Emin Əmrullayev: “Bir gündə 10-14 məktəb bağlanırdı”

     Emin Əmrullayev:   “Bir gündə 10-14 məktəb bağlanırdı”
  03 Aprel 2021    Oxunub:2660
Fevralın 1-dən yenidən hibrid formada tədrisə keçdik. Ümumtəhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa edildi. Fevralın sonunda artıq gündəlik yoluxma sayları artmağa başladı. Bu gün 2500 civarında gündəlik yoluxma sayları var və belə şəraitdə müəyyən qərarlar verilməli idi.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən tədrisin təşkilinə dair verilmiş qərarla əlaqədar ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandırarkən deyib. Onun sözlərinə görə, martın 29-dan başlayaraq 3 gün ərzində 61 ümumtəhsil məktəbi distant tədrisə keçməli olub.

“Bunlardan 24-ü Bakı şəhəri, 3-ü Sumqayıtda idi. Məqsəd düzgün proqnozlar verib, şagirdlərin öyrənməsini təmin etməkdir. Məktəblərin fəaliyyəti ilə bağlı keçirilən sorğuda iştirak edən bəzi vətəndaşlar uşaqların dərsə getməsinin tərəfdarı idi, digərləri yox. Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər arasında aşkarlanır. Bu, məktəblər açıq və bağlı olanda da olur. Müəllimlər arasında ailədaxili, nəqliyyatda və digər yerlərdə də yoluxma baş verir. 2500 yoluxma sayında gündəlik 100 nəfəri təhsil işçilərinin payına düşürdü. Bunun 80 faizi Bakı, Sumqayıt, Abşeron və Şəki şəhərlərində qeydə alınırdı. Məktəblər bağlanmasaydı, yoluxmalar artdıqca daha çox məktəblər distant təhsilə keçəcəkdi”.

Nazir qeyd edib ki, sorğuların keçirilməsi fikir formalaşdırmağa kömək edir:

“Birinci sorğuda 10 min, ikinci sorğuda 50 min vətəndaş iştirak edirdi. Bu, kifayət qədər böyük rəqəmdir. Sorğunun əsas mahiyyəti təhsil ictimaiyyətinin bir hissəsi olaraq “nə düşünürsünüz?” sualına cavab tapmaq idi. Sorğuda iştirak edənlərin təxminən əksəriyyəti ümumtəhsil müəssisələrinin bağlanmasının tərəfdarı idi. 20 faiz insan övladlarını məktəblərə göndərmək istəyənlər idi. Məktəblərdə daimi olaraq davamiyyəti izləyirdik. 29 martda 80 faiz şagird məktəb gəlirdisə, sayların artması fonunda artıq Bakı məktəblərində davamiyyət 64 faizə düşmüşdü. Günə 10-14 məktəb bağlanırdı. Bu qərarın verilməsində təhlillər, statistika, yoluxmaların artması fonunda məktəblərin bağlanması da nəzərə alınıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti