“Ermənilər Ağdam və Füzulidə hədsiz sayda mina basdırıb” - Deputat

 “Ermənilər Ağdam və Füzulidə hədsiz sayda mina basdırıb” -  Deputat
  07 Aprel 2021    Oxunub:5303
“Bu günə kimi Ermənistanın işğaldan azad olunan ərazilərlə bağlı mina xəritəsini Azərbaycana təqdim etməməsi beynəlxalq aləmdə ciddi qınağa səbəb olmalıdır”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan seçilən deputatı Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, 10 noyabr razılaşmasından irəli gələn məsələlərdən biri də ondan ibarət idi ki, artıq ölkələr arasında sülh və əməkdaşlıq prioritet olur. Bu mənada hər iki tərəf çalışmalı idi ki, postmüharibə dövründə ümumi işə töhfə versin. Ancaq biz bu gün qarşı tərəfin düşmənçilik mövqeyində qaldığını görürük.

“Ermənistan xəritələri vermir və İrəvan daha çox Azərbaycan vətəndaşının, hərbçilərimizin mina səbəbindən dünyasını dəyişməsində maraqlıdır. Bu isə Ermənistanın növbəti hərbi cinayəti sayılır. Moskva bəyanatından sonra xeyli sayda dinc sakin məhz ortada mina xəritəsinin olmaması səbəbindən həlak olub. Çünki minalanmış ərazilərin miqyası böyükdür. Xüsusilə də, Ağdam və Füzuli torpaqları hədsiz dərəcədə minalarla çirkləndirilib. Belə vəziyyət vətəndaşlarımız üçün ciddi təhlükələr vəd edir. Bu baxımdan Ermənistandan ərazilərimizdə basdırdıqları minalarla bağlı etibarlı sənədlər - xəritələr mütləq qaydada tələb olunmalıdır”.



C.Məmmədovun fikrincə, ayrı-ayrı beynəlxalq qurumlar, insan haqları təşkilatları da ermənilərin bu anti-humanist davranışlarına reaksiya verməlidir ki, İrəvan mina xəritəsini təqdim etsin. Azərbaycan hökuməti hazırda bu məsələlərlə bağlı aktiv işlər aparır. İşğaldan azad edilmiş ərazilərin sakinlərinə çağırışlar edilərək, ora icazəsiz səfərlər etməmək tövsiyə olunub.

“Yaxşı olardı ki, aidiyyəti təşkilatlar, beynəlxalq ictimaiyyət də mina xəritələri məsələsində aktiv olsunlar. Tez-tez vətəndaşlar bizə müracitlər edirlər ki, azad olunan torpaqlara, öz dədə-baba yurdlarına gedib, dağılmış evlərinə, qəbiristanlıqlara baş çəkmək üçün səbirsizlənirlər. Məsələn, mənim seçicilərim deyirlər ki, Cəbrayılı görmək istəyirlər. Birmənalı olaraq vurğulayırıq ki, tələsməyin, qətiyyən işğaldan azad edilmiş torpaqlara icazəsiz şəkildə keçməyin. İndiki vəziyyətdə ora ayaq basmaq həddindən artıq təhlükəlidir. Minalanmış ərazilərlə bağlı xəritələr bizdə yoxdur, hələ də bilinmir ki, harada, nə qədər, hansı formada mina basdırılıb. Vətəndaşlarımız istər Cəbrayılda, istərsə də Füzuli və ya Ağdamda zaman-zaman minaların qurbanı olurlar. Ona görə də millət vəkili olaraq davamlı şəkildə vətəndaşlara müraciətlər və tövsiylər edirik ki, bu ərazilərə getməsinlər. Düzdür, onları da müəyyən mənada anlamaq olar. İnsanlarımız 30 ilə yaxın müddətdə səbirsizliklə gözləyirdilər ki, doğma kəndləri, şəhərləri işğaldan azad olunsun və gedib öz evlərini, doğmalarının qəbirlərini ziyarət etsinlər. Amma hazırkı vəziyyət belədir ki, heç bir halda bu cür səfər təhlükəsiz olmur. Bir insan bu qədər müddətdə səbir edib və indi bir neçə ay dözə bilməyərək icazəsiz şəkildə qadağan olunmuş ərazilərə keçir, nəticədə minanın qurbanı olur. Ona görə də biz hazırda yalnız səbirli davranmalıyıq. Hökumətimiz, ANAMA, Türkiyədən, Rusiyadan olan müəyyən qurumlar, hərbçilər minaların aşkarlanması istiqamətində aktiv işləri davam etdirirlər. Torpaqlar təmizlənəndən sonra hamıya şərait yaradılacaq ki, gedib istədiyi ərazini görsün. Bir daha üzümü vətəndaşlarımıza tutaraq tövsiyə edirəm ki, bu ərazilərə ayaq basmasınlar. Minalanmış ərazilərə getməyin! Sizin o hisslərinizi, duyğularınızı anlayıram, hər birimiz istəyirik ki, Qarabağı yaxından görək, azad olunan tarixi ərazilərimizə baş çəkək. Amma özümüzü təhlükəyə atmamalıyıq. Cənab Prezident də bu məsələ ilə bağlı dəfələr münasibətini bildirib. Seçicilərimizə, eləcə də işğaldan azad edilmiş rayonların sakinlərinə müraciət edərək tövsiyə edirəm ki, çalışın birmənalı olaraq bu çağırışlara riayət edin, hələlik öz kənd və rayonlarınıza icazəsiz səfərlər təşkil etməyin. Bu özünüzün, yaxınlarınızın təhlükəsizliyi üçün də xüsusi önəm daşıyır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Cəbrayıl  





Xəbər lenti