Arayik Moskvaya niyə çağırıldı? - Kreml hələ də susur

Arayik Moskvaya niyə çağırıldı? -  Kreml hələ də susur
  24 Aprel 2021    Oxunub:11539
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı rejimin rəhbəri Arayik Arutyunyan bu yaxınlarda Rusiyaya gizli səfər edib. Hərbi cinayətkarın Moskvaya hansı məqsədlə getməsi, onun kimlər tərəfindən Rusiyaya dəvət olunması mümkün qədər sirr olaraq saxlanılır. Ermənistan və Rusiya səlahiyyətliləri müəmmalı səfərin üstündən sükutla keçərək KİV-in suallarına cavab verməkdən imtina edirlər.
Erməni KİV-lərində yer alan məlumatlara əsasən, səfər Arutyunyanın öz istəyi ilə baş tutmayıb, onu kimliyi bizə bəlli olmayan şəxslər təcili Rusiya paytaxtına çağırıblar.

"Əldə etdiyimiz məlumata görə, Arayik Arutyunyan Moskvaya təcili şəkildə çağırılıb. Onun Rusiyaya “təlimat”landırılması üçün çağırıldığı ehtimal edilir. Rusiya xüsusi xidmət orqanları Arayikin Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və onu "özünə gətirməyə" çalışacaqlar. Etibarlı mənbəmiz onu da deyib ki, Arayik tanınmamış “respublika”nın rəhbəri olduğu üçün rəsmi qaydada qəbul olunmayacaq. Çox güman ki, Kremli narahat edən amillərdən biri də Arutyunyanın maddi cəhətdən Ermənistan səlahiyyətlilərindən asılı hala gəlib, bir növ İrəvana qandallanmasıdır”-, deyə erməni mediası yazıb.

Daha sonra erməni jurnalistlər keçmiş separatçıların nümayəndəsi Lusine Avanesyandan Arayikin Moskvaya “şəxsi səfər”ə getməsi xəbərinin doğru olub-olmadığını soruşublar. O, məlumatı birmənalı şəkildə inkar etməyib. Lusine "hazırda danışacaq bir sözüm yoxdur. Hələlik bu məsələ ilə bağlı heç bir şərhim olmayacaq", - deməklə kifayətlənib.

Mövzunu nəzərdə saxlayan “Hraparak” nəşri Arutyunyanın Rusiyada peyda olmasıyla bağlı diqqətçəkən məlumat yayaraq yeni versiyalar irəli sürüb. Belə ki, Arayiklə birlikdə onun həyat yoldaşının da Moskvada səfərdə olduğunu yazan nəşr separatçı "liderin" Rusiyaya təlimatlandırılması üçün çağırıldığını, habelə onun ailəsinin Moskvada ev almağa hazırlaşdığını açıqlayıb.

Ardınca Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan yayılan xəbərlərin doğru olduğunu bildirərək, ortalıqda avara uşaqlar kimi qalan keçmiş separatçı rəhbərin həqiqətən Moskvaya gəldiyini, onun burada görüşlər keçirdiyini təsdiqləyib.

Arayikin Moskva səfəri özlüyündə bir sıra sualla doğurur: Separatçılara Rusiyada qucaq açan kimlərdir? Hansı qüvvələr Azərbaycanı qəzəbləndirməyə çalışır? Məqsəd nədir?

Əlbəttə, Arutyunyan artıq böyük siyasi oyunlar üçün tamamilə yararsız və heç bir ciddi proseslərdə rol almayan oyuncaq fiqurdur. Amma bu səfərin reallaşmasında narahatlıq doğuran bəzi məqamlar var. Əvvəla, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejim artıq mövcud deyil. 10 noyabr bəyanatına imza atan Moskva İrəvanla bərabər Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyib və dövlət sərhədlərinin 30 il əvvəlki mövqelərə çəkilməsinə razılaşıb. 30 illik işğala son qoyan Azərbaycan 44 günlük müharibə nəticəsində haqq-ədaləti bərpa etməklə yanaşı, Qarabağdakı qondarma rejimi tarixin zibilliyinə göndərib.

Hazırda bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinin prioritet olduğu məqamda keçmiş qondarma rejimin tör-töküntüsünün Moskvaya çağırılması təsadüfi görünmür.Bu, həm də ondan xəbər verir ki, sülhqurucu missiyasını üzərinə götürən qonşu Rusiyada bəzi maraqlı dairələr vəziyyəti qəsdən gərginləşdirməyə, sülhə əngəl olmağa çalışır.

Həmin şəxslər kimlərdirsə Azərbaycanın səbrini daşırmağa can atır və bunun üçün istənilən təxribata getməyə hazırdırlar. Onlar həm də yaxşı bilirlər ki, Azərbaycanın müharibə cinayətkarı kimi axtarışa verdiyi bir şəxsin, keçmişdə İrəvanın əlində oyuncaq fiqura çevrilmiş separatçının Rusiya sərhədlərindən maneəsiz buraxılması Bakıda haqlı olaraq hiddət doğurur. Odur ki, uşaq qatilinin Rusiyaya səfərinə səssiz qalmayan Azərbaycanın ictimaiyyət nümayəndələri Rusiya Federasiyasının Bakıdakı səfirliyinə müraciət ünvanlayaraq məsələyə aydınlıq gətirilməsini tələb ediblər.

