Ermənistanda Nizami Gəncəvinin adını daşıyan kənddən REPORTAJ

//Torpaqların 80%-i becərilmir, əhali xaricə qaçıb

   Ermənistanda Nizami Gəncəvinin adını daşıyan kənddən    REPORTAJ
  02 Fevral 2023    Oxunub:1432
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda kənd təsərrüfatı, su ehtiyatları ilə bağlı ciddi problemlər yaşanır. 30 il ərzinə Azərbaycanın torpaqlarını işğalda saxlayan İrəvan təkcə yeraltı sərvətlərimizi talan etmirdi, əkinə yararlı sahələri, otlaqları istismar edirdi.
Artıq erməni mediasında kənd təsərüfatı böhranı yaşanmasına dair tez-tez silsilə yazılar dərc edilir. Məsələn "Sputnik Ermənistan"ın əməkdaşı Aşot Gevorkyan sərhəd bölgələrindən hazırladığı reportajlarından birində Azərbaycanın dahi şairi Nizaminin adını daşıyan erməni kəndində olub. Nəşr ənənəvi erməni xislətindən geri qalmayaraq Ararat bölgəsində olan Nizami kəndinin adının "fars şairi"nin şərəfinə qoyulduğunu yazıb.

Reportajda qeyd edilir ki, sərhəddə yerləşən Nizami kəndində ən böyük problem su çatışmazlığıdır.

"Ermənistanın kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsini təmin edən Ararat vadisində suvarma üçün su yoxdur. Artıq 34 ildir ki, Laura Köçəryan burada tibb bacısı işləyir və o, SSRİ dağılandan sonra işıq, qaz, iş olmaması səbəbindən kənd sakinlərinin böyük qisminin xaricə getdiyini dedi. Onun sözlərinə görə, vaxtilə çiçəklənən kənd get-gedə ən yaxşı kadrları, vacib insanları itirməyə başlayıb. Köçəryan deyir ki, "Rayonda çoxlu balıq təsərrüfatları var. Su yoxdur, amma biz balıq ixrac edirik. Bəli, bu, biznesdir, insanlar pul qazanıb ailələrini dolandırırlar, amma tədbirlər görüb problemləri həll etməliyik", - nəşr yazıb.

Müəllif problemlərdən yazarkən qeyd edib ki, kəndin torpaqları əvvəllər artezian suyu ilə suvarılıb. Hər küçədə artezian quyuları olub. İndi isə kənddə qalanlar məcburən öz vəsaitləri hesabına, bəzən isə kənd rəhbərliyinin dəstəyi ilə nasoslar quraşdırıb quyulardan su çəkdirirlər. Amma bu yeraltı sular da artıq tükənir.

"Vaxt gələcək ki, burada ümumiyyətlə su qalmayacaq. Quyular qazır, onlara elektrik nasosları quraşdırırıq ki, bu da məhsulların maya dəyərini artırır. İndi kənd torpaqlarının 80%-i su qıtlığı səbəbindən becərilmir. Belə vəziyyət əhalinin xaricə axınına da səbəb olur”, - kənd sakini deyib.

O, uşaqlıqdan vətənpərvərlik, vətənə məhəbbət kimi anlayışların aşılandığı sovet illərini də nostalji ilə xatırlayıb, millətçilikdən dəm vurub.

"Bir vaxtlar məktəblilər Nelson Stepanyan, Unan Avetisyan kimi olmaq istəyirdilər. Amma indi uşaqlar öz ölkələrinin "qəhrəman"ları haqqında heç nə bilmirlər. Vətənpərvərlik uşaq bağçasından aşılanmalıdır", - Laura gileylənib.
Kənd sakini siyasətdən də danışaraq Vətən və dövlətin artıq vahid ailə olmadığına işarə vurub. Hamı bölünür, bir-biri ilə mübahisə edir. Adi vətəndaşlardan tutmuş siyasətçilərə qədər hər kəs ölkənin taleyini deyil, ambisiyalarını ön plana çıxarır.

Kənd rəhbəri Vahe Dunoyan da öz növbəsində ona əmanət olunan kənd və onun problemlərindən danışıb. Onun sözlərinə görə, Nizami sakinlərinin bir hissəsi paytaxtda işləyir (Kənd İrəvandan 18 km məsafədədir-red.), digər hissəsi ölkədən çıxıb, qalanlar isə əsasən maldarlıqla məşğul olur.

"Bizim 130 hektara yaxın əkin sahəmiz var, lakin kəskin su qıtlığı ilə üz-üzə qalmışıq. Təkcə suvarma quyuları deyil, içməli su da əsas problemlər arasındadır. Biz içməli suyu yerüstü, müvəqqəti quyulardan götürürük ki, bu da, fikrimcə, gələcəkdə ekoloji problemlərə səbəb olacaq. Ümid edirik ki, yaxın iki ildə su problemləri öz həllini tapacaq və su çatışmazlığı səbəbindən əkinsiz qalan torpaqlarda insanlar işləyə biləcəklər", - kənd rəhbəri qeyd edib.

O həmçinin vurğulayıb ki, uşaqlar yaxınlıqdakı kənddə yerləşən uşaq bağçasına aparılırlar. Valideynlər qeydiyyatdan keçən zaman isə uzun növbələr yaranır, nəticədə uşağın məktəbə getmə yaşı çatır.

Dunoyan da Laura kimi siyasi ikitirəlikdən gileylənib. Kənd rəhbəri ölkənin inkişafını ilk növbədə güclü iqtisadiyyatda görüb, indiki çətin zamanda “düşərgələrə” parçalanmağa ehtiyac olmadığını söyləyib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Kənd   Su-Problemi   Reportaj   Nizami  





Xəbər lenti