“Şəhid ailələri və qazilərin sosial təminatı prioritet olacaq” - Deputat

  04 Dekabr 2020    Oxunub : 1270
“Şəhid ailələri və qazilərin sosial təminatı prioritet olacaq” -  Deputat
Azərbaycan ərazi bütövlüyümüz yolunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bu gün bir dəqiqəlik sükutla yad etdi. Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, artıq Azərbaycan üçün yeni mərhələ başlayır.

"Bu mərhələdə şəhid ailələrinin və eləcə də savaş qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir. Bura 11 min manatlıq sığorta ödənişdən başlayan şəhid ailələrinə xərclənən vəsaitin müvafiq mərkəzi və yerli büdcələr, pensiya və müavinətlərə çəkilən xərclərin isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilməsinədək müxtəlif tədbirlər aiddir".

V.Bayramov bildirib ki, yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir: "Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımızən xüsusi güzəştli kateqoriya olaraq ayrıca qeyd edilməsi məqsədəuyğundur.

Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu hər birimizdən xüsusi diqqət və qayğı tələb edir".

Azvision.az

Teqlər: Deputat   Şəhid   Sosial-təminat