Oğlanları ilə birgə döyüşən ata: “Düşmənə qan uddurduq” - (FOTOLAR)

Oğlanları ilə birgə döyüşən ata:  “Düşmənə  qan uddurduq” - (FOTOLAR)
  27 Noyabr 2020    Oxunub:21067
Vətən Müharibəsində düşmənə qan udduran qəhrəman döyüşçülərimizdən biri də Qəzənfər Qocayevdir. Həmsöhbətimiz ehtiyatda olan zabitdir. O,1967-ci ildə Zəngilanda anadan olub. Üç övlad - iki oğlan, bir qız atasıdır. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında sürücü mexanik kimi çalışır. Qəzənfər Qocayev ikinci Qarabağ müharibəsində iki oğlu ilə birlikdə iştirak edib.
"Böyük oğlum Müzəffər 1997, kiçik oğlum Ayxan isə 1999-cu ildə anadan olub. Döyüşlər başlayanda Müzəffər artıq hərbi xidmətdə idi. Şəkidə kollecdə oxuyan qardaşı onu tək qoymamaq üçün könüllü getdi. Onlara qatılmaq üçün çalışdığım universitetin rektor müavininə müraciət etdim.

Müharibənin qızğın çağında oğlanlarım döyüşürdü, mən zirehli texnikaların daşınmasında iştirak edir, onların təmiri ilə məşğul olurdum. Demək olar ki, bütün döyüş zonalarında oldum. Nə texniki nasazlıq olurdusa, dərhal aradan qaldırırdıq.

Elə olurdu ki, oğlanlarımla bir yerdə döyüşürdük, elə də olurdu ki, ayrı-ayrı ərazilərdə olurduq. Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənddə döyüşlərdə iştirak etdim. Şuşanın Şuşi kəndinə, Qırmızı bazar adlanan əraziyə qədər getdik. Həmin ərəfədə müharibə dayandırıldı",- veteran döyüşçü deyib



Qəzənfər Qocayev düşmənin darmadağın edildiyi döyüşlərlə bağlı söhbətə davam edərək bildirib: "Oradakı əsgərlərin hamısı mənim övladlarım idi. Ayrı-seçkilik mümkün deyildi. Tək oğlanlarımı yox, əsgərlərin hər birini qoruyurdum. Döyüş təcrübəsi olmayan hərbçilərimizə məsləhət görürdüm ki, belə olun, texnikaları belə çıxardın və s. Onlara bildirirdim ki, atılan mərmilərdən yayınmaq üçün topa dayanmayın, uzanıqlı vəziyyətdə səpələnin, dağınıq olun. Qızğın hücumlarda isə qışqırırdıq. Səsimiz də batmışdı. "Yatın, irəli" sözləri deyirdim.



Mən birinci Qarabağ müharibəsində də döyüşmüşəm. Torpaqlarımızın işğalı zamanı könüllü yazılıb getdim. Bir dəfə yaralandım, daha sonra kantuziya aldım. Sağlamlığımda çox ciddi problemlər olurdu. Başqa ölkələrdə müalicə almışam. Şükürlər olsun ki, indi sağlamam, övladlarımla bir yerdə erməniyə qan uddururuq. Birinci savaşda 20 faiz torpaqlarımız işğal olunmuşdu. Bu gün isə onları geri qaytardıq. Müharibə zamanı vətəndaşlarımızın göstərdiyi kömək bizə ruh verirdi".


Sağdan ayaqüstü birinci

Q.Qocayevin sözlərinə görə, düşmən tərəfi Füzulidə güclü istehkamlar qurmuşdular:

"Lələtəpədən keçəndə çox qızğın döyüş getdi. Amma orada da ermənilərin cavabını verdik. Düşmən hər tərəfi minalamışdı. Güclü ordunun, texnikanın sayəsində düşməni darmadağın etdik. Onların texnikalarını sıradan çıxarıb irəliləyirdik. Hava hücumundan müdafiə sistemi döyüşləri idarə edirdi. "Bayraktar" dronları döyüşlərdə həlledici kömək göstərirdi.

Zəngilana ayaq basanda ağladım. O zaman əmim Mürsəl Qocayev rayonda yaşayırdı. Digər əmim Səməd Qocayevin evində oldum. Onun oğlu dünyasını dəyişmişdi. Məzarını axtardım, tapa bilmədim, çox pis oldum".



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zəngilan  





Xəbər lenti