“Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”

  01 Dekabr 2020    Oxunub : 1767
   “Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”
Bəyanatın altıncı bəndində göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində üçtərəfli bəyanatın altıncı bəndini şərh edərkən bildirib.

“Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bu məsələni ətraflı şərh edən Azərbaycan Prezidenti deyib: “İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev