Türk PUA-larının dəyəri artır: Albaniya da "Bayraktar"ı seçdi

   Türk PUA-larının dəyəri artır:    Albaniya da "Bayraktar"ı seçdi
  07 İyul 2021    Oxunub:1906
Dünyada Türkiyənin Pilotsuz Uçan Apparatlarına (PUA) olan maraq artmaqdadır. Azərbaycan Ordusunun arsenalında olan Türkiyənin “Bayraktar” PUA-larının İkinci Qarabağ müharibəsində uğurla istifadə olunması bu yeni nəsil hərbi aviasiya məhsuluna olan marağı birə-beş artırdı.
Müharibədən sonra bir sıra ölkələr ordularının “Bayraktar”la gücləndirilməsində maraqlı olduqlarını ortaya qoydular. Bu sıraya Albaniya da qoşulub. Belə ki, Albaniya parlamenti Türkiyə istehsalı olan PUA-ların alınması üçün büdcədən pul ayrılmasını təsdiqləyib. Azvision.az xəbər verir ki, bu barədə "Air Recognition" məlumat yayıb. Qeyd edilir ki, Türkiyənin "TRT World" televiziya kanalında gedən bir xəbərə görə, artıq Albaniya hökumətinin "Bayraktar TB2" PUA-ları alacağı təsdiqlənib. Məqalədə hökumətin məhz İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrinin "Bayraktar"lardan uğurlu istifadə etməsindən sonra Türkiyə istehsalı olan hücum PUA-larını seçdiyi yazılıb. PUA-ların alınması üçün büdcədən 8,2 milyon avro əlavə vəsait ayrılacaq.

Yazıda o da xatırladılır ki, 2020-ci ildə COVID-19 pandemiyası başlamazdan əvvəl Bolqarıstan hökuməti ilə də altı "Bayraktar TB2" -nin alınması ilə bağlı danışıqlar aparılmışdı. Ancaq karantin tədbirlərinin ləğvindən sonra hərbi büdcəyə yenidən baxıldı və satınalma 2021-ci ilin ikinci yarısına qədər təxirə salındı.



Qeyd edək ki, ötən il Vətən müharibəsi zamanı Azərbaycan ordusunun döyüşlərdə aktiv şəkildə istifadə etdiyi “Bayraktar”ların effektli döyüş vasitələri olması üzə çıxdı. Müharibədən sonra Polşa, Ukrayna, Albaniya, Bolqarıstanla yanaşı, bir sıra Asiya ölkələri də PUA-ların məhz Türkiyədən alınmasına qərar veriblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: PUA   Albaniya   Türkiyə   Ordu  





Xəbər lenti