesablanaraq qarşı tərəfə iddialar qaldırılır.

Qarabağın inkişaf strategiyası qısa, orta və uzunmüddəti dövrü əhatə etməklə, yerli, regional, milli və beynəlxalq səviyyələrdə olan fəaliyyətləri özündə ehtiva edə bilər. Strategiyanın həyata keçirilməsi üçün idarəetmənin təşkili və dövlətin makroiqtisadi, fiskal, monetar, sosial və digər siyasət alətlərindən istifadə zərurirdir. İri dövlət maliyyələşməsini əsas götürərək fiskal dayanıqlılıq və beynəlxalq inkişaf partnyorlarının dəstəyini tənzimləyən donor koordinasiyası mexanizmi vacibdir. Eyni zamanda, milli valyutanın real məzənnəsinin tənzimlənməsi üçün pul kütləsinin iqtisadiyyat tərəfindən udulması mərhələlərinin nəzərə alınması zərurəti yarana bilər.

Postkonflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcək. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcək.

- Beynəlxalq təcrübədə postkonflikt bərpa strategiyaları barədə nə deyə bilərsiniz?

- Postkonflikt bərpa strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi artıma və insan inkişafına nail olmaqdır. Bir çox postkonflikt ölkələrinin, o cümlədən İraq, Əfqanıstan, Kosova, Xorvatiya kimi keçmiş münaqişə ölkələrinin iqtisadi bərpasının tədqiqi göstərir ki, keçmiş münaqişə ölkələri, stabil zəif inkişaf edən ölkələrə nisbətdə daha ciddi problemlərlə üz-üzə qalırlar. Bu problemlərə iqtisadi daralma, yüksək inflyasiya, xroniki fiskal defisit, yuxarı dövlət borclanması, dağıdılmış fiziki, insan və sosial kapital, məhv olunmuş iqtisadi stimul, geniş yayılmış yoxsulluq və kütləvi işsizlik aid oluna bilər. Azərbaycanın “təhlükəsizlik yastığı”, bəlli vizyon və siyasi iradə bu problemlərdən yan qaçmaq imkanı yaradacaq.

Dünya təcrübəsində postkonflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər.

1971-ci ildə Malayziyada qəbul olunmuş Yeni İqtisadi Siyasət strategiyası 2 üsulla milli birliyin təmini məqsədi daşıyırdı: yoxsulluğu azaltmaq və cəmiyyətin yenidən strukturlaşmasını sürətləndirməklə iqtisadi disbalansı aradan qaldırmaq.

Dünya praktikasına əsasən, ilk olaraq daxili insan kapitalı qiymətləndirilməlidir ki, buna əsas etibarı ilə keçmiş münaqişə zonası əhalisi daxildir. Bu iqtisadi iştirakçılar xarici agentlərin maliyyəşdirilməsini passiv şəkildə gözləməməlidir. Əksinə daha qətiyyətli, daha çox çalışqanlıq və innovativlik göstərərək özləri də əlavə dəyər yarada bilərlər. İnkişaf strategiyaları sosial dinamikliyə və institutsional proseslərin tam dərk edilməsinə əsaslanarsa, daha dayanıqlı olur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasən yerli iqtisadi iştirakçılar bərpa planında əsas rol oynamalıdırlar.

Postkonflikt ölkələrinin təcrübəsində yeni iqtisadi inkişaf strategiyası makroiqtisadi sabitliyi təmin etmək üçün aşağıdakı tələblərə cavab verməlidir: iqtisadi islahatlar mərhələli və ardıcıl aparılmalı, özəl investisiyaların yatırılması əsas prioritet seçilməli, iqtisadi canlanmanı təmin edən monetar və fiskal siyasət yenidən qurulmalı, bərpanın maliyyələşdirilməsi və məşğulluğun artırılması ilə bərabər fiskal dayanıqlılığın təmin edilməsi fiskal siyasətin əsas məqsədi olmalı, fərdlər və ev təsərrüfatları üçün bütün sosial xidmətlər bərpa olunmalı, beynəlxalq yardım və qrantların idarə olunmasında şəffaflıq və səmərəlilik təmin edilməli, düzgün donor koordinasiya mərkəzi qurulmalı, strategiyanın icrasını təmin edən institut formalaşdırılmalıdır.

