"Evimizin dağılmış divarlarını ağlaya-ağlaya öpürdüm" - Qubadlı sakini

 "Evimizin dağılmış divarlarını ağlaya-ağlaya öpürdüm" -  Qubadlı sakini
  31 Avqust 2021    Oxunub:9454
Bir il əvvəl avqustun 31-i Qubadlı rayonunun işğal günü kimi anılırdı. Ancaq 44 günlük Vətən Müharibəsi tariximizin gedişatında köklü dəyişiklik etdi. Artıq bu günü Qubadlı rayon sakinləri kədərli xatirələrlə, yurdlarını necə tərk etmələri ilə deyil, evlərinə dönmələrindən, orada hansı quruculuq işlərini edəcəklərindən danışmaqla anırlar. Ordumuzun erməni silahlı qüvvələri üzərində qazandığı zəfər işğal gününü tarixə qovuşdurdu.
Qubadlı rayonunun hər bir sakini kimi Gülbəniz Eminova da bu gün doğma yurdlarının azadlığının sevincini yaşayır. 28 il əvvəl Xanlıqdan 22 yaşında çıxan qadın Azvision.az -a müsahibəsində yenidən doğulduğunu və həyatı ikinci dəfə yaşadığını deyir.

1993-cü ilin avqustun 31-i Gülbəniz xanım təkcə doğma yurdunu deyil, həm də hərbçi olan həyat yoldaşı Vəli Şirinovu da itirmişdi

- Yoldaşım hərbçi idi və düşmənə qarşı mübarizə aparırdı. Mən o zaman Xanlıq hospitalında tibb bacısı kimi çalışırdım. Vəziyyət elə gətirdi ki, ailəmiz Xanlığı tərk etməli oldu. Vəli isə rayonu müdafiə etmək üçün əsgərləri ilə birlikdə döyüşürdü. Biz kənddən çıxandan sonra onun haqqında məlumat ala bilmədik. Uzun müddət yoldaşımın axtarışında oldum. Çox sonralar xəbər tutdum ki, Qubadlı işğal edilən gün döyüşçüləri ilə geri çəkilərkən maşınları qrant mərmisi ilə vurulub. Ancaq yoldaşımın nə ölüsünü, nə də dirisini tapa bildim. 31 avqust mənim üçün ikiqat faciə idi. Qızıl Aypara Cəmiyyəti ilə daim əlaqədəyik, hələ də bir xəbər gözləyirik",- deyə Gülbəniz Eminova nisgilini ifadə edir.



Gülbəniz xanım doğma Xanlığı işğaldan azad olunandan sonra ora baş çəkib. Oğlu ilə birlikdə yoldaşının xidmət etdiyi yerlərdə olub.

- Bundan böyük sevinc ola bilməzdi. Oğlum atasını görməmişdi. Atasının xidmət etdiyi yerləri ona göstərdim. Bu günləri yaşadığımız üçün sevincli idi, amma atası ilə bura gəlməyi də çox istəyirdi. Kədərli olsaqda, torpağımızın işğaldan azad olunması bizim üçün böyük mükafat oldu. Bu sevinci bizə yaşatdığı üçün Prezidentə, Ordumuza təşəkkür edirik. Allah onları qorusun".



Uzun illər yurd həsrəti çəkən qadın Xanlığın keçmiş gözəl günlərindən əsər qalmadığını elə ilk anda görür. Bütün evlər dağıdılıb, ətraf xarabalığa dönüb. Sanki kəndi Suriya xarabalıqlarına çeviriblər.

- Kəndimizin giriş nöqtəsində ayaqlarım tutuldu. Hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm. Xanlıq dağıdılmışdı. Hara gedim, hardan çıxım bilmədim. Dağıntılar içərisində evimizi tapdım, bir arxa divar qalmışdı. Lakin o dağılmış divar da mənim üçün əziz idi. Onun hər daşında atamın zəhməti, əl işləri var idi. Onları göz yaşları içərisində öpürdüm. Həyətdə atamın anasının əkdiyi qoz ağacı var idi, o da baxımsızlıqdan qurumuşdu.



Ürək dolusu ətrafa boylanan, kəndin havasını içinə çəkən müsahibimizin gözü qarşısından qayğızıs, xoşbəxt günləri bir anlıq lent kimi keçir.

- Gözəl Həkəri çayımızın suyundan içdim, hətta göz yaşları içərisində çaya da girdim. Mən ordan qayıtmaq istəmirdim. Xanlıq dağılsa da mənim üçün əziz idi, qalmaq istəyirdim. Mən orada böyümüşəm, orada xoş günlərim olub. Yenidən, amma bu dəfə həmişəlik kəndimizə qayıtmaq, qurub yaratmaq istəyirəm".



Aytən Zəhra
Azvision.az


Teqlər: Qubadlı  





Xəbər lenti