Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu - VİDEO (YENİLƏNİB)

 Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu -  VİDEO (YENİLƏNİB)
  06 İyun 2021    Oxunub:2990
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peres Bakıda birinci olub.

İkinci yerdə “Aston Martin” komandasının almaniyalı pilotu Sebastian Fettel qərarlaşıb. “AlphaTauri” komandasının fransalı təmsilçisi Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.



***
(16:00)

Bakıda "Formula 1" Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib.

Azvision.az xəbər verir ki, Qran-Prinin açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib. Himnimizi Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva ifadə ediblər.

Himn səsləndirilən zaman trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Dövlət Bayrağını tutublar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanıblar.



Daha sonra yarış başlayıb. Qran-Pridə hər birində 2 pilot olmaqla on komanda mübarizə aparıb. Belə ki, yarışda “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışırlar. “Red Bull Racing Honda” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparacaqlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edəcəklər. Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandalarının idman şərəfini qoruyublar.

Qeyd edək ki, pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Azərbaycan Qran-Prisi Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsidir.

Azvision.az


Teqlər: Foruma-1   Qran-Pri  





Xəbər lenti