Azərbaycan tarixində Ulu Öndər fenomeni

  08 May 2021    Oxunub :5839
Azərbaycan tarixində Ulu Öndər fenomeni
Heydər Əliyevin həyat və fəaliyyəti xalqın siyasi varlığı ilə, dövlət və dövlətçiliklə o dərəcədə sıx surətdə bağlı idi ki, onun ideyaları ictimai-iqtisadi həyatın, dövlət quruculuğunun bütün sahələrinə dərindən nüfuz etmişdi. Siyasi liderliklə milli liderlik keyfiyyətlərinin bir şəxsdə birləşməsi bəşər tarixində nadir hallarda rast gələn haldır. Heydər Əliyev bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdi.
Həm böyük rəhbər, komandan, siyasət qrossmeysteri, natiq, filosof, ideoloji lider, həm də iqtisadi və mədəni-mənəvi quruculuq sahələrində əvəzsiz iz qoymuş bu dahi şəxsiyyətin ideyaları da tarixin yaddaşına həmişəlik həkk olunmuşdur. Hələ sağlığında ikən müdrik fikirləri dillərdə əzbər olmuş, böyüş filosofların aforizmləri ilə bir sırada yer tutmuş, bir çox xarici dillərdə nəşr olunmuşdur.

Heydər Əliyevin həm nəzəri, həmdə praktiki ideyaları bu gün də aktuallığını itirməmiş və bir sıra əməli fəaliyyət sahələrində tətbiq olunmaqdadır. Onun bir siyasi rəhbər və lider kimi oynadığı misilsiz rol hamıya məlumdur.

Hər bir ölkənin tarixində elə an var ki, o ölkə üçün həlledici olub onun tarixini dəyişir. Belə anlar dünya tarixində də mövcuddur və bunlar dünyanın ulduzlu anları adlandırılır. Müstəqil Azərbaycanın da tarixində elə anlar var ki, onlar ölkə üçün həlledici olub, ölkə fəlakətdən xilas olub. Əgər 15 iyun 1993- cü ildə Heydər Əliyev Bakıya dönməsə idi, ölkənin başında durmasa idi, kim bilir, ölkədə nələr baş verərdi və Azərbaycan xalqı hansı faciələrlə qarşılaşacaqdı.

Bu baxımdan Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri, Azərbaycan üçün ulduzlu anlardan biri - 15 iyun 1993-cü il oldu. Bu ərəfədə alovlar içində yanan Azərbaycan parçalanma təhlükəsi qarşısında idi. İdarə olunmayan silahlı dəstələrin, səriştəsiz “siyasətçilər”in hakimiyyət uğrunda apardıqları mübarizənin yaratdığı problemlərin ağırlığı Azərbaycan xalqının üzərinə düşürdü.

15 iyun 1993- cü ildə ölkəmiz və ümumiyyətlə, bölgə üçün tarixi hadisə baş verdi. Heydər Əliyev Naxçıvandan Bakıya döndü və Azərbaycan Parlamentinin rəhbəri seçildi. Bununla da tarixin axarı dəyişdi. Azərbaycan öz müstəqilliyini qoruyb saxlaya bildi, dünya ölkələri arasında tanındı və inkişaf başladı.

Dünya siyasi arenasında çox nadir şəxsiyyətlər digərlərinə məxsus olmayan dərin intellekt və bilikləri ilə fərqlənərək, baş verən gözlənilməz hadisələrdə qeyri-adi addımlar atıb çıxış yolu tapır. Belə tarixi şəxsiyyətlərdən biri Azərbaycanın qismətinə düşüb. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının ən ağır çağlarında onunla birgə olmuşdur.

Bu gün regionun ən qüdrətli ölkəsi sayılan Azərbaycanın siyasi gücü hər an artmaqdadır. Əldə etdiyimiz bütün uğurların səbəbi isə möhtərəm Prezidentimizin dünya siyasətində və dövlətçilik təcrübəsində hər cür maneələri dəf etmiş Heydər Əliyev kursunu davam etdirməsi və bütün məsələlərdə xalqla yekdil olması idi.

Xalqımız əmindir ki, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqına ərməğan etdiyi əvəzsiz irs, onun siyasətinin layiqli davamçısı olan Prezidentimiz cənab İlham Əliyev tərəfindən qorunub saxlanılacaq və onun rəhbərliyi altında Azərbaycanda bundan sonrada sürətlə inkişaf edəcəkdir.

Namiq Muradov,
Qərbi Azərbaycan İcması Gənclər Təçkilatının sədri

Teqlər: Ulu-Öndər   Heydər-Əliyev