Tağıyevin heykəli niyə qoyulmur? - “Tapşırıq gözləyirik...”

  19 Aprel 2021    Oxunub : 3512
 Tağıyevin heykəli niyə qoyulmur? -  “Tapşırıq gözləyirik...”
“Tağıyevin heykəlinin nə zaman yerləşdiriləcəyi ilə bağlı məlumat yoxdur”.

Bunu Azvision.az -a açıqlamasında heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib. Onun sözlərinə görə, Tağıyevin heykəlinin ötən ilin mart ayında qoyulması nəzərdə tutulsa da, tədbir bəzi səbəblərdən gecikir.
“Pandemiyanın olması, ölkəmizin müharibədən çıxması kimi amillər yəqin ki, bu işi gecikdirib. Mən heykəlin müəllifi kimi işimi bitirmişəm. Nə vaxt mənə tapşırıq veriləcək, o zaman heykəli aparıb yerləşdirəcəyik. Məndə heç bir məlumat yoxdur. İnsanlar heykəlin açılışını çoxdan gözləyir”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimovla əlaqə saxladıq. Meriya rəsmisi də mövzu barədə məlumatının olmadığını bildirib: “Gözləyirik, nə zaman tapşırıq verilərsə, o zaman icra edəcəyik”.

Qeyd edək ki, 2019-cu ildə Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tağıyev   Heykəl