Qalib ölkənin mediası üçün kompas

// Şuşadakı beynəlxalq media forumunda deyilməyən nüanslar

      Qalib ölkənin mediası üçün kompas
  23 İyul 2022    Oxunub:1938
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Səfərin necə keçəcəyi Prezidentin köməkçisi Hikmət Hacıyevin təyyarədə jurnalistlərə müraciəti zamanı özünü necə təqdim etməsindən hiss olunurdu: “…Həmkarınız və dostunuz Hikmət”. Sadəcə. “Hacıyev”siz. Bu özünütəqdimat göstərirdi ki, mediada başlayan “yeni dövr”, “islahatlar” və onların nəticəsi nədir: Dövlətlə media arasında sağlam münasibətlərə aparan gerçək səmimiyyət.
Özünü “tənqidçi” sayanlar indi etiraz edəcəklər: Nə səmimiyyət? Dövlətlə media arasında səmimiyyət olmalı deyil e, sərbəst tənqid, azad fikir üçün şərait, filan-bəsməkan olmalıdır! Bütün bunların varlığı Forumun ilk iki panelində aşkar görüdü. Çıxışlara replika qismində tənqidi fikirlər də səsləndi, hətta müəyyən mənada müxalif yanaşmalar da. Təəssüf ki, az oldu, amma bu, daha çox debatları nəzərdə tutmayan formatla bağlı məsələ idi.

…Hikmət Hacıyevin təyyarədəki müraciətindən bəlli oldu ki, Şuşada Media Forumunun keçirilməsi dövlət başçısının fikri olub. Jurnalistlər üçün xüsusi təyyarənin ayrılmasını da elə Prezident tapşırıb. Bilmirəm, Şuşadakı əvvəlki forumlarlın iştirakçıları üçün də təyyarə ayrılıbmı, yoxsa bu, ilkdir? Bütün hallarda mediaya bu qədər dəyərin verilməsi insanı mütəəssir edirdi, amma dostun nə az-nə çox Prezidentdirsə, bu cür iltifatlara alışmaq lazımdır.

Mətbuat gününü belə bir formatda keçirmək bəlkə də ideal həll idi. Media intellektual fəaliyyət sahəsi olmalıdır, onun bayramında savadlı müzakirələr getməli, maraqlı fikirlər səslənməlidir. Şəxsən mən çıxışların əksəriyyətini ləzzətlə dinlədim. Xarici həmkarların qoyulan məsələlərlə bağlı düşüncələri çox maraqlı idi. Açığı, bizim medianın beynəlxalq əlaqələri geniş deyil və bu cür fikir təmaslarına ehtiyac böyükdür. Yeri gəlmişkən, panellərdən sonuncusu da elə medianın beynəlxalq əlaqələri mövzusunda idi.

Dinləyir və hiss edirdim ki, əslində illərdir görmək istədiyim Mətbuat Bayramı bax, bu imiş: Savadlı çıxışlar, intellektual ortam, pozitiv insanlar, sağlam münasibət… Və bütün bunların sehirli ortaq məxrəci Şuşa. Biz onu ilk növbədə “mədəniyyət paytaxtı” kimi dünyaya təqdim edirik, amma Şuşa eyni uğurla bizim ideoloji paytaxtımıza da çevrilməkdədir. Ölkənin və xalqın müxtəlif sahələrdə gələcəyinin mzakirə olunduğu tədbirlər getdikcə daha tez-tez Şuşada təşkil olunur. İndi həmin sahələrin arasında media da var.

Burada incə bir nüansı da nəzərə almaq lazımdır. Forumun özündə medianın formatının gələcəyi müzakirə olunurdusa, tədbirin məkanı medianın gələcək məzmununa səssiz bir əlavə idi. Dillə təkrarlanmayan bu “Şuşa əlavəsi”ndə deyilirdi ki, Azərbaycan mediasının yaxın gələcəkdəki əsas mövzusu və qayğısı Qarabağın bərpası, yüksəlişi olmalıdır. Fəaliyyət naviqatorumuza bunu ana istiqamət kimi yükləməliyik.

Azərbaycan mediasının Qalib Ölkənin Mediası, qısaca Qalib Media olması fikri Forumda bir neçə dəfə təkrarlandı. Həqiqətən gözəl səslənir, amma qulağa yox, beyinə sığal çəksə, effekti daha güclü olar. Epitetin üzərində düşünəndə fikir cığırı bizi belə bir suala gətirib çıxarır: Qalib Media ilk növbədə nə ilə, hansı mövzularla məşğul olmalıdır?

Sualın başına ip salmaq lazım deyil: Biz “nədən yazmamaq” yox, “daha çox nədən yazmaq” haqqında danışırıq. Bu zaman medianın kompasının əqrəbinin avtomatik tuşlanmalı olduğu istiqamət Şuşa, Qarabağ, Zəngəzurdur. Çünki gələcək oradadır. Şuşa Forumu bu mənada media kompasımızın düzgün köklənməsinə gətirib çıxarmalıdır. Gündəmə Şuşa ucalığından baxmağı vərdişə çevirməliyik.



Teqlər: Media   Şuşa  





Xəbər lenti