İran: Ya dəyişiklik, ya viran... - Sədrəddin Soltanın yazısı

 İran:  Ya dəyişiklik, ya viran... -  Sədrəddin Soltanın yazısı
  23 Sentyabr 2022    Oxunub:2666
Əgər cəmiyyətin kütləvi etirazı nəzərə alınmazsa, yeniləri baş verəcək. Yeni etiraz aksiyaları isə ölkənin həllini gözləyən çoxsaylı yeni problemlərini üzə çıxarır. İranda 43 ildir cəmiyyətin irəli sürdüyü tələblər, bir qayda olaraq, zorakılıqla qarşılanır. Son on ildə keçirilən etiraz aksiyalarına qısa nəzər yetirək.
2006-cı ildə “İran” adlı qəzet azərbaycanlıları təhqir edən karikatura çap etdi. Azərbaycan türklərinin buna etirazı hakimiyyətin zorakılığı ilə qarşılandı. İranın ali rəhbərindən tutmuş başqa rəsmilərinədək hamısı Azərbaycan türklərinin İran tarixində oynadıqları aparıcı roldan danışmaqla aksiyanı sakitləşdirməyə cəhd göstərdi. Onda polis və başqa güc strukturlarının silahlıları ilə toqquşmada 200-dən çox azərbaycanlı şəhid oldu. Karikaturanı çəkənin ölkədən qaçmasına şərait yaradıldı, başqa məsullar isə cəzalandırılmadı. Əksinə, etiraz aksiyalarının iştirakçıları təqib edildi, cinayət məsuliyyətinə cəlb olundu.

2009-cu ildə İranda prezident seçkisi qabağı aksiyalar da miqyasına və iştirakçılarının sayına görə son illərin azsaylı nümayişlərindəndir. İştirakçıların islahatçı, "Yaşıllar" hərəkatının lideri Mirhüseyn Musəvini dəstəkləməsi cəmiyyətin dəyişiklik tərəfdarı olmasının göstəricilərindən idi. Sonrakı illərdə milli valyutanın inflyasiyasına, gündəlik tələbat mallarının qiymətlərinin artmasına etiraz olaraq və başqa sosial şüarlarla aksiyalar keçirilib. Hətta pandemiyanın ən güclü olduğu günlərdə belə İran əhalisi sosial, mədəni və siyasi tələblərlə etiraz aksiyaları təşkil edib.


Bu ilin sentyabrında hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini İran əxlaq polisi tərəfindən öldürüldü. İranın bir çox şəhərlərində bu hadisəyə etiraz aksiyaları keçirilir. Hakimiyyət aksiya iştirakçılarını odlu silah və dəyənəklə qarşılayır. Yeri gəlmişkən, güney azərbaycanlı fəal Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdığı üçün tutulmuşdu. Bu günlərdə mühakimə olunan soydaşımız 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. İran İnsan Haqları Təşkilatının sentyabrın 23-nə olan məlumatına əsasən, son bir həftədə keçirilən etiraz aksiyaları zamanı öldürülən 36 nəfərin kimliyi dəqiqləşdirilib. Çoxlu sayda yaralılar olduğundan ölənlərin sayının artacağı ehtimal olununr. Üç mindən çox aksiyaçının “iğtişaş törətmək"də ittiham olunaraq həbs edildiyi bildirilib.

Bəs İranda nə baş verir? Əslində, bu aksiyalar ölkə cəmiyyətinin insan haqlarının pozulmasına etirazıdır. İnsanlar hakimiyyətin tətbiq etdiyi mürtəce qaydaları qəbul etmədiklərini dünyaya göstərir. İran vətəndaşları ailə, məişət məsələlərinə hakimiyyətin müdaxiləsinə etiraz edir. Onlar fərdi azadlıqlarının tapdalanmasına qarşı çıxırlar. Əliyalın etirazçılar ölkənin güc strukturlarının odlu silahlarından çəkinmədən küçələrə çıxıb insan hüquqlarını qorumağa çalışırlar. Etirazçılara zorakılıq tətbiqi, onların gülləbaran edilməsi hakimiyyətin öz cəmiyyətinə mürtəce münasibətinin dəyişmədiyini isbatlayır. Müasir informasiya texnologiyaları fonunda İran cəmiyyəti də bütün istiqamətlərdə inkişaf edir. Rəsmi Tehran isə inkişaf edən bu cəmiyyəti köhnəlmiş, mürtəce üsulla, 43 il öncəki düşüncə və metodla idarə edir. Bu, İranda mövcud teokratik idarəetmə formasının böhranıdır. Başqa sözlə, indiki cəmiyyətin 50 il əvvəlki kimi idarə edilməsi İran hakimiyyətinin tükəndiyinin göstəricisidir.

