Ermənistan-İran-Hindistan üçbucağı dayanıqlı formatdırmı? – Qırğız politoloqun şərhi

   Ermənistan-İran-Hindistan üçbucağı dayanıqlı formatdırmı? –    Qırğız politoloqun şərhi
  22 Noyabr 2022    Oxunub:2991
“Ermənistan-Hindistan-Rusiya üçbucağındakı hərbi-texniki əməkdaşlıqdan danışanda nəzərə almaq lazımdır ki, vaxtilə SSRİ ilə Hindistanın uzunmüddətli xarakter daşıyan münasibətləri vaxr idi. Beynəlxalq institutların məlumatına görə, Hindistan ən çox silah idxal edən ölkələrdən biridir. 2021-ci ilə qədər silah idxalının təxminən 85%-i Rusiyadan idi. Ancaq indi bu nisbət dəyişəcək. Çünki hindistanlı mütəxəssislər də Rusiya silahlarının Ukraynadakı müharibədə nə dərəcədə effektiv olduğunu, onlardan necə istifadə edildiyini, texniki göstəricilərini, imkanlarını diqqətlə izləyirlər”.
Bu sözləri AzVision.az -a müsahibəsində Qırğızıstanlı politoloq Edil Osmonbetov deyib. O bildirib ki, son illər Hindistanın öz hərbi sənaye kompleksini yaratmaq üzərində fəal işlədiyi müşahidə olunur. Rusiya silahları az alınır, Fransa, İsrail, ABŞ və Böyük Britaniyadan daha çox silah tədarük edilir.

- Əlbəttə, bu, ölkənin müdafiə qabiliyyətinə xeyli təsir edəcək. Hindistan silah ixracatçısı olmağa can atır və hərbi sərgilər keçirir. Amma Hindistan ilə Ermənistan arasındakı hərbi-texniki əməkdaşlığın Rusiyanı çox qıcıqlandırdığını düşünmürəm. Çünki hələ tam qarşılıqlı əlaqə yoxdur, yalnız konturlar hazırlanır.

- Belə bir fikir var ki, Hindistan postsovet məkanındakı silah bazarında öz yerini tutmağa çalışır. Ona görə Qafqaz və Mərkəzi Asiyanın bazarlarında fəal işləyir. Sizcə, Hindistanın postsovet məkanında Rusiyanı silah bazarından sıxışdırıb çıxarmaq planları varmı?

- Əlbəttə, əgər inkişaf etdirdiyiniz hərbi sənaye kompleksiniz varsa, onun məhsullarını satmalısınız. Amma silah bazarı mürəkkəbdir və çox şey Ukraynadakı müharibənin nəticəsindən, orada istifadə olunan silahların effektivliyindən asılı olacaq. Təbii ki, Hindistan da bazarda iştirak etmək və ixrac imkanlarını artırmaq istəyir. Bu gün çoxqütblü dünya nizamının qurulmasında iştirak etmək istəyən ölkələrin öz güclü iqtisadiyyatı, xarici siyasəti və güclü ordusu olmalıdır. Hindistan da bu ambisiyalarını həyata keçirməyə çalışır.

- İkinci Qarabağ müharibəsindən sonra Ermənistan, İran və Hindistan əməkdaşlığı gücləndirdilər. Hindistan və Tehran Ermənistan ərazisindən keçməklə İranı Avropa ilə birləşdirəcək "Fars körfəzi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizinin (İTC) açılmasını istəyirlər. Hindistan yüklərin daşınması üçün Ermənistanı da İranın Çabahar dəniz limanından istifadəyə cəlb etmək təklifini irəli sürür. Yəni biz görürük ki, Hindistan, İran və Ermənistan üçtərəfli əməkdaşlıq formatı yaradırlar. Bu format nə dərəcədə davamlı ola bilər?

- Hindistan tarixi-mədəni baxımdan Mərkəzi Asiya regionunda, müəyyən qədər də Cənubi Qafqazda mövcud olmaq istəyir. Bunu etmək hələ ki çətindir. Çünki Hindistanın böyük geosiyasi çatışmazlığı var - Mərkəzi Asiya və Cənubi Qafqaza birbaşa coğrafi çıxışının olmaması. Ona görə də İranla yaxşı münasibətlər saxlamağa üstünlük verməlidir.

Bildiyimiz kimi, Hindistanın Pakistan və Çin ilə münasibətləri çox mürəkkəb və sərtdir. Ona görə də Hindistan üçün İranla əlaqələr öz mallarını diversifikasiya etmək və eyni zamanda dənizlərə daha çox çıxış əldə etmək, İqtisadi və ixracat axınını şaxələndirmək baxımından strateji plandır. Həm də neft almaq və Mərkəzi Asiyaya, Cənubi Qafqaza çıxış əldə etmək üçün. Hindistan-İran-Ermənistan əməkdaşlıq formatı hələ tam etibarlı deyil. Hər şey Ukrayna hadisələrindən sonra postsovet məkanında geosiyasi vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.

* * *

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla fəal hərbi əməkdaşlıq kursu götürdü. Sentyabrın əvvəlində Hindistan və Ermənistan hökumətləri arasında hərbi müqavilələr imzalandı. Razılaşmanın bir hissəsi olaraq Yeni Delhi İrəvana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar tədarük edəcək. Bu yaxınlarda hind mediası Hindistanın özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişi aldığını xəbər verib. Məlumata görə, Ermənistanla 155 milyon dollarlıq müqavilə imzalanıb.


Samir Vəliyev

AzVision.az



Teqlər: Hindistan   İran   Ermənistan  





Xəbər lenti