“COVAX ikili standartlardan çıxış edir” - Məlahət İbrahimqızı

 “COVAX ikili standartlardan çıxış edir” -  Məlahət İbrahimqızı
  27 Mart 2021    Oxunub:1797
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə yaradılan COVAX platforması özünü doğrultmayıb. Platformanın yaradılmasında məqsəd COVID-19 əleyhinə vaksinlərin inkişaf səviyyəsindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrə münasibətdə ədalətli bölüşdürməli idi. Təəssüflər olsun ki, COVAX bu missiyanı yerinə yetirə bilmir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, bir çox ölkələr yetəri qədər vaksin alsalar da, bəzi ölkələr indiyədək peyvənd əldə edə bilməyiblər.

M.İbrahimqızının sözlərinə görə, COVAX tərəfindən Azərbaycanın ədalətsiz peyvənd bölgüsü ilə üzləşməsi qəbuledilməzdir: “COVAX-ın yaradılmasında məqsəd vaksinlərin dünya ölkələri arasında bərabər və ədalətli paylanması idi. Amma biz COVAX-ın ikili standartlardan çıxış etdiyini görürük”.

Deputat qeyd edib ki, COVAX Azərbaycana peyvəndlərin gətirilməsi barədə öhdəliyini yerinə yetirmir.

“Hələ COVAX Azərbaycana vəd ediləndən daha az sayda vaksin verəcəyini deyir. Bunun verilmə vaxtı də qeyri-müəyyəndir. Bundan əlavə, qonşu ölkə Gürcüstana COVAX artıq ilk partiya vaksini göndərib, amma 30-dan ölkəyə yardım edən, ÜST-ə 10 milyon dollar ianə ayıran Azərbaycana qarşı ikili standartlara yol verilir. Bu, qəbuledilməzdir.

Ölkə başçısının uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan öncədən Çin istehsalı olan vaksini alıb və indiyədək yarım milyondan çox vətəndaş peyvənd olunub. Proses uğurla davam edir. Həmçinin Rusiyadan da vaksinin alınması üçün müqavilə bağlanılıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazda ilk vaksinasiya kampaniyasına başlayan ölkə oldu”, - M.İbrahimqızı vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: COVAX   Vaksin  





Xəbər lenti