Bağırzadənin siyasi aclığı: “Ölüm orucu” dini cəhətdən qəbul olunurmu? - Şərh

      Bağırzadənin siyasi aclığı:    “Ölüm orucu” dini cəhətdən qəbul olunurmu? -    Şərh
  20 İyun 2022    Oxunub:1450
Özünü qondarma “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri elan etmiş Hacı Taleh Bağırzadə aclıq aksiyasına başlayıb. Bu haqda onun facebook səhifəsində məlumat yayımlanıb. Biz onun tərcümeyi-halı, siyasi fəaliyyəti, kütləvi iğtişalara çağırışları, həbs olunma səbəbləri, İrana olan xüsusi simpatiyası və bu simpatiyanın onun radikal islamçılıqla sintez edilmiş siyasi fəaliyyətinə təsiri haqda danışmayacağıq. Məqsədimiz din pərdəsi altında siyasi şüarlar səsləndirən bu zatın fəaliyyətinə elə dini mənbələrdə, ələlxüsus şiə məzhəbinin tanınmış üləmalarının fikirlərində cavab tapmaqdır.
Öncədən bildirək ki, Taleh Bağırzadənin aclıq aksiyasına başlaması özləri inkar etsələr də, siyasi addımdır, heç bir dini əsası yoxdur, həmçinin yanlış və uydurma təcrübələrlə hərəkətlərinə haqq qazandırmağa çalışmaqdan ibarətdir. Taleh Bağırzadə və ətrafı elə bir qrupdur ki, bunlar etdiklərini və dediklərini danmaq bir yana, əldə olan faktı istədikləri kimi yoza, təfsir edə və özlərinin xeyrinə dəyişə bilərlər. Buna yəqinlik hasil etmək üçün gəlin, hadisələrin inkişafını xronoloji ardıcılıqla izləyək.

Facebookda mövcud olan “Hacı Taleh Bağırzadə” səhifəsi 5 iyun 2022-ci il tarixində Taleh Bağırzadənin aclıq aksiyasına başladığı haqda post dərc edib. Aclıq etməsinin səbəbini son dövrlər polis idarələrində “vətəndaşlara verilən işgəncələr fonunda Allahın söyülməsi - “təhqiri” ilə əsaslandırıb. Və qeyd olunub: “Bütün bunların bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addım olduğunu bildirən T.Bağırzadə işgəncə edilərkən Allahın təhqir olunması faktında adı çəkilən hər bir iştirakçısının cəzalandırılmayacağı təqdirdə sonu şəhadət olan bu addımında israrlı olacağını bəyan edir”.
Burada xüsusi diqqət yetirməli olduğumuz məsələ “sonu şəhadət olan bu addımında” ifadəsidir. Bu məqam bizə növbəti aruqmentdə lazım olacaq.

Daha sonra, yəni 8 iyun tarixində yenə həmin səhifə Gültəkin Hacıbəylinin statusunu paylaşıb: “Müsəlman Birliyi Hərəkatının rəhbəri, siyasi məhbus Taleh Bağırzadə ölüm aclığına başlayıb. Bu gün o, sudan da imtina edib”. Diqqət yetirdinizsə, “ölüm aclığı” ifadəsi yenidən işlədilir.

9 iyun tarixində Hacı Talenin başlatdığı aclıq aksiyasına 5 nəfərin də qoşulduğu haqda status paylaşılıb. Və heç bir dindarın, imanlı insanın dilinə gətirməyəcəyi bir fikri yayıblar: “Allahı müdafiə edin, məni yox! - Hacı Taleh Bağırzadə”. Hər bir imanlı insana aydındır ki, Allahın bəndənin müdafiəsinə ehtiyacı yoxdur. Amma bu əlifba həqiqətini adının qarşısına “ilahiyyatçı”, “hacı” titulları düzən Taleh Bağırzadə bir sözü ilə kənara atır. Bu mövzuya toxunmayaq, deyəcəyimiz başqadır.

