Separatçılar arasında yeni xaos - Xankəndidə 3 cəbhə formalaşıb
Məsələn, "Joğovurd" yazır ki, Xankəndidə indi təhlükəsizlik problemləri ilə yanaşı, daxili siyasi həyat da gərginləşib. Qəzet Xankəndidəki mənbələrinə istinad edərək, bu günlərdə separatçıların arasında üç cəbhə formalaşdığı barədə məlumat yayıb. Bunlar Arayik Arutyunyan, Samvel Babayan və Ruben Vardanyanın yaratdığı cəbhələrdir.
“Bizdə olan məlumata görə, Vardanyanla Babayan demək olar ki, hər gün müxtəlif siyasi qüvvələr və yerli ermənilərlə görüşürlər. Yəni Qarabağ erməniləri arasında öz mövqelərini gücləndirməyə və özlərinə möhkəm baza yaratmağa çalışırlar", - müəllif yazıb.
Jurnalist daha sonra hazırda bölgədə yaranmış ekstremal təhlükəsizlik vəziyyətində separatçıların siyasi gərginlik içində olmasının səbəbinin heç yerli ermənilərə də aydın olmadığını vurğulayıb.
"Əldə etdiyimiz məlumata görə, bu məsələdə xüsusən də Samvel Babayan fəal görünür. Bir müddət əvvəl yazmışdıq ki, o, "seçki"yə hazırlaşır, qərargah təşkil edir, müxtəlif formatlarda vətəndaşlarla, siyasi dairələrlə görüşür. Bizə onu da bildirdilər ki, Babayan hətta vətəndaşları küçələrə çıxmağa çağırır. Onun Xankəndidə hansısa mühüm mövqe tutmaq arzusu var. Amma Samvel Babayanın Qarabağdakı ambisiyaları ciddi qəbul edilmir. Heç kim Arayik Arutyunyanın onu yenidən hansısa vəzifəyə təyin edəcəyini ehtimal etmir”, - nəşr xaotik durumu şərh edərkən yazıb.
Qeyd edək ki, Samvel Babayan 1994-2000-ci illərdə qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olub. Bir neçə aydır ki, erməni mediası Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.
Ruben Vardanyan isə ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.
Tural Tağıyev
AzVision.az
Teqlər: Separatçılar Qarabağ Böhran