İran əhalisinin sayına görə böyük hissəsini Azərbaycan türkləri təşkil etdiyindən hakimiyyətin yürütdüyü və tətbiq etdiyi metodlar nəticəsində onların da insan haqları tapdanır. Bu mənada Azərbaycan türklərinin konstitusya hüquqları pozulur. Onların ana dilində bir siniflik məktəbləri belə yoxdur. Azərbaycan milli musiqisini, rəqsini, bir sözlə, mədəniyyətini təbliğ edənlər tutulur, dərnəkləri bağlanır. Öz milli, mədəni və qanuni hüquqlarını tələb edən azərbaycanlılar həbs olunur. Məhkumluqdan sonra onlar yenidən təqiblərə və təzyiqlərə məruz qalırlar. Tehran hakimiyyəti Urmiya gölünün qurumasına etiraz edənləri belə “iğtişaş yaratmaq"da” ittiham edərək tutur. Hazırda onlarla azərbaycanlı fəal bu ittihamla həbsdədir. Bununla da Urmiya gölü hakimiyyətin ekoloji terrorunun qurbanı olub.

Öz vətəndaşlarının adi insan hüquqlarını pozub, pozulan haqlarının müdafiəsinə qalxan vətəndaşlarını qətlə yetirən İran hakimiyyəti Azərbaycanın daxili işlərinə də müdaxilə edir. 44 günlük müharibə, sonrakı bir il və Ermənistanın Azərbaycanla sərhədyanı bölgədə törətdiyi genişmiqyaslı təxribat zamanı rəsmi Tehran ənənəvi olaraq rəsmi İrəvanı müdafiə edərkən cavabını aldı. Münasibətləri diplomatik yolla tənzimləmək, regionda əməkdaşlıq və sülhə çağırışlar etməkdənsə, İran hakimiyyətinin Ermənistanın pozuculuğuna dəstək verməsi onun iğtişaşı dəstəkləmək metodologiyasından irəli gəlir. Ancaq Azərbaycan nə Livan, nə də Yəməndir. Onu da qeyd edək ki, İran hakimiyyətinin dəstəklədiyi “Hizbullah”ın Azərbaycanın Beyrutdakı səfirliyinin binasına hücum cəhdi oldu...


Son günlər İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Baqeri təmsil etdiyi hakimiyyətin ənənəvi şər atmaq kampaniyasını davam etdirərək guya Azərbaycanın sərhədləri dəyişmək cəhdinə eyham vurub. General sərhədlər müəyyənləşməməsindən, Ermənistanın bu istiqamətdə işləri yubatmasından bəhs etməməsi İran hakimiyyətinin regionda rəsmi İrəvanı müdafiə etdiyini isbatlayan faktlardandır. Azərbaycanın regionda artan nüfuzunu, Türkiyə ilə əlaqələrinin genişlənməsini, dünyanın energetika sahəsində təhlükəsizliyində oynadığı rolu İranın rəsmi dairələri və mərkəzləri həzm edə bilmir. Yeni reallıqla barışıb regionda əməkdaşlıq üçün səy göstərməkdənsə, pozuculuq fəaliyyəti ilə məşğul olan Ermənistanı müdafiə etmək bu hakimiyyətin mahiyyətini, iki müsəlman dövlətə münasibətinin kin və nifrət üzərində qurulmasından xəbər verir. Zəngəzur dəhlizi ilə bağlı bu ölkə rəsmilərinin mövqeyi bunu təsdiqləyir. Tehran hakimiyyəti təbliğatçılarının onu “Turan dəhlizi” kimi təqdim edərək onun guya İrana da daxil olacağı kimi fikirləri bundan xəbər verir.

Beləliklə, İran hakimiyyətinin qonşu dövlətlərin daxili işinə qarışmaqdansa, ölkə daxilində məşğul olmaq üçün saysız problemləri var. Onların mütərəqqi yolla həlli elə qonşularla xoş münasibətdir. Son hadisələrin yenidən əvvəlki üsulla qarşılanması İranda yeni etiraz aksiyalarının baş verəcəyini deməyə əsas verir. Çünki hərbi-polis birləşmələrinin əli ilə aksiyaların qarşısını almaqla problemlər həll olmuş sayılmır. Odur ki, İranda etiraz aksiyalarının ardı var...

Sədrəddin Soltan, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri
AzVision.az


Teqlər: İran  





Xəbər lenti