Həmin səhifədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının, Əli Kərimlinin, Fransada yaşayan və AXCP-nin İranla münasibətlərinin formalaşmasında müstəsna xidmətləri olan Natiq Adilovun statusları təkrar paylaşılıb. Bu, yuxarıda qeyd etdiyimiz prosesin siyasiləşdirilməsini qəti şəkildə təsdiqləyir. 16 iyunda paylaşılan statusda isə bu fikirlərimizin doğruluğuna “həci”nin elə özü möhür vurur: Taleh Bağırzadə onun aclığının dayanmasına israr edən şəxslərə bildirir ki, bunun yeganə yolu onların dinc etirazıdır: “Aclığın dayandırılması dinc, heç bir insidentə getmədən Prezident Adminstrasiyası önündə etirazdan sonra mümkün ola bilər. Bununla biz problemin həllinə nail ola bilərik”. Diqqət yetirdinizsə, nə olursa-olsun, yekunda Prezident Adminstrasiyası qarşısında etiraz aksiyasına icazə verilsin.

İndi keçək bu etiraza dini yanaşmaya. “Aclıq aksiyasi keçirmək (ölüm orucu) dini cəhətdən caizdirmi?” Mehmet Paksunun mənbələrə istinadən qələmə aldığı bir yazı diqqətimizi cəlb etdi. Yazıda qeyd olunur: “Əvvəla, belə bir əmələ nə üçün və nə məqsədlə təşəbbüs edildiyinə baxmaq lazımdır. Bu davranış bir növ boykotdur. Bir dövlətdən və ya təşkilatlarından normal yollarla haqqını ala bilməyən kəslər ümidlərini kəsdikdə aclıq aksiyası keçirərək haqlarını tələb edirlər. Əvvəla, belə bir haqq axtarışının məntiqi və qanuni olmadığını bildirmək lazımdır. Əgər qanuni bir haqq tələb edilirsə, qeyri-qanuni və anormal bir yola baş vurmaq yersiz olar”.

Belə bir hərəkətin qeyri-qanuni olduğu (halal olmadığı), yəni dinimizin təsdiq etmədiyi bu şəkildə aydın olur: “Ölüm orucu”na başlayan və ya başqa bir təbirlə, aclıq aksiyasına girən insan heç bir şey yeyib-içmir. Ac və susuz qalan bir insan gün keçdikcə taqətdən düşüb zəifləyəcək, nəticədə həyatını itirəcək. İnsanın öz-özünü ölümə məhkum etməsinin, canına qıymasının digər bir adı da "intihar" dır. İlk arqumentimizdə məhz bu məqamı qeyd etmişdik. Hərçənd, Taleh Bağırzadə və ətrafı özləri-özlərini tələyə saldıqlarını anlayıb sonradan aclıq aksiyasını siyasi metod - çəkindirmək, diqqəti cəlb etmək və s. kimi yozmağa çalışsalar da, fakt faktlığında qalır. Adam ölüm aclığı keçirdiyini rəsmən bəyan edib. İntihar isə İslamın qəti şəkildə haram saydığı bir hərəkətdir və Allah heç bir halda insanlara intihar etmək icazəsi verməyib. Bir də təkrar edirik, heç bir halda. İnsan Allahın lütfü olan vücudunu qorumaqla, onu təhlükələrdən uzaq tutmaqla mükəlləfdir. Bu əmanəti öz əlilə təhlükəyə atan insan Allah qatında məsul vəziyyətə düşər. "Özünüzü əllərinizlə təhlükəyə atmayın" (Bəqərə, 2/195) buyuran Uca Rəbbimiz insana həm maddi, həm də mənəvi həyatını hər cür təhlükədən qorumasını əmr edir.

Məhz bu saydığımız səbəblərə görə, bir insan hər hansı səbəbdən aclıq aksiyasına qoşulsa, ölüm orucu tutsa, bir növ intihar sayılacağından haram olan hərəkəti etmiş deməkdir. İndi isə ümumiyyətlə, İslamda etirazın formalarına diqqət edək. Məsələnin daha gözəl anlaşılması üçün mübarizə üsullarını cürbəcür dəyərlərə görə müxtəlif şəkillərdə təsnif etmək mümkündür:

Hədəfinə görə. Hədəfə görə metodlar müxtəlifdir. Silahlı qiyam kimi metodlar, hökumətlə olan problemin birbaşa həllini hədəflərkən xırda çaplı dinc nümayişlər problemə diqqət cəlb etməklə, həllini hədəfləyir. Bəzən isə bu cür nümayişlər, imza toplamalar, sadəcə duyarsız olmadığımızı, əlimizdən heç nə gəlməsə də, narahatlıq keçirdiyimizi göstərməyə xidmət edir.

İslama uyğunluğa görə. İçərisində İslamın qadağan etdiyi elementlərin olub-olmaması baxımından metodları İslami və qeyri- İslami olaraq bölə bilərik.

Dünyəvi hüquqa uyğunluq baxımından. Məsələn, bölgənizdəki açıq- saçıq reklamın qaldırılması üçün imza toplamanız hüquqi olduğu halda, bu reklamları boyamanız hüquqa ziddir və bu halda, mübarizəniz üçün müəyyən əvəz ödəməyə hazır olmalısınız.

Effektivlik yönündən. Bəzi metodlar effektivkən, bəziləri mübarizə baxımından heç bir şey qazandırmaz. Yaxud cüzi faydalar təmin edər.

Bəs, müsəlmanlar bu metodların hansından istifadə edə bilərlər? Bir metodun qadağan edilməsi üçün tərkib hissələrindən birinin İslam tərəfindən haram qəbul edilmiş olması lazımdır. Hər hansı bir metodun daha öncə müsəlmanlar tərəfindən istifadə edilməməsi, onun qeyri- İslamiliyinə, qadağan olmasına dəlalət etmir. Eynilə bidət məsələsində olduğu kimi, bir şeyin qadağan olması üçün sonradan ortaya çıxmasıyla yanaşı, İslamın prinsiplərinə zidd olması da lazımdır. Bu istiqamətdə İslam alimləri bəzən “qiyas” adlanan metoddan, yəni dini baxımdan bir addımın halal olub-olmaması barədə hökm verərkən onu eyni və ya məsələyə yaxın digər halal-haramlarla tutuşduraraq, fətva vermək üsulundan da istifadə edirlər.

İndi isə Hacı Talehin özünə rəhbər seçdiyi İranda İslam Respublikası siyasi sisteminin qurucusu və ölkənin sabiq ali rəhbəri Ayətullah Ruhullah Xomeynidən bir sitat gətirək. Ayətullah Ruhullah Xomeyninin əsərlərini və dini fətvalarını qoruyub saxlamaq üçün fəaliyyət göstərən rəsmi qurum - “İmam Xomeyninin Əsərlərinin Sistemləşdirilməsi və Nəşri Müəssisəsi” tərəfindən nəşr edilmiş “Qisas kitab”nın “qisas hökmləri” və “intihar və aclıq aksiyası” bölməsində onun bu məsələlərlə bağlı fətvalarına yer verilib. Həmin bölmədə 11439-cu sual belə qeyd olunub.
Sual: Siyasi məsələlər və ya ağır fizioloji və psixi xəstəliklər səbəbindən aclıq aksiyası keçirənlərin bu addımı (şəriət qaydaları baxımından - red.) düzgün hesab edilirmi? Əgər aclıq aksiyası səbəbindən bu şəxslər ölsələr, onlar barədə hökm nədir?
Ruhullah Xomeyni cavabında deyir: Əgər aclıq aksiyası ölümlə nəticələnərsə, haramdır və intihar ilə eyni dini hökmdədir.

Ayətullah Məkarim Şirazi də iranlı mərcəi-təqlidlərdən biridir. Onun da bu mövzuda oxşar dini şərhi var.
Sual: Siyasi və qeyri-siyasi məhkumların həbsxanada əlverişsiz şərait və ya məhkəmənin çıxardığı hökmə etiraz olaraq aclıq aksiyası keçirməsinin İslamda hökmü nədir?
Cavab: Əgər insanın orqanizmində ciddi zərərə səbəb olmasa (aclıq aksiyası keçirməyin- red.) heç bir problemi yoxdur. Bundan başqa, qeyd etmək lazımdır ki, məhkum təhlükə ilə üz-üzə qalarsa və bu təhlükədən xilas olmağı üçün aclıq aksiyasından başqa çıxış yolu olmazsa, o zaman da (aclıq aksiyası) caizdir, yəni dini baxımdan icazə veriləndir.
Diqqət yetirdinizsə, “öz orqanizminə ciddi zərər vurmazsa” və “təhlükə ilə üz-üzə qalarsa” şərtləri var. Bu iki şərtin isə Tale Bağırzadənin siyasi addımına heç bir aidiyyatı yoxdur.

