Cümhuriyyət Fədaisi: Fətəli Xan Xoyskinin ölümündən 101 il keçir

  Cümhuriyyət Fədaisi:  Fətəli Xan Xoyskinin ölümündən 101 il keçir
  19 İyun 2021    Oxunub:6211
Bu gün Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri, xarici işlər naziri olan Fətəli xan Xoyskinin ölümünün 101-ci ildönümüdür.
Fətəli xan 1875-ci il dekabrın 7-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. O, Xoy və Şəki xanlarının nəslindəndir. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının general-leytenantı idi. O, 1892-ci ildə Yеlizavеtpol (Gəncə) klassik gimnaziyasını bitirdikdən sonra Moskva Univеrsitеtinin hüquq fakültəsinə daxil olub, 1897-ci ildə buranı birinci dərəcəli diplomla bitirib.

Hüquqşünas kimi fəaliyyət göstərdiyi dövrdə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanıb. Bu etimadın nəticəsi olaraq Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilib və Dumanın müsəlman fraksiyasına daxil olub. Dumadakı fəaliyyətində Fətəli xan öz çıxış və təkliflərində çarizmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyasəti yeritməsini pisləyir və Azərbaycanın muxtariyyatı məsələsini davamlı gündəmə gətirirdi. F.Xoyski xalqları müstəmləkəçilikdən azad etməyin vacibliyini deyən cəsarətli, vətənpərvər ziyalı kimi tanınırdı.

Duma tribunasında Fətəli xan deputat səlahiyyətlərindən istifadə edərək, xalqın mənafeyi ilə bağlı bütün məsələlər ətrafında öz fikrini bildirib. Onun bu sahədə gördüyü işlər sonrakı siyasi fəaliyyəti üçün bir başlanğıc idi.

Fətəli xan Xoyski 1917-ci ilin əvvəllərinə kimi əvvəllcə Gəncə, sonra isə Bakı dairə məhkəmələrində andlı müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmayıb və xalq arasında böyük nüfuz qazanıb.



1917-ci ilin fevral inqilabı, çarizm üsul-idarəsi devrilməsindən onra Xoyskinin fəaliyyətinin yeni dövrü başlayır. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya Seyminin üzvü və 1918-ci il aprеlində müstəqil elan edilən Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olub. 1918-ci il mayın 26-da Zaqafqaziya Sеyminin sonuncu iclasında Sеymin buraxılması və Gürcüstanın müstəqilliyi еlan еdilməsi barədə qərar qəbul еdilib. Həmin ilin mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclası kеçirilib və M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi yaradılıb.

Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-də kеçirilən iclasında İstiqlal Bəyannaməsini imzalayan 24 nəfərdən biri Xoyski olub. Həmin iclasda Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil еtməyi tapşırıb. Xoyski bir saatlıq fasilədən sonra Milli Şuranın iclasına hökumətin tərkibini təqdim еdib.



Tarixçi alim, jurnalist Nəsiman Yaqublu Azvision.az -a bildirib ki, Azərbaycan cumhuriyyətinin yaradılmasında, formalaşmasında Fətəli Xan Xoyskinin böyük rolu olub: “1918-ci ilin mayın 28-də Azərbaycan cumhuriyyəti elan olunanda və ilk hökümət kabineti təşkil ediləndə Fətəli Xan Xoyski Nazirlər Şurasının sədri seçilib, həm də bizim ilk daxili işlər naziri olub. Yəni, iki vəzifəni eyni anda yerinə yetirib və bu vəziyyət 1918-ci il dekabrın 26-a qədər davam edib. Sonradan Azərbaycan Cumhuriyyəti hökümətində Baş nazir vəzifəsinə getdikdən sonra xarici işlər naziri vəzifəsini yerinə yetirib”.

1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya gedib. Xoyskinin istefasının başlıca səbəbi Nazirlər Şurasında işləyən bir məmurun korrupsiya faktına yol verməsi olub.



N.Yaqublu deyir ki, Fətəli xan Xoyski çox böyük xidmətlər göstərmiş şəxsiyyətdir: “Fətəli xanın Zaqafqaziya seymində fəaliyyəti, çıxışları haqqında geniş yazılıb. Amma onun Azərbaycan Cumhuriyyəti dövründə fəaliyyəti bizi daha çox cəlb edir. Azərbaycanın müstəqil respublika, dövlət olması haqqında ilk məlumatı radio vasitəsilə dünya ölkələrinə göndərən Fətəli Xan Xoyski olub. Mayın 30-da radioqramla belə bir məlumat göndərdib: “Azərbaycan Milli Şurası mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olmaqla Azərbaycanın müstəqilliyini elan edir. Sizdən öz hökümətinizi məlumatlandırmağınızı istəyir və bizim hökümətimizin müvəqqəti olaraq Yelizavetpolda (Gəncədə) yerləşdiriləcəyini diqqətə çatdırırıq”.