İkinci Dünya müharibəsindən sonra Fransa və İtaliya iqtisadi bərpanı Marşal planı əsasında həyata keçirib. Digər postkonflikt yardımları kimi Marşal planı çərçivəsində verilən yardımın idxal olunan mal və xidmətlərlə bağlılığı var idi, eyni zamanda, yardımdan istifadə ABŞ-ın büdcə və xərcləri təsdiqləməsi ilə şərtlənirdi. İtaliya və Fransa bu proqram şərtləri və gözləntilərindən kəskin kənarlaşmalarla ölkənin prioritet sahələrini daha çox maliyyələşdirməklə uğurlu postkonflikt bərpa siyasətləri həyata keçirib.

Bütün bu mərhələlərdə postkonflikt bərpa modelinin qurulmasında əhəmiyyətli rol oynayan beynəlxalq qurumların təcrübəsindən istifadə etmək zəruridir. Effektli postkonflikt modelinin həyata keçirilməsi üçün yüksəkkeyfiyyətli institusional mühit, əlçatan maliyyələşmə mənbələri, islahatların mərhələliliyi zəruri amillərdəndir.

- Qarabağın inkişaf strategiyasının əsas istiqamətləri necə ola bilər?

- Dövlətimizin başçısının tapşırığı əsasında Azərbaycanda yaradılan iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinə uyğun olaraq, Qarabağ bölgəsi davamlı inkişaf etdirilərək ölkə həyatına reinteqrasiya olunacaq. Qarabağın inkişaf strategiyası vaxt ardıcıllığı və bölgələr nəzərə alınmaqla aşağıdakı prioritetlər üzrə həyata keçirilə bilər. Belə ki, Qarabağın inkişaf strategiyasının həyata keçirilməsini təmin etmək üçün idarəetmə, monitorinq və qiymətləndirmə mexanizmi, həmçinin şəffaf və hesabatlı maliyyələşmə mexanizmi qurula bilər.

İşğaldan azad edilmiş ərazilərin dekontominasiyası və şəhər, qəsəbə və kəndlərin yeni baş planları əsasında quruculuq-abadlıq fəaliyyəti başlayacaq. Ərazidə iqtisadi infrastrukturun, o cümlədən, yol, meliorasiya-irriqasiya, elektrik, qaz, su, kanalizasiya və sair sistemlərinin yaradılması, bərpası və inkişaf etdirilməsi zəruridir. Eyni zamanda, ərazidə sosial infrastrukturun, o cümlədən, təhsil və səhiyyənin inkişafı vacibdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət və bələdiyyə idarəetmə orqanlarının fəaliyyətinin tam təmin edilməsi, rəqabətqabiliyyətli iqtisadi sahələrin inkişaf etdirilməsi və məşğulluğun, o cümlədən, özünüməşğulluğun təmin olunması prioritet olmalıdır. Məcburi köçkünlərin mərhələlərlə iqtisadi və sosial məsələlər nəzərə alınmaqla öz yerlərinə qayıtması, insan kapitalının inkişafı, dövlət sərmayələri ilə yanaşı, xarici və yerli sərmayənin cəlb olunması, sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, iqtisadiyyatın innovativ həllər, yeni texnologiyalar, yaşıl iqtisadiyyat və dövri iqtisadiyyat prinsiplərinə uyğun inkişaf etdirilməsi də prioritetlər arasındadır.

- Postkonflikt quruculuğunda hansı maliyyə mənbələrindən istifadə olunacaq?

- Burada müxtəlif maliyyə mənbələrindən, o cümlədən dövlət büdcəsi, Neft Fondu, xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələr, qrantlar və ianələr, özəl sərmayələr, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən istifadə edilə bilər. Artıq indidən hiss olunur ki, beynəlxalq təşkilatlar, xarici dövlətlər, iri və orta biznes nümayəndələri postkonflikt quruculuğunda iştirakda maraq göstərirlər. Hər bir beynəlxalq təşkilat öz mandatına və hər bir biznes öz profilinə uyğun olaraq azad edilmiş ərazilərdə sərmayə yatırmağa hazırdır. İsraildə olduğu kimi, Azərbaycanda da diaspor investisiya modelindən də geniş istifadə etmək mümkündür.

Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital, kraudfandinq və kraudinvestinq yolu ilə artırmaq olar. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq.

Bunun nəticəsidir ki, Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldub. Dövlət-özəl tərəfdaşlığı vasitəsilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır.

İşğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək.

Postkonflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, eləcə də sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər. Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Regionun həm 80 milyon nəfərlik İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixrac-yönümlü sərmayələr üçün cəlbedicidir.

Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaq. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcək.

Azvision.az


Teqlər: Azərbaycan   Qarabağ  





Xəbər lenti