“Mina xəritələri verilməsə, bugünkü faciə təkrarlana bilər” - Hafiz Səfixanov

“Mina xəritələri verilməsə, bugünkü faciə təkrarlana bilər” -  Hafiz Səfixanov
  04 İyun 2021    Oxunub:2636
“Kəlbəcərdəki dəhşətli mina faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlayacağıq”.

Bunu Azvision.az –a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Ermənistan hərbçisi sərhəddə minaya düşüb
Təşkilat rəhbəri bildirib ki, artıq beynəlxalq təşkilatlar ciddi şəkildə həyəcan təbili çalmalıdır: “Həqiqətən də bugünkü hadisə çox dəhşətli faciədir. Təəssüf ki, media nümayəndələrimiz peşə fəaliyyətini yerinə yetirərkən mina qurbanına çevrildilər. Mina dəhşətləri hələ də davam edir. Bu, bir daha onu göstərir ki, heç kim mina təhlükəsindən sığortalanmayıb, hərbçilərdən tutmuş, mülki şəxslər, media nümayəndələrinə qədər istənilən şəxs hər an faciə ilə üzləşə bilər. Nəhayət, hamı əlini daşın altına qoymalıdır, Ermənistana bu mövzuda təzyiqlər gücləndirilməlidir. Burada söhbət təkcə mina problemləri ilə məşğul olan təşkilatlardan getmir, jurnalist təşkilatları, digər qurumlar da məsələyə ciddi şəkildə qarışmalıdır”.

Hafiz Səfixanov vurğulayıb ki, dövlətimiz bu istiqamətdə lazımi addımları atır. İndi bütün təşkilatlar birləşib problemi beynəlxalq aləmdə gündəmə daşımalıdır:

“Bir sözlə, minalanmış ərazilərin xəritələrinin gizlədilməsi məsələsi daim gündəmdə saxlanılmalıdır ki, qarşı tərəf mənfur niyyətindən əl çəksin. Ermənistana təzyiq olmasa, bugünkü faciələr təkrarlana bilər. Beynəlxalq təcrübə göstərir ki, minalarla çirklənmiş torpaqlarla bağlı xəritələr üzə çıxmasa, belə gizli təhlükələrin yaradacağı itkilər bundan sonra da olacaq”.

Təşkilat sədri onu da bildirib ki, bu gün “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” adından ayrı-ayrı beynəlxalq qurumlara müraciət ünvanlanacaq.

Qeyd edək ki Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Oxşar mövzu:

“Kəlbəcərdəki faciə hərbi cinayətlərin pik nöqtəsi oldu” - Rəşad Məcid

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Kəlbəcər  





Xəbər lenti