ABŞ-ın reaktiv mərmiləri Ukraynada vəziyyəti dəyişəcək – ARAŞDIRMA

   ABŞ-ın reaktiv mərmiləri Ukraynada vəziyyəti dəyişəcək –    ARAŞDIRMA
  27 Avqust 2022    Oxunub:1888
Xarici ölkələr hərbi yardım şəklində Ukrayna ordusuna müxtəlif artilleriya sistemləri və sursatlar ötürməkdə davam edirlər. Ukraynaya ABŞ-ın digər silahları ilə yanaşı, 155 mm-lik M549A1 aktiv reaktiv sursatları da verilib. Onlar standart qəlpəli-fuqas mərmilərindən daha uzaq atəş məsafəsi ilə fərqlənirlər. Bu məhsullar yeni olmasa da, Ukrayna Ordusuna əksər döyüş tapşırıqlarını həll etməyə imkan yaradır.
ABŞ Ukraynaya ümumilikdə 90 ədəd “M777” haubitsası və onlar üçün 184 min mərmi ötürməyi planlaşdırır. Ukrayna tərəfi iddia edir ki, “M777” haubitsalarının bir hissəsi artıq cəbhəyə çatıb və onların döyüş istifadəsinə başlanıb. Həmişə olduğu kimi, Ukrayna hərbçiləri idxal olunan yeni silahların şəkillərini paylaşmaq fürsətini də əldən vermir. Çəkilişlərdə xarici mərmilərlə dolu olan standart altlıqlar görünüb. Kadrların keyfiyyətinin aşağı olmasına baxmayaraq, mərmilərin dizayn xüsusiyyətlərini və üzərindəki işarələri görmək mümkündür.


Müxtəlif xarici mənbələrə görə, ABŞ-ın artilleriya yardım paketinə yüz minlərlə M549A1 mərmisi daxil ola bilər. Ukraynaya verilən və verilməsi planlaşdırılan belə mərmilərin dəqiq sayı hələlik naməlum olaraq qalır. İlk M777 haubitsasının rus ordusu tərəfindən qənimət götürülməsini də Rusiya mənbələri fasiləsiz tirajlayırdı.

Mərminin tarixçəsi

M549 sursatları M114, M198 və ya M109 kimi mövcud və gələcək 155 mm-lik haubitsalarda istifadə üçün yetmişinci illərdə ABŞ-da hazırlanıb. Hazırda onların əvəz edilməsi prosesi gedir. M549 mərmisinin əsas versiyasından geniş istifadə olunmadı. Döyüş başlığında partlayıcının qeyri-kafi sabitliyi səbəbindən onu yeni və gücləndirilmiş barıt yükünə malik M203 ilə birlikdə istifadə etmək mümkün deyildi. Bununla əlaqədar 1977-ci ildə təkmilləşdirilmiş M549A1 mərmisi yaradılaraq ABŞ ordusunun istifadəsinə verildi.


Təkmilləşdirilmiş döyüş sursatları ümumi istehsala daxil oldu və ABŞ ordusunun, eləcə də digər ölkələrin artilleriya bölmələrinə böyük miqdarda tədarük edildi. Yaşının çoxluğuna baxmayaraq, hazırda M549A1 ABŞ artilleriyasının əsas 155 mm-lik aktiv-reaktiv sursatı olaraq qalır. Köhnə M109-lardan tutmuş, müasir M777-lərə qədər bütün əsas artilleriya növləri bu mərmilərdən istifadə edir.

Hazırda M549A1-in xüsusiyyətləri də artıq Pentaqonun tələblərinə tam cavab vermir və buna görə də onun dəyişdirilməsi üçün tədbirlər görülür. Yaxın gələcəkdə artan məsafə və dəqiqliyə malik yeni XM1113 mərmisi seriya istehsalına daxil olacaq. Onun həm müasir artilleriya sistemləri, həm də hazırlanmaqda olan digər silahlarda istifadəsi planlaşdırılır.

Texniki xüsusiyyətləri

M549 və M549A1 məhsulları 155 mm çaplı ayrıca barıt yükünə malik artilleriya mərmiləridir. Onlar NATO və ABŞ layihəsi olan müxtəlif silahlarla uyğun gəlir. Bu sursatlar öz qatı yanacaqlı reaktiv mühərrikləri ilə adi artilleriya mərmilərindən fərqlənirlər. Həmin mühərriklərin köməyilə atəş məsafəsinin artırılması təmin edilib. 155 mm çaplı M549A1 mərmisinin ümumi uzunluğu 873,5 mm, kütləsi isə 43,5 kq-dır. Tam doldurulmuş topdan istifadə zamanı maksimum məsafəsi adi bir mərmi üçün 22,4 km, reaktiv mərmi üçün 30 km-ə çatır. 52 kalibrli lülə isə aktiv reaktiv sursatlar ilə 40 km məsafəyə atəş aça bilir.


M549 və M549A1 mərmiləri iki hissədən ibarət polad korpusda hazırlanır. Daha böyük başlıq uzunsov formaya malikdir. Onun tərkibində partlayıcı yük və başlıq qoruyucusu mövcuddur. Quyruq bölməsi isə reaktiv mühərrikin gövdəsidir. M549-un əsas modifikasiyası 16 funt (7,3 kq) B tərkibli partlayıcı daşıyırdı. M549A1 layihəsində aşağı zərbə müqavimətinə görə o, 15 funt (6,8 kq) TNT ilə əvəz edildi. Hər iki halda gecikmə imkanına malik zərbə qoruyucusundan istifadə olunur. Barıt yükünün partlayışı çoxlu sayda yüksək sürətli fraqmentlərin meydana gəlməsi ilə mərminin gövdəsinin dağıdılmasına səbəb olur.

Mərminin reaktiv mühərrikinin ümumi kütləsi 3,2 kq-dır, onun iki bölməsində sərt yanacaq yerləşir. Atəş zamanı yanacaq yükünün alovu reaktiv mühərrikin gecikdiricisini alovlandırır. 7 saniyədən sonra mühərrik alovlanır və növbəti 3 saniyədə əlavə sürətlənmə əldə edir. Barıt qazları konusvari burun vasitəsilə korpusun dibinə atılır. Uçuş ətalətlə keçir və artan sürət onun məsafəsini artırmağa imkan verir.

Təhdid və reaksiya

M549A1 aktiv reaktiv mərmisi ilə müasir M777 yedəkli haubitsa çox təsirli silahdır. Bu cür sistemlər Ukrayna ordusuna yeni döyüş imkanları verir və ruslara əlavə risklər yaradır. Bu Rusiya ordusunda narahatlıq səbəbi olmaqla bərabər, işğalçıları təcili cavab tədbiri görməyə də vadar edir.

Yeni artilleriya sistemlərinin təhlükəsi ilk növbədə atəş məsafəsinin artması ilə bağlıdır. M777 və M549A1 mərmilərinin köməyi ilə Ukrayna ordusu müdafiənin daha uzaq dərinliyində rus hərbi hədəflərinə hücum imkanı əldə edir. Eyni zamanda, ABŞ silahları Donbas istiqamətində separatçıların əlindəki bir çox silah sistemlərindən daha üstündür.


Əlavə risklər M777 haubitsasının qabaqcıl rəqəmsal atəşə nəzarət sisteminə malik olması və bütün uyğun mərmilərdən istifadə edərkən artan dəqiqlik ilə xarakterizə olunması ilə əlaqələndirilir. Yüksək keyfiyyətli kəşfiyyat məlumatlarının mövcudluğunda belə bir sistem ruslar üçün real təhlükə mənbəyidir.

Bununla belə, Ukrayna Ordusu idxal olunan haubitsaların və mərmilərini daşınmasını və istifadəsini düşmənin kəşfiyyat vasitələri tərəfindən aşkarlanmasına imkan verməli deyil. Onların qabaqlayıcı və ya cavab xarakterli düşmən atəşindən qorunması diqqətdə saxlanılarsa, bu silahların tam həcmdə çatdırılması qısa müddətdə başa çatarsa, o zaman Rusiyanın itkilərinin arta, bəzi istiqamətlərdə isə Ukrayna üstünlüyü ələ keçirə bilər. Belə sistemlərin tam potensialının reallaşdırılması üçün haubitsaların sayının heç olmasa 200-ə qədər artırılması, onların havadan müdafiəsi, şəxsi heyətin peşəkar hazırlığı vacibdir. Bu şərtlər daxilində M777 haubitsaları və onların sayı zəruri miqdara çatdırılarsa, yaxın perspektivdə, məsələn, sentyabrda Ukraynanın əməliyyatlar teatrında müsbət dəyişikliklər gözləməyə dəyər.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ukrayna   Müharibə   Silah  





Xəbər lenti