“Hakimiyyət daxilində qruplaşma ola bilməz” - Siyavuş Novruzov

“Hakimiyyət daxilində qruplaşma ola bilməz” - Siyavuş Novruzov
  18 Mart 2014    Oxunub:1239
“Adları hallanan şəxslər də özləri çıxıb cavab verə bilər ki, hansı cərəyana qulluq edirlər”
AzVision.az Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun “Media forum” saytına verdiyi müsahibəni təqdim edir:

- Son günlər bir neçə məmur vəzifəsindən azad olunub. Prosesin davamı olacaqmı?

- Kadr dəyişiklikləri mütəmadi həyata keçirilir. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda həm kadr islahatı, həm də kadr bazasının formalaşması stabildir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sabitlik yaranıb, indi də davam edir. Bir də görürsən ki, hansısa ölkədə şou göstərmək üçün səkkiz-on naziri bir gündə vəzifədən azad edirlər, bu formalı başqa addımlar atırlar, dəyişiklər aparırlar. Azərbaycanda isə kadr bazası sabitdir, hər kəs fəaliyyət göstərir. Kimin fəaliyyətində nöqsan olur, işinin öhdəsindən gəlmir, o sahəyə uğursuzluq gətirir, işdən azad olunur. Bu da prezidentin səlahiyyətinə daxildir. Prezident ali icra hakimiyyətinin rəhbəri kimi o strukturlarda kadr dəyişikliyi edir və ya ümumiyyətlə şəxsi işlədiyi sahədən uzaqlaşdırır.

- Kadr dəyişikliyi məsələsində “güclülər” və “zəiflər” komandasının üzvü olmaq məsələsi də rol oynayırmı? Hakimiyyətdə bir-birini istəməyən qüvvələrin kadr dəyişiklərində rolu varmı?

- Neçə ildir yazırlar ki, hakimiyyətdə qruplaşmalar var. Ay filan qruplaşma başqa qruplaşmanı sıxışdırdı, sıradan çıxardı və sair haqda çox yazıblar. Əvvəllər bir qruplaşmadan, sonra başqasından danışırdılar, özlərindən adlar uydururdular. Hakimiyyət daxilində heç vaxt qruplaşma olmayıb, indi də yoxdur. Ümummilli lider Heydər Əliyevin qoyduğu düzgün təməl nəticəsində Azərbaycanda hakimiyyət yekdildir, birdir, bir nöqtəyə də vurur. İşinin öhdəsindən gələnlər və gəlməyənlər var. Bununla da bağlı qərar qəbul olunur. Meyar yalnız işdir.

- Kadr islahatı məsələsində siyasi sadiqlik əsas amillərdən hesab edilirmi?

- Azərbaycanda ictimai-siyasi sabitlik var. Çünki ölkədə xalqla hakimiyyət bir yerdədir, yekdildir. Beş ay əvvəl Azərbaycanda prezident seçkisi oldu. Müxtəlif xarici və daxili araqarışdıran qüvvələrin ölkədə ictimai-siyasi sabitliyi pozmağa, hansısa şou düzəltməyə, iqtisadi proseslərə ziyan vurmağa cəhd göstərirdilər. Bütün bunlara baxmayaraq müdrik Azərbaycan xalqının 85 faizi İlham Əliyevə səs verdi. Bu, xalqla prezidentin, hakimiyyətin birliyinin nümunəsidir. Belə olan yerdə ictimai-siyasi sabitlik də olur. Əksinə olan yerlərdə ictimai-siyasi sabitlik pozulur, mizan-tərəzi aradan çıxır. Hakim komanda üzvləri ulu öndər Heydər Əliyevə və prezident İlham Əliyevə sadiqdirlər. Kimsə başqa niyyətdə olsa, bu, dərhal hiss olunur, hamı da bunu görür.

- Qeyd etdiniz ki, vəzifəyə təyin və azad etmədə əsas meyar işin öhdəsindən gəlib-gəlməməkdədir. Bu baxımdan hakim komandada kimlər işinin öhdəsindən gələ bilmir? Kimlər vəzifədən azad olunma sərəncamlarını gözləməlidirlər?

- Vəzifəyə təyin və azad etmə səlahiyyəti prezidentə aiddir. Dövlət başçısı bütün sahələrə nəzarət edir. Kimsə işinin öhdəsindən gələ bilməyəcəksə, sərəncamını alacaq, kim işini bacaracaqsa, daha irəli gedəcək, yüksək vəzifələrdə təmsil olunacaq.

- Azərbaycanda nurçular söhbəti geniş müzakirə edilir. Sizcə, bu cərəyan Azərbaycanda mövcuddurmu və hakimiyyət strukturlarına nüfuz edibmi?

