Büdcənin profisiti sosial artlımlara yönəldilə bilər – TƏHLİL

   Büdcənin profisiti sosial artlımlara yönəldilə bilər –    TƏHLİL
  14 Noyabr 2022    Oxunub:2008
Dünya iqtisadiyyatında inflyasiya və bahalaşma fonunda ölkəmizdə dövlət büdcəsi yüksək göstəricilərlə icra edilir. Gedişat göstərir ki, ilin axırınadək Dövlət Neft Fondundan (ARDNF) transfert xeyli aşağı həcmdə həyata keçiriləcək. İl başlayandan dövlət büdcəsinin gəlirləri xərcləri üstələyir.
İyun ayında cari ilin dövlət büdcəsinin proqnoz göstəricilərinə yenidən baxılarkən gəlirlər 8,9 % artırılaraq 29 milyard 197 milyon 800 min manat, xərclər isə 8,1 % artırılaraq 32 milyard 303 milyon 800 min manat edilərkən ARDNF-dan nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert 1 milyard 192 milyon 500 min manat azaldılaraq, 11 milyard 517 milyon 500 min manata salındı. Başqa sözlə, ARDNF-dən transfert büdcə gəlirlərinin 39,4%-nə endirildi.

Büdcənin icra vəziyyəti barədə yazarkən ilk olaraq niyə Neft Fondundan transfert məsələsinə toxundum?! Çünki dövlət büdcəmiz neftin qiymətindən asılı olduğundan gəlirlərin az qala yarısı ARDNF-dən qabaqcadan planlaşdırılan transfert köçürməsinə əsasən formalaşır. Bəs dövlət büdcəmizin ilin başlanğıcından bəri yaxşı icra olunmasına səbəb nədir?!

Sözsüz, neftin ixrac qiymətinin səmərəli olması... Ümumiyyətlə, neftin dünya bazar qiymətləri xeyli vaxtdır yüksək qaldığından, keçən il də büdcəyə gəlirlərimiz nəzərdə tutulandan artıq olmuşdu. Bu ilin iyun ayında prezidentin təşəbbüsü ilə büdcəyə dürüstləşdirmə zamanı həmin qiymət 85 dollara qaldırıldı. Yenə də neftdən gəlirlərimiz bundan yuxarı olub və olmaqda davam edir.
Yeri gəlmişkən, dəyişikliklərdən sonra 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat proqnozlaşdırılmaqla, 3 milyard 106 milyon manat həcmində kəsirlə nəzərdə tutulmuşdu.

Ancaq dövlət büdcəsinin icrasında profisitin yaranmasında digər səbəblər də var. Birincisi, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində budcə-vergi (fiskal) siyasəti təkmilləşib. Üstəgəl, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, həmçinin Dövlət Gömrük Komitəsinin iş üslublarında və yığım mexanizmlərində də kifayət qədər böyük keyfiyyət dəyişiklikləri baş verib. “Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıb və biz bundan istifadə edirik" – deyə ilin ilk 6 ayının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev bildirmişdi.

İkinci səbəb qeyri-neft-qaz sektorunun inkişafıdır. Cari ilin ilk yarısının yekununa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil edilən 6 milyard 482 milyon 100 min manat vəsaitin (proqnozdan 46,7% çox) 67,6%-i və yaxud 4 milyard 381 milyon 300 min manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 206 milyon manat və ya 38% çox deməkdir.

Bu çox önəmli faktordur. İqtisadiyyatda şəffaflığın genişlənməsi və kölgə iqtisadiyyatına qarşı mübarizənin güclənməsi nəticəsində açıq rəqabət mühitinin yaranması dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlərin qeyri-neft-qaz sektorundan vergilərin hesabına artması üçün geniş yol açıb. Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün bütün zəruri vasitələr və siyasət həyata keçirilir ki, xüsusən də 2014-2015-ci illərdə dünyada neftin qiymətinin kəskin şəkildə enməsi səbəbindən 2015-ci ildə manatın məzənnəsinin iki dəfə devalivasiyasından sonra bu, vacib bir məqsədə çevirib.

Məhz bu siyasətin nəticəsidir ki, son 6 il ərzində çox böyük irəliləyişlər əldə edilib. Bu özünü ÜDM istehsalında qeyri-neft-qaz sektorunun payının yüksəlməsində, həmin sahədən ixracın və yuxarıda qeyd etdiyim kimi, büdcəyə gəlirlərin artmasında göstərib və göstərməkdə də davam edir. Cari ilin dövlət büdcəsinə dəyişiklər də sırf neftin qiymətinə əsasən deyil, məhz qeyri-neft-qaz sektorundan əldə olunan gəlirlərin buna şərait yaratması hesabına baş verdi. ARDNF-dan transfert məbləğinin artırılmaması, əksinə, azaldılması buna ən bariz nümunə sayılır.

Üçüncü səbəbə gəlincə, Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə daxilolmaların artmasında inflyasiya amilinin də rolu danılmalı deyil. 2022 ən böyük bahalaşma ili olaraq yadda qalacaq. Bu faktor da nəzərə alınmalıdır.

Qısa desəm, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 22 milyard 401 milyon 500 min manat, xərcləri isə 20 milyard 470 milyon 700 min manat icra olunmaqla, büdcənin icrasında 1 milyard 930 milyon 800 min manat (ÜDM-in 2%-dək) profisit yaranıb. İlin sonuna bu rəqəmin bir az da artacağı gözlənilir.

Sonda qeyd edim ki, bazar iqtisadiyyatı sistemi ölkələrində dövlət büdcəsinin icrasında profisit adətən, normal sayılmasa da, bizdə iqtisadiyyata dövlət nəzarəti yüksək olduğundan, büdcənin icrasında profisit məqbul hesab edilir. Söhbət 2 milyard manata yaxın profisitdən getdikdə isə, ən azı növbəti il ərzində sosial istiqamətdə maliyyələşdirmədə əlavə resurs görüntüsü yaranır. Lakin “Büdcə sistemi haqqında” qanuna əsasən, bu və ya digər ilin dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalığın hara və necə istifadə edilməli olduğu aşkar yazılıb. Bununla belə, sözügedən məsələ növbəti ildə maaş və pensiyaların, o cümlədən sosial müavinətlərin artırılması üçün əlavə mənbə və vasitədir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Büdcə   İqtisadiyyat  





Xəbər lenti