“Bəzən bir nəfər 4-5 dəfə zəng edir” - Təcili yardımla bağlı əhaliyə çağırış

 “Bəzən bir nəfər 4-5 dəfə zəng edir” -  Təcili yardımla bağlı əhaliyə çağırış
  01 Aprel 2021    Oxunub:2036
Təcili yardımdan narazı olanların əksəriyyəti yüngül problemlə müraciət edənlərdir. Təcili yardıma müraciətlər çeşidləmə əsasında qeydə alınır. İlk öncə təcili olanlar icra edilir.
Azvision.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib. Onun sözlərinə görə, gündəlik icra edilən çağırışlar 2500 idisə, 103 xidmətinə zəng edənlərin sayı 10 mindən çoxdur.

“Bəzən bir nəfər 4-5 dəfə zəng edir ki, bu da xətlərin yüklənməsinə və nəticədə ağır xəstələrin kənarda qalmasına səbəb olur. Əhalidən xahiş edirik ki, təcili hallar üçün müraciət edilsin. Biz çağırış zamanı çeşidləmə apara bilək. İlk öncə təcili çağırışlar icra edilir, ağır xəstələrə yardım edilir, sonra təxirəsalınmaz çağırışları icra edirik. Əhalidən xahiş edirik ki, bunu anlayışla qarşılasınlar.

Məsələn, insanın qızdırması 37 dərəcə olur, deyir ki, gəlib müayinə götürülsün. Onları sahə həkimlərinə istiqamətləndirəndə aqresiv yanaşırlar. Hətta ağır xəstələrdən müayinə materialı götürəndə, bunun cavabını almaq üçün bizə müraciət edirlər. Təcili yardım ağır xəstələrdən müayinə götürüb, müvafiq laboratoriyalara göndərir. Analizin cavabı bizdə olmur”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti