Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir.
Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
Festival iyulun 31-dək davam edəcək.