“ATƏT-in Qarabağ münaqişəsinin həllində iştirakı tam marginallaşıb” - Belaruslu ekspert

   “ATƏT-in Qarabağ münaqişəsinin həllində iştirakı tam marginallaşıb” -    Belaruslu ekspert
  17 May 2022    Oxunub:1930
“Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Düşənbədə keçirilən görüşü Güney Qafqaz respublikaları rəhbərlərinin Brüssel görüşünün məntiqi davamı oldu”. Bunu AzVision.az-a belorus politoloq Denis Bukonkin deyib.
Onun sözlərinə görə, müsbət məqam Dağlıq Qarabağ regionunda kommunikasiyaların bloklanmasına dair razılığın əldə edilməsi, ölkələr arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırlıq olub.

“Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin təşkili üçün əsas kimi Bakının təklif etdiyi beş əsas prinsipə riayət etmək barədə razılıq var. Eyni zamanda, danışıqların getdiyi kifayət qədər mürəkkəb konteksti, qarşılıqlı ittihamların mövcudluğunu və bir sıra hərbi insidentləri nəzərdən qaçırmaq olmaz. ATƏT-in Qarabağ münaqişəsinin həllində iştirakının tam marginallaşdığına şübhə yoxdur. Minsk qrupu hazırda ancaq kağız üzərində mövcuddur və tərəflər onu ciddi qəbul etmirlər. Bütün bunlar ciddi problemləri həll etməyə qadir olan mötəbər beynəlxalq təşkilat kimi ATƏT-in rolunun getdikcə aşağı düşməsindən xəbər verir”,- D.Bukonkin qeyd edib.

Onun sözlərinə görə müasir şəraitdə ölkələr ikitərəfli problemləri birbaşa həll etməyə üstünlük verirlər: “Bu, vaxta qənaət edir və kommunikasiyanı asanlaşdırır. Proqnozlaşdırmaq olar ki, əgər Azərbaycan və Ermənistanın hazırda qarşılıqlı fəaliyyət göstərdiyi format uğurlu olarsa, yanaşmalara yenidən baxılması demək ola bilər. Bu da dövlətlərin öz maraqlarını reallaşdırmağa qadir müstəqil aktorlar kimi qəbul edilməsinə qayıdış deməkdir”, - həmsöhbətimiz bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az

Teqlər: ATƏT   Qarabağ  







Xəbər lenti