Niderlandda “Mina ölümünə stop!” aksiyaları - FOTO

 Niderlandda “Mina ölümünə stop!” aksiyaları -  FOTO
  08 İyun 2021    Oxunub:1621
Niderland Krallığının Rotterdam və Haaqa şəhərlərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü və təşkilatçılığı ilə bu şəhərlərdə yaşayan gənc soydaşlarımız “Mina ölümünə stop!” aksiyaları keçiriblər.
Azvision.az xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində Ermənistanın yerləşdirdiyi tank əleyhinə minaya düşərək həlak olmasından kədərlənən Niderlandda yaşayan gənc soydaşlarımız etiraz aksiyası keçiriblər. Gənc soydaşlarımıza niderlandlı yaşıdları da qoşulub. Gənclər əllərində “Mina ölümünə son!”, “Ermənistan, mina xəritələrini ver!” yazılmış plakatlarla şəhərlərin əhalinin sıx olduğu məkanlarında Ermənistanın mina xəritələrini verməməsinə etirazlarını nümayiş etdiriblər, Ermənistanın dağıdıcı mövqeyini yerli sakinlərə çatdırıblar. Aksiya iştirakçıları onlara yaxınlaşaraq, sual verən şəhər sakinlərinin bütün suallarını cavablandırıblar.



Qarabağ və onun ətrafındakı rayonların 30 il Ermənistanın işğalı altında olması, işğal dövründə ərazilərimizin erməni silahlı qüvvələri tərəfindən minalanması və bu gün mina xəritələrini verməkdən imtina edilməsi ilə bağlı ətrafı məlumat veriblər. Ermənistanın yerləşdirdiyi minalardan 100-dək mülki əhalinin həlak olduğunu vurğulayan aksiya iştirakçıları mina xəritələrinin verilməməsinə görə öz peşə fəaliyyətini həyata keçirən jurnalistlərin, yerli icra hakimiyyəti nümayəndəsinin həlak olduğunu qeyd ediblər.



Sakinlərdən bəziləri Qarabağ münaqişəsi haqqında məlumatlı olduqlarını bildirərək, günahsız insanların minaların qurbanı olmasını pisləyib, mina qurbanlarının ailə üzvlərinə və yaxınlarına həmrəyliklərini bildiriblər.

Azvision.az


Teqlər: Niderland   Aksiya  





Xəbər lenti