Qarabağdan silah oğurlayıb satan “polis” ələ keçdi - VİDEO

 Qarabağdan silah oğurlayıb satan “polis” ələ keçdi -  VİDEO
  19 Fevral 2021    Oxunub:6640
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağda müharibə zaman qanunsuz silah-sursat əldə edilməsi, saxlanılması və satışı ilə bağlı daha bir faktın üstünü açıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu dəfə əməliyyatçıların diqqət mərkəzində Laçın rayonu işğal altında olan zaman “polis bölməsi rəisinin müavini” işləmiş A.B. adlı şəxs olub.

İstintaq nəticəsində A.B-nin Azərbaycanın Cəbrayıl ərazisindəki döyüş əməliyyatlarına qatılaraq qanunsuz olaraq silah və sursat əldə etdiyi müəyyən edilib. Belə ki, həmin şəxs 45 Kalaşnikov avtomatı, güllə ilə dolu 8 tapança darağı, ov tüfəngləri, yüzlərlə güllə, qumbara ələ keçirib.

O, bütün silahları Ermənistanın Sünik bölgəsindəki Tex kəndinə gətirərək dostu S.G.-nin evində gizlədib.

A.B. silahların bir hissəsini satmağı, bir hissəsini isə polisə könüllü təslim etmək üçün etibarlı şəxslərə verməyi planlaşdırıb.

Hüquq-mühafizə orqanları onun iki Kalaşnikovu tanışlarına satdığını müəyyən edib. Həmin şəxslər də öz növbəsində silahın hər birini 500-600 dollara satmağı düşünüblər.

Mövcud dəlillərə əsaslanaraq A.B. nəzarətə alınıb. Cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb və həbs olunması üçün məhkəməyə vəsatət təqdim edilib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti