Azərbaycan üçtərəfli Bəyanatı da təkbaşına icra edə bilər – ŞƏRH
İstənilən halda raketlər İrandan atılıb. Odur ki, Ukrayna böhranında nüfuzu zədələnən ABŞ-ın bu zərbələrə cavab verməyəcəyi ehtimalı azdır. Neft bazarında Rusiyanı İran ilə əvəzləməyə çalışan ABŞ ya cavab zərbəsi endirməli, ya da rəsmi Tehrana qarşı sanksiyaları daha da sərtləşdirməlidir. Başqa sözlə, hazırda ABŞ-ın İranın hücumuna qarşı 3 seçimi mövcuddur:
- Səssiz qalmaq;
- Cavab zərbəsi endirmək;
- Sanksiyaları sərtləşdirmək.
Maraqlıdır ki, heç bir variant günün reallıqları fonunda ABŞ-ın maraqlarını təmin etmir. İlk variant Ukraynaya görə etibarını itirən ABŞ-ın İrana qarşı rəqabətdə əlini zəiflədir. Bu isə İranı Hürmüz boğazı üzərində, Rusiyanı isə Ukraynada daha cəsarətli addımlar atmağa sövq edə bilər. İkinci və üçüncü variantlar isə ABŞ-ın neft bazarında Rusiyanın İran ilə əvəz edilməsi planını beşikdə boğur. Hər bir halda regionda İran-ABŞ gərginliyi daha da artır və bu, Azərbaycanın münaqişənin nizamlanmasına dair təqdim etdiyi ikinci təkliflər paketini dəyərləndirməyə məcbur olan Ermənistanın sərhədləri yaxınlığında baş verir.
Ermənistan özünü nə qədər sərbəst aparmağa çalışsa da, iki əsas müttəfiqinin sanksiyalar altına düşməsindən və sərhədlərində baş verə biləcək gərginlikdən narahatdır. İran isə Ukraynanın bir çox şəhərləri yerlə-yeksan edildikdən sonra da ABŞ və NATO-nun Ukrayna səmasını bağlamaqdan imtina etməsindən bir qədər ruhlanıb. Rusiyanın və Çinin BMT-nin Təhlükəsizlik Şurasında İranın mövqeyini dəstəkləyəcəklərinə arxayınlığı artıb. Odur ki, Tehran ABŞ-a bir qədər təzyiq göstərməyin vaxtının çatdığını düşünür. İrəvanı narahat edən ABŞ əks reaksiyasıdır. Raket zərbələrinə Tehranın özünün və ya rusların təklifilə qərar verməsi heç nəyi dəyişmir. Amma münaqişənin Ukraynadan İrana keçməsi ehtimalını nə Moskva, nə Tehran, nə də İrəvan diqqətdən ata bilməzlər.
NATO-nun Ukraynada nümayiş etdirdiyi passiv və ləng fəaliyyət Rusiya ilə İranı daha sərt addımlara cəsarətləndirir. ABŞ münaqişənin coğrafiyasını məhdudlaşdırmaq üçün axsaq NATO-nu bu məsələyə yəqin ki, cəlb etməyəcək. Amma cavab zərbəsini İsrailə də həvalə edə bilər. Yaxud da Təl-Əvivlə kombinə edilmiş iki istiqamətdən birlikdə paralel zərbə endirə bilərlər. İranın cavab reaksiyası Tehran və region üçün geri dönüşü olmayan proseslərin başlamasına da şərait yarada bilər. İrəvanı narahat edən faktorlardan biri də budur.
Ermənistan hazırda ən pis vəziyyətə düşən ölkədir. İrəvanın istinad edə biləcəyi hər iki müttəfiqi Qərbin sanksiyaları altındadır. Rusiya İrandan sonra dünyanın əsas nifrət obyektinə çevrilib. Ermənistanın da Ukraynaya həm yerli hərbi kontingentin, həm də Yaxın Şərqdən müzdluların göndərilməsində iştirakı ABŞ-ın diqqət mərkəzindədir. Ermənistanın bu istiqmətində fəaliyyətlərini sübut edəcək faktları toplayıb, yaymaq üçün bizim xüsusi xidmət orqanlarımız da fəal olmalıdırlar.
İran və Rusiyaya tətbiq olunan sanksiyaların təsiri artıq Ermənistanda hiss olunur. Azərbaycan isə 16 ay gözlədikdən sonra İran İslam Respublikasının ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzaladı. Aylardır ki, Zəngəzur dəhlizinin daim masada qalmayacağını, bu dəhizin 3+3 ölkələrinin hamısı, xüsusilə də Ermənistan üçün faydalı olduğunu yazırdıq, deyirdik. Ermənistan isə təkliflərə konkret cavab vermirdi. İndi İrəvan üçün “Zəngəzur qatarına” çatmaq asan olmayacaq. Ən azından, ermənilərin bu dəhlizə qoşulmasına razılıq verəcək ölkə artıq Ermənistan deyil, Azərbaycandır.
Ermənistan diplomatları yaxşı anlayırlar ki, Azərbaycanın 5 bəndlik təklifləri də daimi deyil və əgər vaxtı uzatsalar, bu dəfə Azərbaycan Əsgəri “danışacaq”. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin birgə Bəyanatın şərtlərini də BMT-nin qətnamələri kimi birtərəfli qaydada icra etməsi deməkdir. İki əzəli rəqib arasında mövcud hərbi balansı nəzərə alsaq, Azərbaycan Əsgəri üçün Üçtərəfli Bəyanatın şərtlərini kövrək Ermənistana və separatçı rejimə həzm etdirmək heç də çətin vəzifə deyil.
İstənilən halda, Rusiya və İranın sanksiyalara məruz qaldığı, Ermənistanın da əl altından Ukraynada ABŞ maraqlarını qarşı çıxdığı bir vəziyyətdə İrəvanın manevr imkanları getdikcə daralır. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki gərginliyin fonunda İrəvanın prosesləri uzatması artıq mümkün görünmür. Azərbaycanın təkliflərinin sözdə deyil, əməldə qəbul edilməsi, razılaşdırılması və imzalanması ilə əldə olunacaq yekun sulh sazişi regionda təhlükəsizliyin bərpası üçün çox vacibdir. Nəzərə alsaq ki, təhlükəsizlik Azərbaycandan çox Ermənistanı narahat edən məsələdir, o zaman ikinci təkliflər paketini ən qısa müddətdə reallaşdırılması İrəvanın da maraqlarına uyğundur. Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət müddətinin getdikcə azalması fonunda bunun İrəvan tərəfindən düzgün dəyərləndirilməsi çox vacibdir.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Region