Türkiyəli general “erməni soyqırımı” yalanlarını ifşa etdi - EKSKLÜZİV

Türkiyəli general “erməni soyqırımı” yalanlarını ifşa etdi -  EKSKLÜZİV
  24 Aprel 2021    Oxunub:14921
Tarixdə “erməni soyqırımı” baş verməyib. Bununla bağlı iddialar heç bir hüquqi və tarixi gerçəkliyi əks etdirmir. Soyqırımı axtaranlara Qafqazda milyonlarla insanın sürgün edilməsini, Xocalı qətliamını xatırlamasını tövsiyə edirik.
Bunu Azvision.az-a eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, general Yücel Karauz deyib.

Tarixi faktlardan nümunə gətirən general, ABŞ prezidentlərinin dönəmində qəbul edilmiş hesabatlara diqqət çəkib. O bildirib ki, prezident Vudro Vilsonun dönəmində hazırlanmış “Harbord” hesabatında qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların doğru olmadığı müəyyən edilib.

"Belə ki, Birinci Dünya Müharibəsindən sonra o zamankı ABŞ prezidenti Vudro Vilson tərəfindən Türkiyəyə amerikalı general James Guthrie Harbordun rəhbərlik etdiyi tədqiqat qrupu göndərilib. Onlar apardıqları geniş araşdırmadan sonra ətraflı hesabat hazırlayıblar. Amerikalı generalın hesabatında "soyqırım" iddialarının həqiqət payı olmadığı, Osmanlı ermənilərinin Türkiyənin heç bir yerində çoxluq təşkil etmədiyi göstərilib".

Y.Karauz əlavə edib ki, prezidentlər Corc Buş, Barak Obama dönəmlərində hazırlanmış hesabatlarda da erməni iddialarının tarixi gerçəklik olmadığı, bunların uydurma olduğu bəyan edilib:

“Sabiq prezident Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn də soyqırım iddiasını erməni tarixçilərinin uydurması adlandırıb. Reyqanın tapşırığı ilə aparılan araşdırmada məlum olub ki, “erməni soyqırımı” barədə deyilənlər əsassızdır, 1915-ci ildə öldürülmüş türklərin sayı daha çoxdur. Bunlar isə Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı imperiyasının arxivlərində saxlanılan sənədlərlə müəyyən edilib”.

O, ermənilərin Anadoluda 2 milyondan çox türkü öldürdüyünü diqqətə çatdırıb:

“Feyn deyib ki, türklər bizə öz arxivlərini açdılar, erməni tərəfi isə qətiyyətlə bundan imtina etdi. Əgər ermənilər öz arxivlərini açarsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər tarixi yalana yol verdikləri üçün türklərdən üzr istəmək məcburiyyətində qalacaqlar”.

Y.Karauzun sözlərinə görə, 1897-ci ildə Osmanlı imperiyasında yaşayan ermənilərin sayı 1 milyon 42 min olub, 1914-cü ildə isə Osmanlı coğrafiyasında 1 milyon 229 min erməni yaşayıb. Bu həqiqətə rəğmən erməni patrikliyi (kilsə idarəsi) Osmanlı ərazisində 2,5- 3 milyon erməni olduğu iddiasını ortaya atıb. Osmanlı imperiyasında yaşayan ermənilər 1877-78-ci illərdə ruslarla müharibədə silahlı dəstələr yaradaraq Osmanlı ordusuna qarşı böyük təxribatlar törədiblər. Həmçinin, Birinci Dünya müharibəsində - 1914-cü ildə Qərb dairələri ilə işbirliyinə girərək Osmanlıya qarşı çıxıblar, insanları qətlə yetiriblər.

General əlavə edib ki, Osmanlıda yaşayan bütün ermənilərin sürgün edilməsi ilə bağlı iddialar tamamilə yalandır. Belə ki, 1914-cü ildə 20-ə yaxın rayonda dağınıq şəkildə yaşayan ermənilərin yalnız 7 rayonda yerdəyişməsi baş verib. Ermənilərin xəyanəti, hər fürsətdə arxadan zərbə vurmaq, satqınlıqları və bunun dövlətin təhlükəsizliyinə təhdidi nəzərə alınaraq hökumət mayın 15-də ermənilərin yerdəyişməsi haqqında qərar qəbul etmək məcburiyyətində qalıb.

Müsahibimiz qeyd edib ki, 1965-ci ilə qədər ortada nə erməni soyqırımı, nə də insanların qətli ilə bağlı hər hansı ifadəyə rast gəlinir.

"1965-ci ildə qondarma “erməni soyqırımı”nın 50-ci ilindən etibarən erməni diasporası tərəfindən bunu bəlli bir planla güc sahibi olduqları ölkələrdə siyasi qərar halına gətirməyə çalışdılar. Ermənilərin soyqırıma məruz qalmadığı həm hüquq, həm də tarix baxımından bir gerçəklikdir. Türkiyə hər şeyə rəğmən yaxşı niyyət göstərərək arxivlərini açıb, ortaq komissiya qurulması təklifini irəli sürsə də, Ermənistan bundan imtina etdi, arxivlərini açmadı.

1071-ci ildə Malazgird döyüşü zamanı Bizans ordusunu arxadan vuran, 1878-ci ildə Osmanlı- Rusiya müharibəsində rusların tərəfini tutan, Birinci Dünya müharbəsində Qərb güclərinin tərəfində olan, Osmanlı əsgərinə arxadan xəncər vuran ermənilərin yerdəyişdirilməsi soyqırım deyil. Bu, erməni yalanı və hüquqdan, tarixdən uzaq boş sözlərdir. Soyqırımı arayanlara Qafqazlarda milyonlarla insanın sürgün edilməsini, Xocalını xatırlamasını tövsiyə edirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Erməni   Soyqırım   General  





Xəbər lenti