Fətəli Xan Xoyski Nazirlər Şurasında olan dövrdə Azərbaycanın ən ağır və ən çətin vaxtları idi. Bakı azad edilməmişdi və ermənilərin, digər xəyanətkar qrupların əlində idi. Fətəli xan Xoyskinin yaratdığı kabinet 1918-ci ilin sentyabrın 16-a qədər Gəncədə yerləşib. Tarixçi alim hökümətin Gəncədə çox ağır şəraitdə fəaliyyət göstərdiyini söyləyir: “Bakı sentyabrın 15-də azad ediləndən 2 gün sonra Fətəli Xan Xoyski artıq Nazirlər Şurasını burada idarə edirdi.



Fətəli xan Nazirlər Şurasının sədri olduğu dövrdə Azərbaycanın taleyi üçün mühüm qərarlar qəbul edildi. Çünki o dövrdə bizim parlament yox idi, bütün qərarları Nazirlər Şurası verirdi. Mühüm qərarlardan birincisi bir neçə gündən sonra qeyd edəcəyimiz Azərbaycan Silahlı Qüvvələr günü onun adı ilə bağlıdır. Belə ki, 1918-ci il iyun ayının 26-da Xoyskinin rəhbərlik etdiyi hökumətin 26 iyun tarixli qərarı ilə Azərbaycanın Milli Ordusu formalaşdırıldı. 27 iyunda hökumət türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi. Xoyski hökumətinin 12 iyulda çıxardığı önəmli və rəmzi bir qərar Azərbaycan Cümhuriyyətinin bütün ərazisində vaxtın Bakı vaxtı ilə hesablanması haqqında oldu. Bu, əslində, milli hakimiyyətin Bakını alacağına sarsılmaz inamının ifadəsi idi. 1918-ci ilin noyabrın 9-da Azərbaycanın üçrəngli dövlət bayrağı haqqında qərar qəbul edildi. Elə həmin günü mətbuat üzərindən senzura götürülməsi haqqında qərar oldu.
Xoyski 1919-cu ilin noyabrında Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərini həll etmək üçün çağırılması nəzərdə tutulan konfransda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin sədri təyin olunur. Həmin il dekabrın 22-də N.Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinetində Xoyski xarici işlər naziri vəzifəsi tutur və 1920-ci ilin aprelinə qədər həmin vəzifədə qalır".



Fətəli xan Xoyski Nazirlər Şurasının sədri olduğu dövrdə Azərbaycan dövlətçiliyinin həm idarəçilik, həm də tədricən qanuni bazanın yaradılması baxımından təməl prinsipləri qoyuldu.

- Çox təəssüflər olsun ki, ermənilər boşeviklərin əli ilə onu izlədilər və 1920-ci ilin bu günündə Tiflisdə qətlə yetirdilər. Xoyski qətlə yetiriləndən sonra qızının həyat yoldaşı Davud Hüseynovu həbs edib, güllələdilər. Ailəsini Sibirə göndərdilər. O, bütövlükdə həyatını Azərbaycanın azadlığına, istiqlalına həsr etmiş şəxsiyyətdir,- deyə tarixçi vurğulayıb.

Fətəli xan Xoyskinin çıxışlarında, məktublarında, yazılarında, dövlət görüşlərində Azərbaycanın müstəqilliyi, dövlət idarəçiliyi məsələləri əsas yer tutur. Bu baxımdan onun Mudros müqaviləsi və Türkiyə qoşunlarının noyabr ayında ölkəni tərk etməsindən sonra Bakıya gələn İttifaq Komandanı general Tomsonun Azərbaycanın müstəqilliyini qəbul etməməsilə bağlı danışığını xüsusi vurğulamaq olar.

Fətəli xan:
- Siz böyük bir millət, böyük imperiyasınız. Eyni zamanda, mədəni bir miilətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız.
General Tomson:
- Bu söylədikləriniz siyasi şeylərdir, iki dövlət arasında cərəyan edər. Mən isə bir əsgərəm.
Fətəli xan:
- Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm.
Tomson tərcüməçiyə müraciətlə:
- Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə, Cümhuriyyətinizin ordusu hələ qurulmamışdır.
Fətəli xan tərcüməçiyə:
- General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə olduğunu bilmir, ya da hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik.

Bu sərt danışıq və ingilislərə qapını göstərən Xan Xoyskinin səsini tonu ingilis generalını yumşaldır. Tomson dekabrın 29-da bəyanat verdi: «Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb, elan edirəm ki, İttifaq Komandanlığı tərəfindən bu hökumət Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə ediləcək”.

Azvision.az


Teqlər: Fətəli-Xan-Xoyski  





Xəbər lenti