"Tehran faciəsi" xarici eks-diplomatların gözü ilə

//ABŞ səfirliyinə hücum, Qriboyedovun qətli, Tehranın İrəvanı dəstəkləməsi...

      "Tehran faciəsi"    xarici eks-diplomatların gözü ilə
  29 Yanvar 2023    Oxunub:1292
Dünən Azərbaycanın Tehrandakı səfirliyinə olan silahlı hücum Rusiya mediasının da gündəminə çevrilib. “News.ru” saytının “Tehran faciəsi: Azərbaycan səfirliyinə hücumun arxasında nə dayanır” başlıqlı məqaləsi isə daha çox diqqət çəkib.
Oleq Kusovun xain hücumla bağlı araşdırmasında bir sıra maraqlı məqamlara toxunulub. Müəllif Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə olan silahlı basqının yerli vaxtla səhər saat 8 radələrində reallaşdırıldığını xatırladıb. Həmçinin qeyd edilir ki, nəticədə diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. İki mühafizəçi isə yaralanıb . Hadisəni törədən şəxs həbs edildikdən sonra isə İran hüquq-mühafizə orqanları xain hücumun arxasında "şəxsi motivlər"in olduğunu bəyan ediblər. Lakin rəsmi Bakı terrorçunun İran xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etməsi versiyasına inanır.

Üzünü gizlətməyən qatil


"Hücumdan bir neçə saat sonra internetdə daxili müşahidə kameralarından çəkilmiş görüntüləri peyda oldu. Həmin videolarda aydın şəkildə göstərilir ki, əlində avtomat olan şəxs səfirliyin binasına soxularaq çaşqın vəziyyətdə olan mühafizəçilərə atəş açır. Lakin onlardan biri terrorçunu zərərsizləşdirməyə nail olub. Əks təqdirdə, yəqin ki, qurbanlar daha çox ola bilərdi. Çünki təcavüzkar hücuma aşkar şəkildə yaxşı hazırlaşmışdı, qabarıq gödəkçəsinin altında isə gülləkeçirməz jilet görünürdü. Amma nədənsə o, demək olar ki, bütün terrorçular kimi üzünü gizlətmədi... Sonradan isə məlum oldu ki, qatilin adı Yasin Hüseynzadədir və o, İran vətəndaşıdır”, - məqalədə yazılıb.

"Washington Post" polisin "yatması", Brodski isə İranın uşaq yalanından yazdı
Müəllif xüsusi olaraq qeyd edir ki, bu faciədə xeyli anlaşılmaz məqamlar var.

Bu faciədə çoxlu müəmmalar var. Məsələn, terrorçunun“Kia Pride” markalı avtomobillə iki azyaşlı uşaqla gəldiyi deyilir. Onun maşını səfirliyin qarşısında dayanmış avtomobilə çırpılması terrorçunun ilk anlardan aqressiv niyyətindən xəbər verirdi. Eyni zamanda, videoda aydın şəkildə görünür ki, səfirliyin girişində xüsusi şüşə kabinədə oturan iranlı polis əlində avtomat tutan şəxsin qarşısını almağa belə cəhd etmədi... Saxlanılan şəxs dindirilmə zamanı “şəxsi və ailə problemlərinə görə” Azərbaycan diplomatik missiyasına hücum etdiyini bildirib.


Bu versiyanı Tehran polisinin rəhbəri Hüseyn Rəhimi də yaymışdı. Onun sözlərinə görə, hücum edən şəxs səfirliyin ərazisində saxlanıldığı iddia olunan “arvadını azad etmək” üçün silaha əl atıb. “Caliber” nəşri isə yazıb ki, İran propaqandası dərhal “ailə-şəxsi zəmin” versiyasına əsaslanıb, terror aktını məişət cinayəti kateqoriyasına çevirməyə çalışıb.

Azərbaycandakı mənbələr artıq Hüseynzadənin İranın xüsusi xidmət orqanları ilə, ilk növbədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı olmasından şübhələniblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə "TRT Haber" telekanalına bildirib ki, hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. Diplomat qeyd edib ki, son aylarda İran mətbuatında Azərbaycan əleyhinə genişmiqyaslı təbliğatlar aparılıb ki, bu da hücuma təkan verdi. Azərbaycan həmişə İranla mehriban qonşuluğun tərəfdarı olub, lakin bu cür təxribatlar mənfi təsir edir. Hacızadə də hücumun şəxsi səbəblərdən olması versiyasına şübhə edib. O qeyd edib ki, Azərbaycan diplomatik missiyası İrandan çıxarılacaq. Çünki terrorçunun səfirliyin ərazisində kütləvi qətllər hazırlaması ilə bağlı versiya var”, - “News.ru” geniş araşdırmasında yazıb.

Oleq Kusov Rusiya oxucuları üçün onu da xatırladıb ki, Azərbaycan səfirlikləri son zamanlar daha çox hədəfə çevrilirlər.

"Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə sosial şəbəkələrdə yazıb ki, bu, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə olan beşinci hücumdur. O vurğulayıb ki, bütün ölkələr 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəlikləri yerinə yetirməlidirlər.