- Bu, Azərbaycanda son dövrlər xarici kəşfiyyatın ortaya atdığı və qızışdırdığı söhbətlərdir. Bizdə heç vaxt dini ayrı-seçkilik olmayıb. Bizim müsəlmançılığımızda ayrı-seçkiliyə yer yoxdur. Hətta sovet hökumətinin ən kəskin dövründə Azərbaycan xalqı öz inancına hörmət edib, öz dini ayinlərini yerinə yetirib. Ola bilər, aşkarlıqda bunu etməyib, amma evində orucunu vaxtında tutub, namazını vaxtında qılıb, xüms-zəkatını da vaxtında verib. Ümumiyyətlə Azərbaycanda belə cərəyanlar mövcud olmayıb. Hesab edirəm ki, bundan sonra da olmayacaq. Sadəcə müxtəlif şirnikdirmələr var. Bu və ya digər şəkildə maariflənmə baxımından zəif olan insanları müxtəlif yollarla şirnikdirib bu cərəyanlara qoşurlar. Hamısını edən xarici qüvvələrdir. Ona görə də insanların dini maariflənməyə ehtiyac var. Ümumilikdə Azərbaycanda nə sünnilik, nə də şiəlik kimi ayrı-seçkilik, sələfilik, vəhhabilik, nurçuluq olmayıb. Bunlar sərhədlər açıldıqdan sonra müxtəlif ölkələrin ayrı-ayrı kəşfiyyat orqanları tərəfindən Azərbaycana gətiriliblər. Bunlar xarici kəşfiyyatın din pərdəsi altında öz siyasətini həyata keçirməsi üçün yetişdirdiyi qruplardır. Bunun dinə heç bir aidiyyəti yoxdur. Azərbaycan xalqı ömrü boyu normal qaydada dinə qulluq edib.

- Şirnikdirənlər arasında nurçular da varmı?

- İstənilən cərəyan ümumi dinin əleyhinə gedirsə, deməli, o, şirnikdirən cərəyandır.

- Nurçularla bağlı ehtiyatlı danışırsınız. Hədəfə götürülməkdən ehtiyat edirsiniz?

- Məni hər kəs yaxşı tanıyır. Bilirlər ki, heç bir cərəyan-filan tanımıram. Mən Allaha, onun peyğəmbərinə və imamlarına qulluq edirəm.

- Bu gün işdən azad olunmuş Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun adı bu cərəyanla sıx hallanırdı...

- Adı nə cür hallanıbsa, bunun ümumi işə aidiyyəti yoxdur. Azərbaycanda nurçuluğun kökü ola bilməz. Nurçuluq əsasən sünnilik üzərində qurulmuş dini cərəyandır. Azərbaycan əhalisinin 85 faizi şiədir. Belə götürəndə müxtəlif cərəyanlar, dini təriqətlər var ki, onlara pul, vəsait ayırırlar. Azərbaycanda bunların hansınınsa geniş miqyaslı hərəkatının olması mümkün deyil. Çünki bu təriqətlərin heç biri şiəlikdə yoxdur. Olmadığına görə də burada heç bir rolları ola bilməz. Adları hallanan şəxslər də özləri çıxıb cavab verə bilər ki, hansı cərəyana qulluq edirlər.

- İşin təhlükəli tərəfi odur ki, bir çox ölkədən fərqli olaraq Azərbaycanda müxtəlif dini cərəyanlara qoşulanlar bunu heç vaxt elan etmirlər...

- Bu, qadağan deyil, qadağan olunan məsələ yoxdur. Əgər kimsə dinin hansısa cərəyanına qulluq edirsə, bu onun dini inancıdır. Buna görə Azərbaycanın nə konstitusiyasında, nə qanununda qadağa yoxdur. Sadəcə olaraq qanunu pozmamalı, antikonstitusion, qanunsuz fəaliyyət göstərməməlidirlər. Qanun çərçivəsində hansı icmanı istəyirsənsə, yaradıb, qeydiyyatdan keçirib fəaliyyət göstərə bilərsən.

- Prezident İlham Əliyev yanvar ayında regionların sosial iqtisadi inkişafının yekunlarına dair müşavirə keçirmişdi. Həmin müşavirədə prezident məmurların diqqətinə çatdırmışdı ki, xarici dairələrin təsiri altına düşməsinlər. Sizcə, prezident nurçuları nəzərdə tuturdu?

