Korrupsiya: Qlobal bəla və onunla mübarizənin Azərbaycan modeli

      Korrupsiya:    Qlobal bəla və onunla mübarizənin    Azərbaycan modeli
  17 Oktyabr 2022    Oxunub:2714
Tural İsmayılov
STM-in baş məsləhətçisi, politoloq

İnsanlığın inkişafı həm də tənəzzül ilə müşayiət olunur. Samuel Hantinqton hesab edirdi ki, təkamül eyni zamanda geri dönüşdür. Harada inkişaf varsa, orada həm də mənəvi problemlər var. Harada irəliyə hərəkət mövcuddursa, sistemin elementləri xaotiklik də yaradır. Yuval Noah Harari hesab edir ki, inkişaf həm də problemlərin qaynağıdır.
Korrupsiya mənəvi deqradasiyanın elementidir. Onun hüquqi problematikası, yaxud qanunsuzluq prizmasından şərhi kifayət qədər aydındır. Amma qlobal cinayətkarlıq hələ də korrupsiya ilə zənginləşməyə davam edir. Eyni zamanda problemin mahiyyəti bizdən dəqiq mövqelər tələb edir. Əxlaq, vicdan və digər mənəvi kriteriyalar harada dayanır bu məqamda?

Fəlsəfə tarixində düşüncələrimə təsir edən və sevdiyim filosoflardan birincisi heç şübhəsiz Frensis Bekon hesab edilə bilər. Bekon təkcə fəlsəfə tarixinə yeni çalarlar qatan dahi filosof deyildi, o, həm də, böyük mütəfəkkir, güclü fikir adamı və tarixə yön verən elm nəzəriyyəçisi idi. Amma... Onu maraqlı edən həm də orijinal baxışlarının olmağı və özünəməxsus reaksiyalarıdır. “Yeni Atlantida”, “Biliyin İnkişafı” kimi əsərləri yazan fikir adamı həm də 16-cı əsrin sonlarına doğru siyasi proseslərin iştirakçısı idi. Maraqlı olan odur ki, sarayda müxtəlif vəzifələrdə çalışan Bekon həm də çoxlu hədiyyələr və rüşvət alırdı. Nəhayət, ona qarşı istintaq başladıldı; O, hakimlərə əfv üçün yalvardı, amma mühakimə olunmaqdan və bütün vəzifələrini itirməkdən qaça bilmədi. Kral onu bağışladı, Bekon təqaüdə çıxdı və pensiyası ilə yaşamağa başladı. Bu andan o, özünü elmi tədqiqatlara həsr etdi.

Bekonun məhkəmənin qərarı ilə bağlı çıxışı məşhurdur. Fəlsəfəsindən başqa bir şey qalmayan Bekon çarəsiz, acı özünütənqid yolunu tutaraq, əsrlərə sığan bir çıxış edir: “Rüşvətxorluğu müdafiə etməkdənsə, rüşvət verən olmağı üstün tuturam. Əlli il mən İngiltərənin ən ədalətli adamı olmuşam. Amma Parlament 200 il ərzində mənimlə bağlı verdiyi qərar qədər düzgün qərar verməyib”.

Bekon əslində göstərdi ki, mənəvi problemlər hüquqi sıxıntıların ilk bazisidir. Deməli, bir insanın cəmiyyətdə qazandığı bütün müsbət keyfiyyətlərdən və bəşəriyyətə verdiyi töhfələrdən asılı olmayaraq onun korrupsiyaya bulaşma meyarları həmişə aktual və düşündürücü bir əyrilikdir.

Dünyada ciddiləşən rüşvətxorluq böhranı

Bu gün dünya ölkələrində korrupsiyaya qarşı mübarizə başlıca hədəflərdən hesab edilsə də, rüşvətxorluq hələ də ictimai bəla kimi qalmaqda davam edir. Korrupsiyaya qarşı mübarizə aparan və 100-dən çox ölkədə fəaliyyət göstərən “Transparency International” 1995-ci ildən bəri hər il Korrupsiya Qavrama İndeksini dərc edir. İndekslə bağlı hazırlanan hesabatda bütün dünyada əsas insan hüquq və azadlıqlarının pozulmasının qorxulu həddə düşdüyü və bunun korrupsiyanı artırdığı vurğulanıb.

Hərçənd, bu təşkilatın obyektivliyi ciddi suallar doğurur və tam etibarlı qaynaq hesab edilə bilməz. Korrupsiya Qavrama İndeksinin 2021-ci ilin nəticələrinə görə son 10 ildə ən çox xal itirən ölkələr bunlardır: Avstraliya, Bosniya və Herseqovina, Botsvana, Kanada, Çili, Kipr, Qvatemala, Honduras, Macarıstan, Livan, Liberiya, Lüksemburq, Mali, Monqolustan, Nikaraqua, Filippin, Polşa, Saint Lucia, Cənubi Sudan, Suriya, ABŞ və Venesuela. Görünür ki, inkişaf meyarlarından asılı olmayaraq korrupsiya böyük bir qlobal nizamsızlıq kimi hələ də özünü göstərməyə davam edir.

Bir sıra beynəlxalq hesablamala görə hətta daha əvvəl korrupsiyaya qarşı mübarizədə uğurlar əldə edən ölkələrdə də ciddi problemlər var. Özəlliklə pandemiya ilə mübarizə sahəsində xərclərin şəffaflığı son illərin yeni rüşvət indekslərini formalaşdırdı. Hətta tarixən yüksək göstəricilərə malik olan ölkələrdə də tənəzzül əlamətləri müşahidə olunur. Hesablamalara görə son 10 il ərzində 150-dən çox ölkədə ciddi geriləmə var. Bir neçə ay əvvəl Aİ ölkələrində korrupsiya ilə bağlı ictimai rəy sorğularında ortaya çıxan nəticələr isə uzun müddət aparılan təbliğatları kökündən sarsıtdı.

Aİ-nin korrupsiyaya qarşı effektiv mübarizə apardığı haqqında aparılan təbliğatlar dezinformasiyadan başqa bir şey deyil. Korrupsiya Aİ vətəndaşları üçün ciddi narahatlıq olaraq qalır. Əhalinin 68%-i korrupsiyanın onların ölkəsində hələ də geniş yayıldığına inanır. Respondentlərin 74%-nin korrupsiyanın geniş yayıldığına getdikcə daha çox inanır. Eyni zamanda avropalılar korrupsiyaya cinayət kimi baxılması üçün milli səviyyədə görülən tədbirlərə pessimist yanaşırlar. Yalnız azlıq hesab edir ki, korrupsiyaya qarşı tədbirlər qərəzsiz və gizli məqsədlər olmadan tətbiq olunur (37%), insanları korrupsiya əməllərindən çəkindirmək üçün kifayət qədər uğurlu təqiblər var (34%), onların milli hökumətinin korrupsiya ilə mübarizə səyləri effektivdir (31%) və ya öz ölkələrində siyasi partiyaların maliyyələşdirilməsində kifayət qədər şəffaflıq və nəzarət mövcuddur (31%).

Sorğunun nəticələri göstərir ki, Aİ vətəndaşları təqdim edilən “güllük-gülüstanlıq” haqqında informasiyaları ciddi hesab etmirlər. ABŞ-da isə hər il bu göstəricilər daha da pisləşir. Beləliklə, təbliğatın necəliyindən asılı olmayaraq, dünyada korrupsiyaya qarşı mübarizədə ciddi problemlər qalmaqda davam edir. Dövlətlərin korrupsiyaya qarşı mübarizəsi çox vaxt kosmetik olur yaxud əhalidə inam yaratmır.

(ABŞ-ın göstəriciləri)

Korrupsiya ilə savaşda Azərbaycan modeli

Azərbaycan bugünə qədər korrupsiya ilə mübarizə sahəsində ciddi uğurlar əldə edib. Cənab Prezident tərəfindən korrupsiya ilə mübarizəyə dair önəmli mesajlar verilib. “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə də səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”.

