“1915-ci il hadisələri soyqırım kimi qəbul edilə bilməz” - Gürcü alim

 “1915-ci il hadisələri soyqırım kimi qəbul edilə bilməz” -  Gürcü alim
  24 Aprel 2021    Oxunub:3556
1915-ci il hadisələri soyqırım kimi qəbul edilə bilməz. Ermənilərin həmin hadisələrlə bağlı iddiaları yalandır.
Azvision.az xəbər verir ki, bunu gürcü politoloq, tarixçi alim Simon Kopadze deyib. Onun sözlərinə görə, erməni cəmiyyəti 106 il bundan əvvəl baş vermiş hadisələri tarix arxivlərində araşdırmaq istəmir:

"Türkiyə hökümətinin dəfələrlə çağırış etməsinə baxmayaraq, ermənilər arxivlərdə araşdırma aparmaqdan yayınırlar. Həmin dövrdə baş verən hadisələrə geniş aspektdən baxmaq lazımdır. 1915-ci ildə Rusiya ilə müharibə vəziyyətində olan Osmanlı imperiyası bir tərəfdən Çanaqqalada hücuma məruz qalmış, digər tərəfdən ermənilərin separatçı hərəkətlərinə qarşı qabaqlayıcı tədbirlər görməli idi".

S.Kopadze qeyd edib ki, hər zaman xarici qüvvələrdən dəstək olan erməni separatçıları 1915-ci ildən əvvəl də Osmanlı imperiyasına qarşı terror aktları törədib.

"O dövrdə Rusiyanın köməyi ilə ermənilərdən ibarət silahlı dəstələr yaradılmışdı və onlara döyüş təlimləri keçirilirdi. Təəssüf ki, 1890-cı ildə Tbilisidə qurulan "Daşnaksütyun" partiyası (erməni inqilabi partiyası) o dövr üçün münaqişə təcrübəsinə malik idi. 1905-ci ildən bəri Gürcüstanda və Azərbaycanda ermənilər tərəfindən müxtəlif terror aktları törədilmişdi. Erməni təşkilatların cinayətkar keçmişi var.

Ermənilər 1915-ci il hadisələrini soyqırım olaraq təbliğ edirlərsə, o zaman onların həmin dövlərdə lazlara, yəhudilərə, kürdlərə və azərbaycanlılara qarşı etdikləri hərəkətə nə ad verək? Onlar Batumiyə yaxın ərazidə yaşayan bir neçə laz kəndini tamamilə yox ediblər".

Kopadze 1915-ci ildə yaşanan hadisələrin müharibə dövründə baş verdiyini və burada erməni xalqına qarşı heç kimin soyqırım törətmədiyini qeyd edib: "Ermənilər Xocalıda qırğın törədiblər, amma 1915-ci il hadisələri belə deyil".

Politoloq hesab edir ki, qondarma soyqırım iddiasının gündəmə gətirilməsi Rusiyanın marağındadır.

"Fransa kimi bəzi ölkələrin erməni iddialarını qəbul etmələri düzgün deyil. Ermənilər bu iddiaları özlərinə uyğun tətbiq etməyə çalışırlar, əslində bu vəziyyət Rusiyanın marağındadır. Ermənilər müxtəlif cəhdlərlə Gürcüstanda da 1915-cu il hadisələrini soyqırım kimi tanıtmağa çalışıblar. Lakin Gürcüstan bunu qəbul etməyib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Gürcüstan   Erməni  





Xəbər lenti