Bundan əvvəl isə Azərbaycan səfirliyinə olan qalmaqallı hücum keçən ilin oktyabr ayının ortalarında Vaşinqtonda olmuşdu. Həmçinin sentyabrda Böyük Britaniyada , daha əvvəl isə Fransada hücumlar baş vermişdi. Xoşbəxtlikdən həmin hadisələr zamanı heç kim xəsarət almayıb”.

Eks-diplomatlar risqlərdən, Tehranın İrəvan sevdasından danışıb
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı da xatırlanıb və onun səfirliyə qarşı törədilən terror aktını pislədiyi, mərhumun ailəsinə və yaxınlarına isə başsağlığı verdiyi vurğulanır: "Prezident deyib ki, "Biz bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə terror hücumları yolverilməzdir”. Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında paylaşım edərək bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinə növbəti hücum hadisəsindən şoka düşüb və qarşı tərəfə başsağlığını çatdırır.

Türkiyə Xarici İşlər Nazirliyi də mətbuata açıqlamasında silahlı hücumu pisləyib. ABŞ və Avropa İttifaqının, Fransanın Azərbaycandakı diplomatik nümayəndəlikləri və digər beynəlxalq təşkilatlar Tehrandakı hücumdan hiddətləndiklərini bəyan edərək mərhumun yaxınlarına başsağlığı veriblər.

Keçmiş səfir Vasili Korçmar faciəni şərh edərək deyib ki, Azərbaycan səfirliyinə hücumla bağlı versiyalar arasında “Qarabağ məsələsi” də var. Çünki Tehran Ermənistan-Azərbaycan qarşıdurmasında İrəvanı dəstəkləyir.

- Rusiyanın Gümrüdəki baş konsulu vəzifəsində işləmişəm. Ermənistanla İranın münasibətləri haqqında eşitdiklərim əsasında deyil, şəxsən özüm bilirəm. Yadımdadır ki, iranlılar Ermənistanda dincəlməyi necə sevirdilər. Turistlər çox idi, qızlar hicab taxmaq məcburiyyətində deyildilər və burada cins şalvar geyinmək olardı. Əgər siyasətdən danışırıqsa, deməli, burada Ermənistanla yaranmış mübahisələrdə Azərbaycanın əleyhinə olan qüvvələr var. İndiki terror aktı bəlkə də bu böyük problemi xatırlatmaq cəhdidir , - keçmiş diplomat nəşrə açıqlamasında deyib.

Keçmiş səfirin sözlərinə görə, Azərbaycan İranla diplomatik əlaqələri kəsməyəcək: "Çox güman ki, Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə təqdim edəcəyi etiraz notasında yeni həddi aşma hallarında görüləcək tədbirlərin daha qəti olacağı qeyd oluna bilər . Axı İran Azərbaycanın çox mühüm qonşusu sayılır. Bakı onun ünvanına olan kəskin addımlara imkan verməyəcək. İranda təxminən 87 milyon, Azərbaycanda isə 10 milyondan bir qədər çox insan yaşayır".



BMT baş katibinin keçmiş müavini Sergey Orconikidze də "News.ru"ya açıqlamasında diqqət çəkən fikirlər səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, diplomatik missiyalara hücumlar, nadir hallarda baş vermir.

- Hətta mən işləyən zamanlarda Nyu-Yorkda, bizim BMT-dəki Sovet nümayəndəliyinə hücum etmişdilər. Onlar silahlardan atəş açdılar, ancaq möcüzə nəticəsində ölən və yaralanan olmadı. 2000-ci illərin əvvəllərində Cenevrədə də mənə atəş açdılar. BMT-nin ofisi Cenevrədə yerləşir. Sonradan məlum oldu ki, sui-qəsd cəhdini o vaxt İsveçrədə çoxlu sayda olan "İçkeriya ardıcılları" ediblər. BMT-dəki iqamətgahımın qarşısında “ Ruslar, gedin, onsuz da sizi öldürəcəyik” plakatı asmışdılar. Hətta onların BMT-nin ərazisində yerləşən iqamətgahımıza necə gəldiklərini də öyrənə bilmədik. Görünür mühafizəçilərə görə olub. Bundan sonra məni gecə-gündüz qoruyacaq mühafizə xidməti verdilər.

Orconikidzenin sözlərinə görə, onların dövrümüzdə ən dəhşətli hücum 1979-cu ilin noyabrında Tehranda ABŞ səfirliyinə qarşı baş tutub . Hansı ki, orada işləyən 66 diplomat girov götürülmüşdü, onlardan 52-si 444 gün sonra, 1981-ci ilin yanvarında azad edildi. Diplomat 1829-cu ilin fevralında Rusiya səfiri Aleksandr Qriboyedovun Tehranda öldürülməsini də xatırladıb. O zaman Rusiya imperiyası İranla diplomatik əlaqələri kəsməsə də, həmin hücum şah üçün böyük itkilərə çevrildi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Terror   Səfirlik   Diplomat   Tehran   Bakı   İrəvan  





Xəbər lenti