Vətən müharibəsindən sonra Azərbaycada regional inkişaf

Vətən müharibəsindən sonra Azərbaycada regional inkişaf
  24 Aprel 2021    Oxunub:3604
COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda regionların sosial-iqtisadi inkişaf strategiyası uğurla davam etdirilir. Pandemiya şəraitində Prezident İlham Əliyevin regionlara vaxtaşırı səfər etməsi, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edən layihələrin icrasını nəzarətdə saxlaması dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.
Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır.

44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallıq yaradıb. Bu müharibə yalnız hərbi–siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə də yeni situasiya formalaşdırıb. Azərbaycan müharibədə qalib gəlməklə, cənab Prezidentin qeyd etdiyi kimi, regionda yeni təhlükəsizlik formatı yaradılmasına nail olub. Eyni zamanda, yeni iqtisadi əməkdaşlıq perespektivləri yaranıb. Kommunikasiyaların açılması, çoxtərəfli iqtisadi əlaqələrin qurulması regionun həyatında yeni bir mərhələnin başlanılması demək olacaq.

Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın tarixi missiyasıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”. İşğaldan azad olunmuş torpaqlarımızda yeni avtomobil yollarının salınması, Şuşa şəhərinə “Zəfər yolu”nun çəkilməsi deməyə əsas verir ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan bütün istiqamətlərdə lazımi işləri görməyə davam edir. Nəzərə alsaq ki, həmin torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Müqayisə aparmaqla həmin əraziləri təsəvvür etmək mümkündür. Nəzərə almaq lazımdır ki, 4 Lüksemburq boyda ərazini Azərbaycan yenidən inşa etməlidir, çünki mənfur düşmən bütün infrastrukturu məhv edib, dağıdıb. İndi bütün dünya erməni faşizminin hansı vəhşilikləri törətməyə qadir olduğunu öz gözləri ilə görüb. Azərbaycan müharibə nəticəsində ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də erməni faşizmini məhv edib.

Şübhəsiz ki, regionlarda həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinə, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasına, işsizlik probleminin həllinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və sənaye məhəllələri önəmli mexanizmlərdir.



Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir. Regionlarda yeni sənaye məhəllələrinin yaradılması bunun bariz nümunəsidir. Ötən illər ərzində qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılıb. Müasir istehsal infrastrukturuna malik sənaye məhəllələrinin yaradılması ölkəmizdə sənayenin, eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını təmin edən əsas amillərdəndir. Sənaye məhəllələrinin bölgələrdə yaradılmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bölgələrdə yaşayan əhalinin məşğulluğu təmin edilir, nəticədə, insanların sosial-rifah halı yaxşılaşır. Ölkədə sənaye məhəllələrinin yaradılması Prezident İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla təsdiq edilmiş ölkədə sənayenin inkişafına dair Dövlət proqramlarına əsasən, həyata keçirilir.

Yeni sosial obyektlərin istifadəyə verilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir. Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas yer tutur. Prezident İlham Əliyev ilk gündən bu tezisi irəli sürüb ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Həmçinin ölkə ictimaiyyətinin irəli sürülən təşəbbüsləri, atılan addımları dəstəkləməsi böyük ruh yüksəkliyi yaradır. Bu gün bölgələr arasında sağlam rəqabətin mövcudluğu rayonların inkişafına, onların simasının tamamilə dəyişməsinə, malik olduqları resurslardan səmərəli istifadəyə geniş imkanlar yaradır.

Bölgələrin sosial-iqtisadi inkişafının prioritetliyi pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda belə dövlət başçımızın rayonlara səfərlərində özünün aydın ifadəsini tapır: “Prezident İlham Əliyev ölkə ictimaiyyəti ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. O da məlumdur ki, dövlət başçısının bölgələrə hər bir səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Pandemiya şəraitində, eyni zamanda, 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə ölkə ictimaiyyəti Prezidentin həmişə olduğu kimi, yenə də fəaliyyətinin əsas tərkib hissəsi olan rayonlara səfərlərinin şahidi oldu və hər bir səfər yeni sosial obyektlərin açılışı ilə yadda qaldı. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərimizə də mütəmadi səfərlərini gerçəkləşdirən Prezident İlham Əliyev bildirir ki, məqsəd buraya qayıdan insanların yüksək həyat şəraitini təmin etmək, quruculuq və abadlıq işlərini daha müasir şəkildə həyata keçirərək, bu əraziləri cənnətməkana çevirməkdir”.

Sarıbala Babayaev
M.Hacıyev adına Ərəb kənd ümumi orta məktəbin müəllimi,
Xırmandalı ərazisi üzrə təbliğat qrupunun rəhbəri




Teqlər:





Xəbər lenti