Laçının zəngin təbiəti, yeraltı sərvətləri... - FOTOLAR
Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın diametri 210 sm, hündürlüyü 26 metr, yaşı isə 400 il təşkil edib. Rayon ərazisində ümumi sahəsi 1 092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Burdakı ağacların yaşı 100-150 ilə çatır.
Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.
Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində dəniz səviyyəsindən 2658 m hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Gölün dərinliyi 5-6 metr olmaqla vulkanik mənşəlidir. Qaragölün əsas biokütləsində Gammarus lacustris şirinsu xərçəngi mühüm yer tutmaqla qiymətli balıq növü olan Qızılxallı balıq (forel) üçün yem bazası hesab olunub. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib. Ətraf çəmənliklər sistemsiz olaraq intensiv otarılmaqla bitki örtüyü korlanıb.
Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar ərazidə yaradılıb. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), Şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), sulbalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Sahəsinin 7 369 ha və ya 34,5%-i meşə sahəsi, 1 448 və ya 6,8%-i alp çəmənliyi, 7 400 ha və ya 34,8%-i subalp çəmənliyi, 4 257 ha və ya 20% otlaqlar, 862 və ya 4% qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında ancaq həmin yasaqlıqda yayılıb.
Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 km2, uzunluğu 113 km, çoxillik orta su sərfi 10,8 m3/san, illik axımın həcmi 341 mln.m3-dir.
Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəriçayına tökülür. Axımı əsasən qar və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 88 km2, uzunluğu 25 km-dir.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göldən Laçın rayonu ərazisində yerləşən Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl böyük antropogen təsirə məruz qalıb.
Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Azvision.az
Teqlər: Laçın