Başqa bir mənbədə şaha qarşı müxalif qruplaşmalardan birinin lideri, “Mübariz Ruhanilər Assosiasiyası”nın Mərkəzi Şurasının üzvü olmuş, ömrünün böyük hissəsini Ayətullah Xomeyni ilə keçirmiş silahdaşı, onunla çiyin-çiyinə vuruşmuş hüccətül-islam vəl-müslimin Əli Əkbər Möhtəşəmipurun müsahibəsi verilib. O deyir ki, şahın bir neçə ruhanini edama məhkum etdirməsinə görə tərəfdarları ilə birlikdə 3 gün aclıq aksiyası keçiriblər. Lakin Xomeyni onlara xəbər göndərərək aclıq aksiyasının cana böyük zərər verdiyini və şəriət qaydaları baxımından doğru olmadığını bildirib. O qeyd edir ki, Ayətullah Xomeyni ümumiyyətlə aclıq aksiyasına qarşı idi.

Bu arqumentlər yuxarda Taleh Bağırzadənin özünün ali dini rəhbəri hesab etdiyi şəxslərə qarşı çıxdığını təsdiqləyir. Taleh Bağırzadə və "Hüseyniyyun"un üzvləri, ümumən bu qəbildən olanlar Ayətullah Ruhullah Xomeynini “imam” adlandırır, onun qurduğu hökumətin hazırkı “ali dini rəhbəri”nə beyət edirlər. Reallıqda təkcə Uca Allahın Quranda cana qəsdən zərər vurmaq və intihar etməklə bağlı haramlarına əməl etməməklə yanaşı, həm də imam adlandırdıqları şəxslərin də fətva və dini görüşlərini saymır, şəriət qaydalarını siyasi məqsədləri üçün istədikləri formada şərh edir, İslam dinindən siyasi alət kimi faydalanır və Allahın haram buyurduğunu özlərinə halal elan edirlər.

Nəhayət, sosial mediada Taleh Bağırzadənin aclıq aksiyasına başlamasını indiyə qədər tətbiq olunmuş təcrübə və xüsusən də İraq şiələrinin lideri Müqtəda əs-Sədrin atasının əmisi oğlu, böyük İslam fədaisi Seyid Musa Sədrin taleyi ilə anologiya apararaq izah edənlərə rast gəlinir. Əvvəla, bu iki şəxsin müqayisə olunması İslam adına günahdır. İkincisi, əgər doğrudan da iddia edirlərsə ki, anoloji addım atılıb, uzaq keçmiş olmadığından gəlin, birlikdə Yaxın Şərq tarixində müstəsna iz buraxmış 3 günlük aclıq aksiyasına bir daha diqqət yetirək.

Seyid Musa Sədr 1970-ci ildə Livanın tanınmış alimlərinin dəvəti ilə bir aylıq Livana gəlir. Amma orada mövcud vəziyyəti müşahidə edib müsəlmanların acınacaqlı vəziyyətini nəzərə alaraq uzun müddət Livanda qalır. 1970-75-ci illər arası bu ölkədə qanlı hadisələr baş verir, adi vətəndaşların nahaq qanı tökülür. Solçular, millətçilər, xristian qruplaşmaların aktivliyi Livanda əsl vətəndaş müharibəsi şəraiti yaratmışdı.

1975-ci ildə solçu və sağçı partiyalar xalq arasında müharibə alovunu qızışdırmaq üçün müsəlman məntəqələrində xristianlar, xristian məntəqələrində müsəlmanlar qətlə yetirilir. Fitnəkarlıq və məzhəb qarşıdurmaları Livanı tam parçalanmaya gətirib çıxarır. Livanın ayrı-ayrı bölgələrinə səfərə çıxan Musa Sədr müsəlmanların və xristianların müxtəlif toplantılarında çıxış edir, fitnəkar planları açıqlayır. 1975-ci ilin iyun ayında Beyrutun Amiliyyə məscidində aclıq aksiyasına başlayır.