- Prezident ümumi qaydada bu məsələni qaldırdı və qabaqcadan da xəbərdarlıq etdi. Ola bilər, kimisə nə vaxtsa yolundan azdırıblar, çaşdırıblar, müxtəlif yollara salıblar, belə adamlar bu haqda əvvəlcədən müvafiq orqanlara məlumat versinlər, qorxmasınlar, çəkinməsinlər. Sonra onlar daha ağır proseslərlə qarşılaşa bilərlər. Onlara verilən tapşırıqlar dövlətin, dövlətçiliyin, vətənin, millətin əleyhinə ola bilər. Kimsə ehtiyatsızlıq ucbatından hansısa xarici təsir altına düşür, sonradan altından çıxa bilmir. Təbii ki, məmur hamıdan öncə bu məsələlərə diqqətli olmalıdır.

Nurçuluq əslində Türkiyədədir, son vaxtlar Türkiyə hakimiyyəti ilə Fətullah Gülən arasında gedən gərgin mübarizənin nəticəsi və ölkədə keçiriləcək bələdiyyə seçkilərinə xarici qüvvələrin təsiri olaraq gündəmə gəlib. Azərbaycanda bu azdır, bir qədər Türkiyədə təhsil alanların arasında ola bilər. Və ya kimsə tamahı, ehtiyacı ucbatından bu təsir altına düşə bilər.

- Ukraynanın Krım bölgəsində keçirilən referendumu necə qiymətləndirirsiniz?

- Biz başqa dövlətlərin işinə qarışmırıq. Biz həmişə başqa dövlətlərdən və beynəlxalq təşkilatlardan xahiş etmişik ki, Azərbaycanın daxili işlərə qarışmasınlar. Biz bu gün də bu prinsipimizə sadiqik və heç bir dövlətin daxili işinə qarışmırıq.

- Amma Ukrayna separatizmlə üzləşib. Azərbaycan da separatizmdən əziyyət çəkir...

- Aydın məsələdir. Ona görə Azərbaycan həmişə elan edib ki, bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır və onlar da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

- Ekspertlər hesab edir ki, Rusiya amilinə görə Azərbaycan Ukrayna məsələsində konkret mövqe tuta bilmir. Bu fikirlə razısınızmı?

- Xeyr, məhz Azərbaycan çoxlarından fərqli olaraq bu məsələdə konkret mövqe tutur. Xarici İşlər Nazirliyi də bildirib ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu, Azərbaycan hökuməti adında rəsmi şəkildə bəyan olunub, hakim partiyanın da mövqeyidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.

- Baş verənlərin sonu necə görünür?

- Bu xəmir hələ çox su aparacaq.

- Səbəbi nədir? Böyük dövlətlərin iştirakı ilə müharibənin olması ehtimalı varmı?

- Dedim axı, bu xəmir çox su aparacaq. Bunun çox cəhətləri var. Suyu tökdükcə görəcəksiz.

- Biz Ukrayna ilə həm də GUAM çərçivəsində müttəfiqik. Sizcə, müttəfiqimizə lazımi dəstəyi verə bilirikmi?

- Lazımi qərarı vermişik. Ərazi bütövlüyü bizim üçün ən əsas şərtdir. Biz nə edə bilərik, onu etmişik. Başqa kim nə edəcək, hansı addımı atacaq, biz ona şərh verə bilmərik.

- Son günlər ölkəmizin paytaxtında aparılan söküntülər və metro stansiyalarının keçidlərində ticarətin dayandırılması kimi hallar Azərbaycanda sosial partlayışa gətirib çıxara bilərmi?

- Biz yavaş-yavaş bu məsələləri qanun çərçivəsində öyrənməliyik. Nə iş görürsənsə, bütün bunlar qanun çərçivəsində olmalıdır. Qanunu bir tərəfdə pozacaqsansa, o biri tərəfdə sən bunun əziyyətini çəkəcəksən. Ona görə də kiməsə pul verib müqavilə imzalamamaq kimi işlərin sonu yoxdur. Azərbaycan vətəndaşı mülkiyyətini idarə etmək istəyirsə, bu məsələlər hüquq müstəvisində həllini tapmalıdır ki, sabah da məhkəməyə üz tuta bilsin. Kiməsə beş manat verib obyekt götürüb işlətmək, gəlir vergisi, sosial sığorta haqqı ödəməməklə gələcəkdə hansısa mülkiyyət hüququnu tələb etmək mümkün deyil. Bu, hər sahəyə aiddir. Kimin hüquqi cəhətdən sənədləri qaydasındadırsa, heç bir problemi yoxdur. Kimin bu baxımdan problemi varsa, o da Azərbaycan vətəndaşıdır və Bakı Şəhər İcra Hakimiyyəti bu işlə məşğuldur. Onlarla bir neçə dəfə görüş keçirilib və yəqin ki, razılığa gəliblər.



Teqlər:  





Xəbər lenti