“İrəvan əhalinin qayıdışını əngəlləməyə çalışır” - Xəritə oyunu

 “İrəvan əhalinin qayıdışını əngəlləməyə çalışır” -  Xəritə oyunu
  24 Fevral 2021    Oxunub:4059
Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində kütləvi şəkildə minalama siyasətini həyata keçirib. Təəssüf ki, bu müddətdə erməni hərbi-siyasi rəhbərlər Azərbaycan ərazilərində hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri belə minalamağı bacarıblar.
Postmüharibə dövründə qarşı tərəf minalanmış sahələrlə bağlı xəritələri Azərbaycana təhvil verməli idi. Amma biz bu məsələdə də Ermənistan tərəfinin xoşməramlı iradəsini görmədik. İrəvan nəinki minalanmış ərazilərin xəritəsini verib normal qonşuluq münasibətlərinə başlamaq istəmir, hətta müxtəlif səviyyələrdə revanşist çıxışlarla işğalçı mövqedən geri qalmadığını nümayiş etdirir.

Politoloq Qabil Hüseynli Azvision.az-a şərhində deyib ki, əslində beynəlxalq ictimaiyyət məğlubiyyətdən sonra Ermənistanın hansısa humanist jest edəcəyini gözləmirdi. Çünki bu illər ərzində erməni tərəfi çoxlu sayda mülki şəxsin həlak olmasına çalışıb. Buna dair atəşkəs dövründə dinc əhalinin öldürülməsindən tutmuş, 44 günlük Vətən savaşında Gəncə və digər şəhərlərin məqsədli şəkildə bombalanmasına qədər yüzlərlə nümunə göstərmək olar:

“Həqiqətən də biz çox təhlükəli və vandal düşmənlə üz-üzə qalmışıq. Tərtər, Gəncə və digər şəhərlərdə hərbi təyinatı olmayan yaşayış binalarını vuranlar indi bizə əllərində olan real xəritənimi verəcəkdi? Digər tərəfdən, burada müəyyən siyasi maraqlar da mövcuddur. İrəvan Azərbaycanın işğaldan azad etdiyi ərazilərə yerli sakinlərin qayıdışını maksimum uzatmaqda maraqlıdır. Burada bir əngəl ərazinin tamamilə dağıdılmasıdırsa, digər mühüm əngəl minalı sahələrin həddən artıq çoxluğudur ki, bu cür işlər xeyli vaxt aparır. Yəni, bu qədər fantastik sayda minaların basdırılmasında, xüsusən də hərbi təyinatı olmayan ərazilərin təhlükəli hala gətirilməsində məqsəd yalnız hərbi maraqlar deyildi, burada siyasi nüanslar da olub. Bu da hazırda özünü göstərir. İrəvan xəritəni verməməklə süni şəkildə infrastrukturun bərpası, əhalinin geri qayıdışını əngəlləməyə çalışır”.



Politoloqun sözlərinə görə, bütün dünya bilir ki, hərbi təyinatı olmayan torpaqların, ərazilərin, dağıdılmış kəndlərdəki uçuq evlərin belə minalanması qəsdən atılmış addımdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu illər ərzində çox gözəl anlayırdı ki, orduları gec-tez Azərbaycan torpaqlarından geri çəkiləcək:

“Ona görə də, var gücləri ilə bizə zərər vurmaq üçün az qala hər on metrdən bir bütün torpaqları minalayıblar. Minalanmış torpaqların sözsüz ki, xəritəsi olur. Qarşı tərəf desə ki, əldə belə bir sənəd yoxdur, buna kimsə inanmaz. Çünki bu özləri üçün də hansısa reallaşacaq potensial hərbi əməliyyata görə təhlükə vəd edə bilərdi deyə ermənilər müəyyən hərbi arxivlərdə bu cür xəritələri saxlayırdılar. Beynəlxalq təcrübə də onu göstərir ki, münaqişələr zamanı tank və ya piyada əleyhinə minalar basdırılarkən mütləq onun xəritəsi hazırlanır. Bu adi dəmir parçası deyil ki, erməni onu hara gəldi basdırıb getsin. Hətta mənə elə gəlir ki, qarşı tərəf minaların əksərini elə son dövrlərdə basdırdı. Çünki 25 il əvvəl torpağa yerləşdirilən sovet minalarının çoxunun artıq müəyyən təbiət hadisələrindən salamat qalması inandırıcı görünmürdü. Onlar nəinki ötən ilki döyüşlər zamanı, sonrakı mərhələdə belə əraziləri tərk edərkən bu cür hərbi cinayətlərə əl ata bilərdilər. Yəni hazırda çox ürəkbulandırıcı bir situasiya yaradıblar”.

Qabil Hüseynli onu da vurğulayıb ki, bu gizli təhlükələr hələ uzun müddət, bir neçə il bizimlə birlikdə olacaq. Ərazilərin tam təmizlənməsi prosesi bir neçə il çəkə bilər. Minalı torpaqların çoxluğu təbii ki, geriyə dönüş, torpaqlardan səmərəli istifadə, kənd və qəsəbələrin abadlaşdırılması kimi məsələlərin effektiv şəkildə qurulmasını ləngidir:

“Postmüharibə dövründə azı on nəfər minaya düşərək həlak oldu. Bütün bunlar cinayət tərkibi yaradır. Onsuz da erməni hərbi-siyasi rəhbərlərin bir sıra əməlləri cinayət tərkibi yaradan hadisələr idi. Meşələrin qırılması, fauna və floranın bilərəkdən məhv edilməsindən tutmuş, rayon və kəndlərimizdə daş üstə daşın qoyulmamasına qədər xeyli nümunələr var. Əvvəllər ermənilər tərəfindən dağıdılmış ərazilərimizə buraxılmayan beynəlxalq jurnalistlər, diplomatlar da artıq işğaldan azad olunan torpaqlara gedərək faşistlərin hər yeri necə xarabalığa çevirdiklərini görürlər. Bu faktlar, hadisələr hamısı cinayət məsuliyyəti yaradır. Məsələn, Ağdamın yerlə-yeksan edilməsi hansı müharibə zərurətindən doğurdu axı? Bəzi məsələlər var ki, bu, hərbdə müharibə zərurətindən irəli gəlir. Amma bütövlükdə yox edilmiş, tamamilə sıradan çıxarılmış kənd və şəhərlərin ortada olması cinayət yaradan hadisələrin baş verdiyini sübut edir. Buna görə qarşı tərəf cavab verməldir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Politoloq   Cinayət   Müharibə  





Xəbər lenti