Bu tarixi bir bəyanatda öz istəklərini bir neçə bənddə şərh edib bildirir ki, onlar həyata keçənədək aclığı dayandırmayacaq. Xalq arasında müxtəlif təbəqələr aksiyaya qoşulur. Bəlbək kimi böyük şəhərlərdən minlərlə insan Beyruta gəlib imam Musa Sədrə qoşulur. Aksiyanın ikinci günü xristianlar öz kilsələrində aclıq aksiyasına başlayırlar. Müsəlmanların da çoxu kilsələrə gedib onlara qoşulur. Üçüncü gün məsihilərin böyük şəxsiyyətləri Amiliyyə məscidində imam Musa Sədrin görüşünə gəlirlər. Livanın əksər böyükləri, siyasətçilər, əhli sünnət məzhəbinin rəhbərləri, nazirlər onu himayə etmək üçün Amiliyyə məscidində olurlar

Üçüncü gün keçirilən aksiyada Musa Sədr nitq söyləyir. Bu zaman solçu və sağçı partiyaların yaraqlıları havadan və yerdən atəş açırlar. Solçu partiyalar (müsəlman kommunistlər) şayiə yaymaqla onu qorxaq kimi tanıtdırmağa çalışırdılar. Onlar deyirdilər ki, sən dünənədək “silah kişinin zinətidir” deyirdin. Necə oldu ki, bu gün məscidin küncündə gizlənib sülhdən dəm vurursan?! Şiə, sünni və xristianlardan ibarət xalq toplusu bu sülhsevər insana qoşulduğu üçün hakimiyyət təqdim olunan tələbləri yerinə yetirir.

Dördüncü gün Musa Sədr aclıq aksiyasını dayandırdı. O, xalqa öz təşəkkürünü bildirdiyi bəyanatında belə əlavə etdi: “...Mən Livan xalqına və bütün dünyaya sübut etdim ki, bu ölkədə odlu silahdan daha kəsərli olan başqa bir silah var. Bu iman, vicdan və agahlıq silahıdır!”

Buyurun. Bir tərəfdə nahaq qanın tökülməsinin qarşısını alan böyük İslam dühası, digər tərəfdə isə siyasi hoqqabazlıq və maraqlarına görə iğtişaş və təfriqə yaradan özündən müştəbeh siyasət piyadası.
Bir tərəfdə bir sözü ilə insanları öz ətrafında cəmləşdirməyi, müsəlman, qeyri-müsəlmanları haqq işinə inandırmağı bacaran əsl din xadimi, digər tərəfdə isə elə öz xalqı arasında parçalanma, ixtilaf yaradan siyasi möhtəkir.
Bir tərəfdə adı tarixə qızıl hərflərlə yazılmış İslam alimi, digər tərəfdə adının əvvəlinə bir ölkənin nüfuz agenti yazdırmış əlöpən.

Sadaladığımız faktlara əsasən İslam baxımından icazə verilməyən və haram sayılan aclıq askiyasını keçirən Musa Sədrini başa düşmək olar. O, bu addımı ilə Livan xalqının məhv olunmasının, əzab-əziyyətə düçar olmasının, işgəncələrə məruz qalmasının qarşısının almışdır. Amma belə destruktiv fəaliyyətlə öz xalqı arasında təfriqə salan, iğtişaş törədilməsinə rəvac verən Taleh Bağırzadənin aclıq aksiyası nəyə xidmət edir? Digər tərəfdən fərq bu qədər böyük olduğu halda bu iki şəxsin müqayisini aparmaq qədər cəsarəti haradan tapdıqlarına məətəl qalmamaq da olmur.

Yekun olaraq: Taleh Bağırzadə adlı şəxsin həbsxanda aclıq aksiyası keçirməsi
- Siyasi addımdır.
Şuşada keçirilən Vəhdət Qurultayından sonra başlanan, narahatlığını heç vəchlə gizlədə bilməyən qonşuların informasiya müharibəsinin tərkib hissədir. May ayının 14-də Fəvvarələr meydanında qanunsuz aksiyanın təşkili, məhkəmə önündə xuliqanlıq zəminində saxlanmış 2 şəxsin iranameyilli “Müdafiə xətti” təşkilatının ofisində təşkil olunmuş mətbuat konfransında səsləndirdikləri provakativ və yalan məlumat əsasında başlanmış (filankəs Allahı təhqir etdi) ucuz şounun davamıdır.
- Dini baxımdan tam yanlışdır. İslam alimlərinin, höccətül islamların, üləmaların bu yöndə dilə gətirdikləri fətvaları qeyd etdik.
- İllər öncə baş vermiş önəmli hadisənin təhrif olunmuş, saxtalaşdırlmış formada təqlididir.

AzVision.az

Teqlər: Din   Radikalizm  







Xəbər lenti