Digər diqqətçəkən məqam Azərbaycan ictimaiyyətinin Rusiyadan “İsgəndər-M” raketlərinin İrəvanın əlinə necə keçməsi ilə bağlı rəsmi məlumat gözlədiyi bir vaxtda, Kremlin Bakını qəzəbləndirən növbəti təxribata göz yummasıdır. Moskvanın niyə belə hərəkətə yol verdiyi bizə hələlik aydın deyil və orta cavabını gözləyən xeyli suallar var.

Rusiyanın “İsgəndər-M” müəmmasına aydınlıq gətirmədən axtarışda olan şəxsə qapılarını açması ilk növbədə bu ölkənin üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərə daban-dabana ziddir. Görünür, Moskvadakı gizli əllər bununla Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik əlaqələrini pozmağı hədəfləyirlər. Ehtimal etmək olar ki, Azərbaycanın Şuşa şəhərinə atılan qadağan olunmuş raketlərlə bağlı məsələni beynəlxalq gündəmə daşıması kimlərinsə xoşuna gəlməyib və müharibə cinayətkarını Rusiyaya dəvət etməklə diqqəti digər istiqamətə yönəltməyi qarşılarına məqsəd qoyublar. Təbii ki, bu bir ehtimaldır, Arayikin gizli Moskva səfərinin bizə məlum olmayan qaranlıq tərəfləri var.

Bu məqamda sual yaranır ki, Arutyunyan sərhədi keçərkən aidiyyəti qurumlara hansı sənədləri təqdim edib? Onun kimliyini təsdiq edən “sənəd” Rusiyada qəbul edilirmi? Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin əlini-qolunu sallayıb Moskvaya getməsinə hansı məntiqlə və qanunla icazə verilib?

Şübhəsiz ki, Rusiya sərhəd-buraxılış məntəqələrində separatçı lideri gülərüzlə qarşılayan personal onun axtarışda olmasını görməzdən gəlib, hətta sənədlərini belə yoxlamadan "Xoş gəlmişsiniz" deyə qarşılayıb və gedəcəyi ünvana qədər müşayiət ediblər. Şimal qonşumuz bununla separatizmə "yaşıl işıq" yandırdığının fərqində deyilmi? Hansısa terrorçuya görə qanunları ayaqlar altına atmağa dəyərmi?

Bunu edənlər başa düşməlidirlər ki, Azərbaycanın dinc sakinlərinə qarşı amansız müharibə cinayətləri törədən, yaşayış yerlərinin raket atəşinə tutulmasına görə məsuliyyəti öz üzərinə götürən caninin Rusiyaya sərbəst girişi, onun saxlanılaraq Bakıya təhvil verilməməsi beynəlxalq öhdəliklərin və qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Qarabağda atəşkəsə nəzarət edən Rusiyada əli günahsız insanların qanına bulaşmış qatilə dəstək göstərilməsi, ölkələr arasında razılaşdırılmış öhdəliklərin yerinə yetirilməməsi təəccüb doğurmağa bilməz. Separatçılara meydan vermək tarixini ənənələri olan bir ölkəyə yaraşan davranış deyil. Yaxşı olardı ki, Rusiya rəhbərliyi ölkənin imicinə zərər vuran səlahiyyətli şəxsləri cəzalandıraraq, ədalətli mövqeyini ortaya qoysun.

Arayikin Moskvadakı dostları bununla nəyə nail olmaq istəyirlər?

Beynəlxalq təcrübəyə əsasən, Rusiya hüquqi sahədə əməkdaşlıq prizmasından çıxış edərək axtarışda olan separatçını Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verməli idi. Moskva bu addımı atmaqla həqiqətən Qarabağda sülh və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, beynəlxalq öhdəliklərinə sadiq qaldığını nümayiş etdirə bilərdi. Təəssüf ki, Kreml bunu etmədi və biz bunun tam əksini müşahidə etdik.

Əvvəl "İsgəndər-M" müəmması, ardınca Arayikin gizli səfərindən yaranan suallar nədənsə hələ də havada qalır, rəsmi Moskva məsələyə aydınlıq gətirməyə tələsmir. Rusiya nümayəndələri bu cür laqeyd yanaşmanın Azərbaycanla çoxillik dostluq və strateji münasibətlərə xələl gətirdiyini anlamamış deyillər. Qonşu ölkə rəsmiləri etirazlar şiddətlənmədən Bakının tələb etdiyi kimi, dərhal baş verən olaylara aydınlıq gətirməli, hansı mövqedə olduqlarını bəyan etməlidirlər. Əks halda Azərbaycanın adekvat addımları qaçılmaz olacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Arutyunyan   Moskva   Səfər   Qarabağ   Təxribat  





Xəbər lenti