Prokurorluq əməkdaşları "Zəfər" Yarmarkasında

Prokurorluq əməkdaşları "Zəfər" Yarmarkasında
  06 Noyabr 2021    Oxunub:649
Prokurorluq orqanlarında milli ruhlu kadrların yetişdirilməsi, gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, onların milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi kimi məsələlər də xüsusilə diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, noyabrın 6-da Baş Prokurorluğun əməkdaşlarının Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “YAŞAT” Fondunun “Zəfər” Yarmarkasına səfəri təşkil edilib.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda təşkil edilmiş Yarmarkada prokurorluq əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə istifadə olunmuş hərbi texnikalar, Müdafiə Nazirliyinin təqdim etdiyi çadırlarda təqdim olunan müxtəlif silah-sursat nümunələri, hərbi geyim və hərbçilərin qida təminatı ilə yaxından tanış olub.

Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadanlara arzuların çatdırılması məqsədilə təşkil olunmuş “#ZəfərArzuları” adlı guşədə prokurorluq əməkdaşları öz arzularını müəyyən olunmuş lövhəyə yazıblar.

29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək Yarmarka prokurorluq əməkdaşlarının böyük marağına səbəb olub. Sonda xatirə fotoşəkli çəkdirilib.

AzVision.az



Teqlər: Zəfər   Yarmarka  





Xəbər lenti