Ötən il “AÇG”də hasilat 175 milyon barrel olub

Ötən il “AÇG”də hasilat 175 milyon barrel olub
  04 Fevral 2021    Oxunub:1558
2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 175 milyon barrel, yəni 23,6 milyon ton olub.
“BP Azerbaijan” şirkətindən Azvision.az -a bildirilib ki, il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Ötən il AÇG-dən ümumi hasilat – “Çıraq” (34,9 min), “Mərkəzi Azəri” (113,2 min), “Qərbi Azəri” (118,9 min), “Şərqi Azəri” (64,2 min), “Dərinsulu Günəşli” (95,4 min) və “Qərbi Çıraq” (50,4 min) platformalarından birgə gündəlik orta hesabla 477 min barrel təşkil edib.

İlin sonuna AÇG-də ümumilikdə 127 neft hasilat, 45 su və 8 qaz injektor quyusu istismarda olub. Keçən il blokda 11 neft hasilat və 2 suvurma quyusu qazılıb.

2020-ci ildə AÇG layihəsinə təqribən 531 milyon dollar əməliyyat və 1 milyard 817 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Azvision.az



Teqlər: AÇG   BP  





Xəbər lenti