"ABŞ Əfqanıstana görə məsuliyyəti üzərinə götürməlidir" - XİN rəhbəri

"ABŞ Əfqanıstana görə məsuliyyəti üzərinə götürməlidir" -    XİN rəhbəri
  17 Sentyabr 2021    Oxunub:1365
Çinin xarici işlər naziri Van Yi hesab edir ki, ABŞ Əfqanıstanın bərpasına, ölkədə yaranmış xaosa görə məsuliyyəti üzərinə götürməlidir.
Azvision.az xəbər verir ki, bu barədə nazir Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT sammitləri çərçivəsində Rusiya, İran və Pakistan xarici işlər nazirləri ilə dördtərəfli görüşdə bildirib.

Onun fikrincə, ABŞ ölkəyə iqtisadi və humanitar yardım göstərməli və öhdəliklərini yerinə yetirməlidir: "Dörd ölkə (Çin, Rusiya, İran, Pakistan - red.) oxşar fikirdə olan digər dövlətlərlə birlikdə ABŞ-ı dərs almağa, Əfqanıstanın bərpası üçün məsuliyyət daşımağa, ona iqtisadi və humanitar yardım göstərməyə təşviq etməlidir”.

Nazir Əfqanıstanda yeni bir siyasi quruluşun formalaşmasının hələ tamamlanmadığını, etnik və dini qarşıdurma vəziyyətinin mürəkkəb xarakter daşıdığını vurğulayıb.

V.Yi yerli qarşıdurma risklərinin yüksək olduğunu, əhalinin rifahının təmin edilməsi, eləcə də gələcək inkişafla bağlı qeyri-müəyyənliyin qaldığını söyləyib.

"ABŞ və müttəfiqlərinin qoşunlarını tələsik çıxarması Əfqanıstanda yeni problemlərin yaranmasına səbəb oldu. Buna görə də Birləşmiş Ştatlar özünü məsuliyyətdən kənara qoya bilməz", - çinli nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   ABŞ   Əfqanıstan  





Xəbər lenti