ATƏT PA-da Azərbaycandan Türkiyəyə dəstək

  05 İyul 2021    Oxunub :572
 ATƏT PA-da Azərbaycandan Türkiyəyə dəstək
Vyana şəhərində ATƏT Parlament Assambleyası (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib. İyulun 6-dək davam edəcək sessiyada Azərbaycanı ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təmsil edir.
Azvision.az xəbər verir ki, Azay Quliyev pandemiya dövründə qurumun rəsmi orqanlarının fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, son bir il yarımı əhatə edən dövrdə təşkilatın fəaliyyətini təşkil etmək və virtual toplantılar əsasında sənədlərin müzakirə və qəbulunu həyata keçirmək böyük səylər tələb edib. A.Quliyev təşkilatın prezidenti və katibliyin rəhbərinə bu fəaliyyət görə təşəkkür edib.

Azərbaycan nümayəndəsi çıxışında ATƏT Parlament Assambleyasının Helsinki Yekun Aktının qəbul edilməsinin 50 illiyi ilə əlaqədar olaraq irəli sürülən “Helsinki+50 prosesi” təşəbbüsü çərçivəsində görülmüş işləri dəyərləndirib və bununla bağlı tezliklə ayrıca bir konfransın keçirilməsinin vacibliyini qeyd edib.

İclas zamanı “Təxirəsalınmaz məsələlər” çərçivəsində ABŞ-ın təklif etdiyi “ATƏT məkanında nifrət, dözümsüzlük, şiddət və diskriminasiyanın artmasına qarşı” qətnamə layihəsi də müzakirə edilib. Sənədin müzakirəsi zamanı Azay Quliyev çıxış edərək, qətnamə layihəsinin əksər müddəalarını təqdir edib, lakin sənədin bir sıra mühüm məqamları, dolğun şəkildə əhatə etmədiyini diqqətə çatdırıb.

Azərbaycan nümayəndəsi ilk növbədə Türkiyənin maraqlarına cavab verməyən maddələrin qətnamədən çıxarılmasına çağırıb və türkiyəli həmkarlar ilə birlikdə düzəliş təkliflərini hazırlayaraq ABŞ nümayəndələrinin diqqətinə çatdırıb. Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəyin nəticəsində ABŞ təmsilçisi qətnamə layihəsinə verilən düzəlişləri məqbul hesab edib.

Azvision.az

Teqlər: ATƏT-PA   Türkiyə  






Xəbər lenti