Ulu Öndər Heydər Əliyev tərəfindən vaxtilə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli və “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2000-ci il 8 iyun tarixli Fərmanlar imzalanıb. Ulu öndər qeyd edirdi ki, rüşvətxorluq cəmiyyəti içindən yeyir, bu hallara qarşı mübarizə hamının işidir. Son illər bu sahələrdə aparılan ardıcıl islahatlar və əldə olunan müsbət nəticələr dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşdırılmasında mühüm mərhələ olmaqla, iqtisadi potensialın artmasında böyük rol oynayıb, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirib, əhalinin maddi rifahının yaxşılaşması üçün əsaslı zəmin yaradıb.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər. Dövlət Proqramı üzrə tədbirlərin 3.7-ci bəndində nəzərdə tutulmuş korrupsiyaya qarşı mübarizə məqsədilə hüquq-mühafizə orqanları aparatlarında daxili nəzarətin təşkil edilməsilə bağlı Azərbaycan Prezidentinin 2004-cü il 30 iyun tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin strukturunda Daxili Təhlükəsizlik İdarəsi yaradılıb. Analoji İdarələr Vergilər, Fövqəladə Hallar Nazirliklərində, Gömrük Komitəsində, Dövlət Miqrasiya Xidmətində yaradılmışdır. Dövlət Sərhəd xidmətində daxili nəzarətin həyata keçirilməsi ayrıca struktur bölməyə həvalə edilib. Daxili nəzarətin həyata keçirilməsinin əsas məqsədi dövlət orqanlarında inzibati nəzarəti təmin etmək, korrupsiya ilə əlaqədar hüquqpozma törədən əməkdaşları müəyyən edərək müvafiq tədbirlər görməkdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər) korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət təqibinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi tərəfindən həyata keçirilməsi qərara alınıb. Bu idarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Baş Prokurora tabedir. Korrupsiya ilə effektiv mübarizə aparılmasına görə bu idarənin qarşısında çox mühüm vəzifələr qoyulmuşdur və ona geniş səlahiyyətlər verilib.

Azərbaycan Prezidentinin 2011-ci il11 mart tarixli Fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əvvəlkindən fərqli olaraq bu İdarənin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfər müəyyən edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşların ştat vahidi 100-dən 140-a çatdırılmışdır. İdarənin prokurorluq işçilərinin və xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, o cümlədən bu idarənin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılıb.

Azərbaycan Respublikası Prezidenti 2022-ci ilin 4 aprel tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında tarixi Sərəncam imzalayıb. Həmin Sərəncamla Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planının əsas və vacib müddəalarından biri odur ki, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.

MM-in keçmiş söbə müdirinin müavini Eldar Əsgərov qeyd edir ki, korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.

Cənab Prezident tərəfindən korrupsiyaya qarşı aparılan mübarizə ictimai rəydə də özünə böyük inam toplayır. Əhalinin mütləq əksəriyyəti korrupsiya və rüşvıətxorluğa qarşı mübarizəni dəstəkləyir.

Sosial Tədqiqatlar Mərkəzi olaraq həyata keçirdiyimiz “İnam İndeksi” sorğularında bu sahə ilə bağlı da respondetlərə müxtəlif suallar ünvanlanıb. “İnam İndeksi 6”-da Dövlət başçısının korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 74,9%-i tərəfindən uğurlu hesab olunub. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nın Tədbirlər Planının 4-cü prioritet istiqaməti (Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər) üzrə 9-cu tədbirdə “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə rəsmi internet saytları və sosial şəbəkələr vasitəsilə mütəmadi elektron məmnunluq sorğularının keçirilməsi, bu prosesə vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların cəlb edilməsi” işləri üzrə STM-in də üzərinə müvafiq vəzifələr qoyulub.

Bu gün Azərbaycan korrupsiyaya qarşı mübarizədə böyük uğurlar əldə edib və bu məsələdə dövlətimizə daim dəstək olmalıyıq!



Teqlər: Korrupsiya  





Xəbər lenti