“Expo 2020 Dubai"-da Azərbaycanın turizm imkanları tanıdılır
Görüşlərdə ikitərəfli əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri, ortaq layihələr, həmçinin beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyaları məsələləri müzakirə olunub.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edərək hədəf bazarları təmsil edən nüfuzlu şirkətlərlə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Həmçinin noyabrın 11-də qeyd olunan şirkətlərin rəhbər şəxsləri və Florian Zenqstşmidin iştirakı ilə “Dayanıqlılıq və texnologiyanın turizmə təsirləri” mövzusunda panel sessiyası keçirilib.
Sessiyada çıxış edən F.Zenqstşmid Azərbaycanın turizm potensialının Yaxın Şərq regionunda tanıdılmasında onlayn platformaların vacib rol oynadığını, bu istiqamətdə fəaliyyətin genişləndirildiyini, müxtəlif təbliğat kampaniyalarına start verildiyini, Azərbaycanın turizm imkanlarının hədəf bazarlar üzrə daha geniş kütlələrə çatdırılması məqsədilə oktyabr ayından etibarən Yaxın Şərq regionu üzrə tanınmış “DnataTravel” və “Wego” turizm şirkətləri ilə əməkdaşlığa başlandığını qeyd edib.
Sessiyada Azərbaycan və BƏƏ-də turizm destinasiyalarının idarəedilməsi istiqamətində, eləcə də dayanıqlı turizmin inkişaf etdirilməsi üzrə innovativ yanaşma kimi texnologiyanın rolu mövzusunda müzakirələr aparılıb.
F.Zenqstşmid “EXPO 2020 Dubai” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq müzakirə panelinin mühüm mövzunu əhatə etdiyini, yeni dövrdə texnologiyanın dayanıqlı turizm sənayesinin formalaşmasında əsaslı rol oynadığını vurğulayıb.
Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında “Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsi keçirilmiş, Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunmuşdu. 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.
AzVision.az
Teqlər: